Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:41

Fransa ermənilərin Qarabağa qaytarılması üçün qətnamə təşəbbüsü ilə çıxış edir


Katrin Kolonna
Katrin Kolonna

Fransa erməni əhalinin Qarabağa qayıtması üçün şərait yaratmaq məqsədilə qətnamə qəbul olunması üçün BMT Təhlükəsizlik Şurasında yeni müzakirə təşəbbüsü ilə çıxış edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu barədə Fransanın xarici işlər naziri Katrin Kolonna ölkə Senatında məlumat verib.

Nazirin sözlərinə görə belə bir şərait Qarabağ ermənilərinin tarixi və mədəni haqları da daxil hüquqlarının müdafiəsinə güclü qarantiyalar ehtiva etməlidir.

Kolonna vurğulayıb ki, vəziyyəti necə təsvir etməyə çalışsalar da, “Azərbaycan 100 mindən çox Dağlıq Qarabağ ermənisinin deportasiyasını planlaşdırıb və təşkil edib”.

O deyib ki, “bu, cavabsız qala bilməyəcək fövqəladə ağır cinayətdir”.

Katrin Kolonna Senatda etdiyi çıxışında deyib:

“Biz əminik ki, Ermənistan və Azərbaycan arasında problemlər yalnız danışıqlar prosesi, ədalətli və möhkəm sülh yolu ilə həll olunmalıdır. Məhz buna görə də Fransa Avropa İttifaqının səylərini dəstəkləyir, Ermənistanın beynəlxalq hüquq, suverenlik və ərazi bütövlüyü məsələsində heç bir güzəştə gedilməməsini tələb edir”.

Kolonna vurğulayıb ki, Fransa Ermənistanı dəstəkləməkdə davam etməli, Azərbaycanın gücdən istifadəsinə yol verilməməlidir.

O bildirib ki, Cənubi Qafqazda bütün sakinlərin nəfinə qarantiyalı sülhün alternativi yoxdur.

Bakının mövqeyi

Azərbaycan Xarici İşlər Nazirliyi bundan əvvəl bildirmişdi ki, Paris “ermənilərin Qarabağdan könüllü çıxışının Azərbaycan tərəfindən təşkil edildiyini iddia etməklə beynəlxalq təşkilatların və hətta Ermənistan baş nazirinin sentyabrın 21-də verdiyi bəyanatlara rəğmən öz məkrli siyasətini davam etdirmək marağında olduğunu göstərir”.

Azərbaycan XİN-in bəyanatında vurğulanırdı ki, Azərbaycanla hədə və təzyiq dilində danışılması heç bir nəticə verməyəcək və belə destruktiv hərəkətlər dərhal dayandırılmalıdır.

Rəsmi Bakı Parisi “erməniyönlü və qərəzli” mövqe tutmaqda ittiham edir.

Oktyabrın 3-də Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun fəaliyyətinin dayandırıldığı xəbər verilib.

Bundan bir neçə gün öncə Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq Qrupu fəaliyyətini dayandırdığını açıqlamışdı.

Paşinyan deyib ki...

Ermənistan hökuməti əlindən gələni etməlidir ki, Qarabağa qayıtmaq imkanı olmayan məcburi köçkünlər Ermənistanda yerləşdirilsinlər.

Bunu oktyabrın 12-də Ermənistanın baş naziri Nikol Paşinyan hökumət müşavirəsində deyib:

“Qardaş və bacılarımızın öz evlərinə qayıda bilməyəcəkləri təqdirdə bizim hökumətimizin siyasəti bu olmalıdır ki, Dağlıq Qarabağdan olan bütün məcburi köçkünlərin Ermənistan Respublikasında qalması üçün bütün təbirləri görək”.

Paşinyan deyib ki, hökumət bu adamların Ermənistanda qalıb yaşamasını və işləməsini istəyir.

Baş nazir bildirib ki, artıq 2500-dək köçkün Ermənistanı tərk edib:

Mən ümid edirəm ki, onlar xaricdə yaşayan qohumlarına baş çəkəcək, orada bir qədər vaxt keçirəcək və yaşadıqları şok əhvalından çıxanda qayıdacaqlar. Bizim demoqrafiya, yaşayış yeri ilə təminetmə, sərhəd bölgələrində evtikmə və başqa inkişaf proqramlarımız var”.

Xatırlatma

Sentyabrın 19-da rəsmi Bakı "lokal antiterror tədbirləri"nə başladığını elan edərək erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib.

Bir gün sonra hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlanıb. Razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Bunun ardınca ermənilərin Qarabağdan kütləvi axını başlayıb.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə (Xocavənd rayonu daxil) və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG