Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:20

Gəlin, pulsuz əyləncə var: Formula-1


►"Camaat ac-yalavac, bunların da dərdinə bax"

İyunda Bakıda keçiriləcək Formula-1 yarışlarına görə şəhərin mərkəzi küçəsi - Neftçilər prospektinin bir hissəsi təmirə bağlanıb. Dekabrın 21-də – Azərbaycanda manat 50 faiz ucuzlaşan gün burda köhnə asfalt örtüyü qazılmağa başlayıb. Keçən aysa Xaqani küçəsindən Rəşid Behbudov küçəsinə qədər asfalt yol qazılmışdı.

Avropa Gran Prisinin Azərbaycandakı təşkilatçısı – Bakı Şəhər Halqasından AzadlıqRadiosuna bildiriblər ki, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri Formula-1 yarışı standartına cavab verəcək. Yenilənmiş yolların daimi olacağı da bildirilir.

Buna da bax: Qiyməti qalxacaq mallar- [Siyahı]

12 MİLYON MANAT XƏRCLƏNƏCƏK

Yolların Formula -1 yarışmasına hazırlanmasına 12 milyon manatın xərclənməsi nəzərdə tutulub.

Dekabrın 22-də Gənclər və idman naziri Azad Rəhimov deyib ki, manatın növbəti devalvasiyası bu ilki Formula 1 yarışının və 2017-ci il İslam Həmrəyliyi Oyunlarının büdcəsinə heç bir təsir göstərməyəcək. Nazir bildirib ki, hər iki yarışmanın büdcəsi artıq təsdiq olunub. Yarışların büdcəsi əvvəldən dollarla hesablanıb, büdcədə hər hansı dəyişiklik gözlənilmir.

Azad Rəhimov
Azad Rəhimov

Nazirin sözlərinə görə, Avropa Oyunlarından fərqli olaraq, idmançılar yarışlarda öz ölkələrinin vəsaiti hesabına iştirak edəcəklər. Azad Rəhimov küçələrin təmiri haqqında deyib ki, bu, sakinlər üçün problem yaratmır:

“Hazırda bəzi küçələr bağlıdır, asfalt örtüyü dəyişdirilir. Çalışırıq ki, şəhər sakinlərinə bir problem yaratmayaq. Tutulan cədvələ görə, küçələr elə bağlanacaq ki, insanlara heç bir narahatçılıq verməsin. Heç bir problem görmürük. İşlər də qrafikə uyğun aparılır”.

Buna da bax: Bakıda dükanların qapısı qıfıllandı- [Fotolar]

“YOLLARDA FIRLANA-FIRLANA QALMIŞIQ”

Ancaq təmirə görə yolu dəyişən Bakı sakinləri başqa şey deyir:

- Hə də, indi də Formula 1 çıxdı. Biz də fırlana -fırlana qalmışıq.

- Camaat ac-yalavac, bunların da dərdinə bax, Formula 1. Doğrudan günümüz ağlamalıdır.

- Maşının da yolu dəyişib, adamların da. Deyirlər maşın yarışı keçiriləcək, ona görədir.

- Gedib bir palçıqlı yollarımızı da düzəltsələr, yaxşı olar. Burlar onsuz da yaxşı idi.

İdman şərhçisi Sərxan Musayev deyir ki, Formula -1 yarışları kifayət qədər bahalı yarışlardır. Düzdür, beynəlxalq tədbirlərin keçirilməsi yaxşıdır. Ancaq hər dəfə olduğu kimi, yəqin ki, bu yay da şəhərdə əməlli-başlı tıxac olacaq:

“Bizdə nəqliyyat sistemi qarışıqdır. Yaxşı tənzimlənməyib, yaxşı qurulmayıb. Avropa Oyunları zamanı da insanların necə əziyyətə qatlaşdıqlarını gördük. Yollar iki-üç həftə bağlanacaq. Onda şəhər nəqliyyatı iflic olacaq. Ümid bircə iyunda insanların məzuniyyətə getməsinədir. Böyük tıxaclar olacaq. Deyirlər, aradan qaldırılacaq. Bunu necə edəcəklr, sual altındadır”.

Buna da bax: Günel Mövludun qardaşına cəza kəsildi

FORMULA 1-Ə GÖRƏ BULVARDA PULSUZ ƏYLƏNCƏ VAR

Dekabrın 19-dan Formula 1 yarışlarının biletləri satışa çıxarılıb. Biletlərin qiyməti 19-200 manatdır.

Bakı bulvarında isə yarışla bağlı “Son 6 ay” adlı tanıtım çadırı qurulub. Xüsusi quraşdırılmış simulyator oyunları pulsuzdur. Quraşdırılan monitorda “Formula-1” yarışları haqqında videoçarxlar göstərilir. Çadırda “Formula-1” komandalarının aksessuarları da nümayiş olunur.

Tələbə Səməndər Kərimov deyir ki, qiymətlərin bahalaşdığı indiki vaxtda istənilən pulsuz əyləncə onun üçün göydəndüşmədir:

“Başqa vaxt bu yarış maşınlarında əylənmək 3-4 manata başa gəlir. Formula 1-ə görə pulsuzdur”.

Yarışın təşkilat komitəsindən AzadlıqRadiosuna bildiriblər ki, Bakı Gran Prisi - gələnilki mövsümdə 4 şəhər trasından biri olacaq. Yarış maşınları ümumi uzunluğu 6 km olan trası 51 dəfə keçəcək. 20 döngəsi olan tras Bakının mərkəzi hissələrindən, o cümlədən, Dənizkənarı Milli Parkdan, İçərişəhər ətrafından keçəcək. Dənizkənarı bulvar boyunca 2 kilometrlik məsafədə sürət saatda 340 kilometr olacaq ki, bu da Avropa Qran-prisini digərlərindən fərqləndirir və yarışa marağı daha da artırır.

Formula 1 iyunun 17-dən 19-a qədər keçiriləcək.

XS
SM
MD
LG