Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:19

'Oliqarx məmurlar girovsuz kredit resursundan daha asanlıqla bəhrələnirlər'


Göyçayda sahibkarlara güzəştli kreditlərin verilməsi (Foto arxiv)
Göyçayda sahibkarlara güzəştli kreditlərin verilməsi (Foto arxiv)

Azərbaycanda keçirilən Aqrar Biznes Festivalları çərçivəsində kredit yarmarkaları təşkil ediləcək. Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov fevralın 20-də Bakıda keçirilən Beynəlxalq Aqro Biznes Forumunda bildirib.

Rəsmi məlumata görə, 2023-cü ildə Sahibkarlığın İnkişafı Fondunun xətti ilə fermerlərə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün 77 milyon manat güzəştli kredit ayrılıb. Kənd Təsərrüfatı Nazirliyi isə 2023-cü ilin yanvar-sentyabr aylarında 5 min 473 kənd təsərrüfatı texnikası və avadanlığı üçün 43.9 milyon manat kredit ayrıldığını açıqlayıb. Bundan əlavə, min 401 sahibkara 16.8 milyon manat məbləğində güzəştli kreditlər verildiyi bildirilir.

Qubalı fermer: 'Dövlətin güzəştli kreditini niyə bizə vermirlər? Kimlər üçündür o kredit?'
Gözlə

No media source currently available

0:00 0:07:17 0:00

"O qədər sənədin lazım olduğunu dedilər ki, qorxdum"

Cəlilabad rayonunda fermerlərdən biri isə "Turan"a bildirib ki, dəfələrlə həm güzəştli, həm də biznes krediti üçün müraciətlər edib: "Kartof əkini ilə məşğulam. Torpaq sahəm o qədər də böyük olmasa da, təsərrüfatımı inkişaf etdirməyə öz gücüm çatmır. Kredit üçün banklara müraciət elədim, o qədər sənədin lazım olduğunu dedilər ki, qorxdum".

O, lazım olan sənədləri toplamaq üçün xeyli bürokratik əngəllərin olduğunu qeyd edib: "Sənədlərdən başqa da girovun olmasını istəyirlər, faizlər də yüksəkdir. Ona görə razı olmadım".

Bu məsələ əslində Azərbaycanda təzə deyil. 2019-cu ildə Azərbaycanda kredit yarmarkaları artıq təşkil olunmuşdu. Yarmarkalar Qazax, Xaçmaz, Şəmkir, Zaqatala, Masallı, Sabirabad rayonlarında keçirilmişdi. Rəsmi məlumata görə, orada müvəkkil kredit təşkilatı olan 16 bank və bank olmayan kredit təşkilatının yerli filiallarının nümayəndələri iştirak edib.

"Fermerlərin kreditlərə daha asan əlçatanlığı təmin ediləcək"

Aqrar Kredit və İnkişaf Agentliyindən "Turan"a bildirilib ki, Aqrar Biznes Festivalları vasitəsilə fermerlərə kifayət qədər böyük məbləğdə kreditlər təklif olunur: "Bununla da fermerlərin kreditlərə daha asan əlçatanlığı təmin ediləcək".

Agentlikdən kredit yarmarkalarının ən azı rübdə bir dəfə təşkil olunmasının nəzərdə tutulduğu vurğulanıb.

V.Məhərrəmov
V.Məhərrəmov

"Görüntü üçündür..."

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov isə AzadlıqRadiosuna bildirib ki, hökumət bu vaxta qədər fermerlərə kreditlərin verilməsi istiqamətində ciddi addımlar atmayıb: "Bu kredit yarmarkalarının keçirilməsi də görüntü üçündür ki, baxın, biz fermerləri düşünürük, onlarla əməkdaşlıq yaratmağa çalışırıq və kredit resursu təklif edirik".

Ekspert hesab edir ki, əslində bunun üçün yarmarkalara ehtiyac yoxdur: "Əgər bu sahədə güzəştlərin verilməsi ilə bağlı ciddi sənəd olarsa, bu istiqamətdə uzunmüddətli siyasət müəyyən edilərsə, heç bir yarmarkaya ehtiyac qalmaz. Qonşu ölkələrdə kəndlilər üçün ucuz kredit resursu təklif edirlər"

Onun fikrincə, burada hökumətin zəmanət verməsi önəmlidir: "Hökumət zəmanət verməlidir ki, fermer müəyyən səbəblərdən krediti ödəyə bilməsə, onun müəyyən hissəsini özü ödəyəcək. Fermerlərə ucuz kreditlərin verilməsinin dünya təcrübəsində çoxlu üsulları var".

"Vəzifəli şəxsin bir zəngi ilə..."

V.Məhərrəmli hökumətin yarmarkalarda fermerlərə girov qoymadan ciddi kredit resursunu təklif edəcəyinə inanmadığını deyir: "Mən araşdırma apardım və bəlli oldu ki, vəzifəli şəxsin bir zəngi ilə heç bir girov tələb edilmədən onun yaxın qohumuna kredit resursu verilib. Ayrılan vəsait də o qədər çox deyil ki, onu hamıya təklif etsinlər. Az həcmdə olduğu üçün məsələni girovdan da üstün olan bir zəng ilə həll edirlər. Ümumiyyətlə, son vaxtlar daha çox o sahəyə maraq göstərən oliqarx məmurlardır. Oliqarx məmurlar girov qoymadan həmin kredit resursundan adi kəndlilərdən daha asanlıqla bəhrələnirlər".

XS
SM
MD
LG