Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:33

«Yazıq» fransız proletariatı


Paris - Nümayişçilər Birinci İş Kontraktına etiraz edirlər, 28 Mart, 2006
Paris - Nümayişçilər Birinci İş Kontraktına etiraz edirlər, 28 Mart, 2006
Fransada Birinci İş Kontraktı adlanan qanuna etirazlarda həmkarlar ittifaqlarının məlumatına görə, indiyədək 3 milyon 100 min adam iştirak edib. Qanuna görə, şirkət istəsə, 26 yaşına kimi gənclə cəmi ikiillik müqavilə imzalaya və istədiyi vaxt onu işdən çıxarda bilər. Heç bir izah vermədən. Bazar günü prezident Şirak qanunu imzaladı və dərhal da göstəriş verdi ki, düzəlişlər olunmayınca, qanun işləməsin. Bütün bunlar, Fransadadır. Bəs Azərbaycanda gənclərin işə götürülməsi necədir?

Azərbaycanda əmək münasibətləri – işçiylə işəgötürən arasında münasibətlər Əmək Məcəlləsiylə tənzimlənir. Məcəlləni oxuyandan və mütəxəssislərlə danışandan sonra aydın olur ki, Azərbaycanın əmək qanunvericiliyi hətta Qərb ölkələrininkindən daha yaxşıdır.


Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov: "Bizdə işçilərin hüquqları daha mükəmməl qorunur, nəinki Qərbdə. Hətta investorlar deyirlər ki, məcəllə işəgötürəni qorumadığından, investisiya qoyub iş yeri açmaq sərf etmir".


Fransada yeni qanun 26 yaşına qədər işçini 3 ildən tez izahatsız-filansız işdən azad etməyi məqbul sayır. Azərbaycanda isə heç bir halda səbəbini göstərmədən çalışanın işdən azad edilməsinə imkan verilmir. Üstəlik, işəgötürən işçinin vəzifələrini yerinə yetirmədiyini və ya qaydaları pozduğunu rəsmi sənədlərlə əsaslandırmalıdır. Sahib Məmmədov: "İşəgötürən sübut etməlidir ki, işçi əmək funksiyasını yerinə yetirməməklə ona maddi və mənəvi ziyan vurub. Məsələn, işə gecikənin hərəkətinin maddi ziyanını əsaslandıra bilməyən işəgötürən həmin adamı işdən çıxara bilməz".


Hətta Fransadan fərqli olaraq, Azərbaycanda 18 yaşdan aşağı uşaqlara, iki və daha çox 16 yaşına çatmayan uşağı olanlara, analara və ya tənha valideynlərə, məcburi köçkün və qaçqınlara, müharibə iştirakçıları və ailələrinə bəzi imtiyazlar tanınır. Üstəlik, məsələn, əgər iş yerində kiminsə nəyisə oğurlanırsa və ya korlanırsa, rəhbərliyin hansısa qərarı nəticəsində işçilərə maddi, mənəvi zərər dəyirsə, işəgötürən bunun əvəzini ödəməyə məcburdur.


Amma bütün bu hüquqlar ancaq o zaman qorunur ki, məsələn, Məmməd kişi "Həftəbecər" dükanında satıcı işlədiyini sübut edə bilsin. Yəni qanunda deyildiyi kimi, əmək müqaviləsi olsun.


Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə görə isə, çox az halda, o da iri müəssisələrdə işçilərlə əmək müqavilələri bağlanır. Amma yenə də Əmək Məcəlləsi Məmməd kişiyə haqq verir ki, məhkəmə yoluyla da olsa, özünün "Həftəbecər" mağazasında satıcı işlədiyini sübut etsin. Sonra isə işçi kimi Əmək Məcəlləsindəki bütün hüquqlardan yararlansın.


Qısası, lap fransızlara yazığım gəlməyə başlayırdı ki, Sahib Məmmədov bir əlavə də etdi. Dedi ki, bizdə əmək qanununda hər şey yaxşıdır. Amma məhkəmə sistemi və qanunların icrası mexanizmləri Fransadakı kimi deyil. Yəni işçilərin bayaqdan sadaladığım bütün hüquqları elə qanun kitablarının arasında da qalır.


XS
SM
MD
LG