Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:03

18 ildir dünyada azadlıqlar geriləyir


Hazırda dünya əhalisinin 20 faizinin azad ölkələrdə yaşadığı bildirilir.
Hazırda dünya əhalisinin 20 faizinin azad ölkələrdə yaşadığı bildirilir.

18 ildir dünyada qlobal azadlıqlar davamlı geriləyir. 2023-cü ildə dünya əhalisinin beşdə birinin yaşadığı 52 ölkədə siyasi hüquqlar və mülki azadlıqların durumu pisləşib. Bunu "Freedom House" insan haqları təşkilatı fevralın 29-da açıqladığı hesabatda bildirir. Hesabata görə, geriləmələr o qədər geniş yayılıb və ağır olub ki, 21 ölkədə qeydə alınan yaxşılaşmanı ötüb keçib.

Hesabat "Dünyada azadlıq 2024: Qüsurlu seçkilərin və silahlı münaqişələrin artan zərəri" adlanır. Dünyada azadlıqların geriləməsinin əsas səbəbləri kimi seçkilərin manipulyasiyası, müharibələr, plüralizmə hücumlar göstərilir. Hazırda dünya əhalisinin 38 faizə yaxınının azad olmayan, 42 faizinin qismən azad, cəmi 20 faizinin azad ölkələrdə yaşadığı bildirilir.

Qarabağ yenə ayrıca qeyd olunur

Azərbaycan yenə də "qeyri-azad ölkələr" sırasında yer alıb. "Freedom House"un öncəki hesabatlarında Qarabağ regionunu ayrıca ərazi kimi dəyərləndirməsi Azərbaycanın ərazi bütövlüyü kontekstində tənqidlərə səbəb olub. Bu dəfə isə təşkilat Dağlıq Qarabağın "qismən azad" statusunu "qeyri-azad" edib. Səbəb kimi Azərbaycanın ərazini "blokadaya alması, yerli siyasi, hüquqi və mülki qurumların hərbi hücum nəticəsində buraxılması, mülki əhalinin demək olar tamamilə getməsi" göstərilib.

Bakı "Dağlıq Qarabağ" adlı inzibati vahidin artıq mövcud olmadığını bildirir. Ötən ilin sentyabrında rəsmi olaraq "antiterror tədbirləri" adlandırılan birgünlük əməliyyat nəticəsində Qarabağa nəzarət bərpa olunub. Regiondakı separatçı rejim özünü buraxıb, liderləri saxlanılaraq Bakıya gətirilib. 2020-ci ildə 44 günlük müharibədən sonra Ermənistanla sülh sazişi imzalanmayıb, hazırda danışıqlar gedir. Azərbaycan Qarabağ ermənilərinin etnik təmizləməyə məruz qalması barədə iddiaları rədd edir, erməni əhaliyə reinteqrasiya planı təklif olunduğunu vurğulayır.

'Azərbaycanda həbslər davam edəcək': AbzasMedia İşində son vəziyyət
Gözlə

No media source currently available

0:00 0:05:34 0:00

"Təzyiqlər güclənib"

"Freedom House" son illər Azərbaycanda dini diskriminasiyanın, müstəqil media və vətəndaş cəmiyyəti üzərinə təzyiqlərin gücləndiyini qeyd edir. Hesabatda deyilir ki, Qarabağa nəzarətin bərpası prezident İlham Əliyevin ölkədə populyarlığını gücləndirib və Ermənistana tammiqyaslı hücumla bağlı qorxuları artırıb.

Ancaq Azərbaycan hakimiyyəti indiyədək oxşar iddiaları rədd edib, Ermənistana hücum planları olmadığını bildirib.

Hakimiyyət ölkədə insan haqları pozuntularına dair tənqidləri də qəbul etmir, bu tənqidləri dilə gətirən beynəlxalq insan haqları təşkilatını "qərəzli", "ermənipərəst" adlandırır.

Amma son aylar Azərbaycanda jurnalistlər və fəallar daxil olmaqla, azı 10 nəfər həbs olunub. Hökumətdə korrupsiyanı araşdıran AbzasMedia əməkdaşları qaçaqmalçılıqda ittiham edilirlər. Jurnalistlər həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

"Freedom House" hesabatında onu da vurğulayır ki, silahlı münaqişələr və avtoritar təcavüzlə bağlı təhdidlər dünyanı daha az təhlükəsiz və daha az demokratik edib. Kremlin Ukraynaya qarşı tammiqyaslı işğalı artıq ikinci ildir davam edir və işğal altında olan ərazilərdə insan haqlarını tənəzzülə uğradır, eləcə də Rusiyanın özündə repressiyanı gücləndirib.

Azərbaycanın qonşularından Ermənistanla Gürcüstan "qismən azad", Rusiya, Türkiyə və İran "qeyri-azad" sayılıblar.

XS
SM
MD
LG