Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:28

Fuad Muradov: 'Biz son 25 ildə elə islahatlarla məşğuluq'


Fuad Muradov
Fuad Muradov

«Azərbaycanın bu gün həyata keçirdiyi islahatlar göz önündədir. Bəli, ola bilsin, daha yaxşı etmək olar. İstənilən ölkədə müxtəlif sahələrdə çatışmazlıqlar var. Amma o səviyyədə deyil ki, bunu əsas götürüb Azərbaycanın üstünə gələsən», – deputat Fuad Muradov AzadlıqRadiosuna belə deyir.

Deputat «Əsrin müqaviləsi»nin uzadılmasından da danışıb:

«Bu məsələ onsuz da parlamentdən keçməlidir. Burda heç bir gizlilik yoxdur. Hər şey prosedur qaydalara uyğun gedir. Bu sənəd hasilat bölgüsü üzrə müqavilələr arasında dünyada bir nömrəli sayılır. Orda nəyisə gizlətmək mümkün deyil. Orda hər kəsin payı, ili qeyd olunub. Ona görə ekspertlər «orda nəsə qeyri-şəffaf məsələ var» deyəndə, təəccüblənirəm».

Fuad Muradov eyni zamanda «Azərbaycanın pulyuyan maşını» barədə yazılanlara da toxunub:

«Bilmirəm. Dəqiq tanış olmamışam. Hansısa xəstəliklə bağlı və ya nəyləsə bağlı köçürmələr olub... Baş nazirin müavini bəyəm insan deyil? Bəyəm xəstələnə bilməz ki? Hər hansı köçürmə edə bilməz ki? Təbii ki edə bilər».

– Fuad müəllim, «Turan»ın direktoru Mehman Əliyev azadlığa buraxıldı, amma onun başçılıq etdiyi informasiya agentliyi ətrafında qeyri-müəyyənlik davam edir. Agentliyə qoyulan vergi sanksiyası gah ləğv olunur, gah bərpa olunur, gah iş məhkəmədə araşdırılır. Sizcə, nazirlik bir qurumla bağlı niyə birdəfəlik və qəti qərar verə bilmir?

– Mən bu məsələni mətbuatdan izləmişəm. Baş Prokurorluğun yaydığı məlumatda gördüm ki, hadisəylə bağlı əlaqəsi olmayan məlumatlar mətbuata sızdırılıb. Mənim istinad etdiyim mənbə məhz Baş Prokurorluğun yaydığı son bəyanatdır. Orda da qeyd olunub ki, prosessual istiqamətdə heç bir yoxlama aparılmır. Mən başa düşdüyümə görə, sadəcə ümumi yoxlamalar gedir. Amma bank hesabı açıqdır və mən «Turan»ın fəaliyyəti üçün hüququ baxımdan bu gün heç bir maneə görmürəm.

– Sizcə, vergilərlə bağlı sanksiyaların gah ləğv edilib, gah da bərpa edilməsi normaldır?

– Axı, Baş Prokurorluq bildirdi ki, heç belə sanksiya yoxdur. Hesablar da açıqdır. Məncə, «Turan» İnformasiya Agentliyi özü də açıqlama verdi ki, hesablarla bağlı problem yoxdur. Problem yoxdursa, nəyi müzakirə edirik?

– Söhbət agentliyin vergi borcunun olması barədə sanksiyalarla bağlı ard-arda verilən qərarlardan gedir.

– Hamısı fərziyyələrdir. Mətbuat nümayəndələri məlumatları fərqli şəkildə ortaya qoyurlar. Amma yenə deyirəm, sanksiya qoyulsa, hesab bağlanmalıdır. Hesab açıqdırsa, deməli, bu məsələlər gündəmin mövzusu deyil. Rəsmi məlumata istinad etmək lazımdır. «Turan» özü də demişdi ki, fəaliyyəti ilə bağlı ciddi problem yoxdur. O ki qaldı vergilərin ödənməsinə, vergilər sistemində hər bir QHT-yə, KİV-ə olan yanaşma «Turan»a da göstərilir, orada xüsusi bir yanaşmadan söhbət gedə bilməz. Bu da normal, hüquqi dövlətin prinsiplərinə uyğundur.

– Beynəlxalq qurumlar Azərbaycanda söz azadlığının məhdudlaşdırıldığını, jurnalist və bloqqerlərin həbs olunduğunu bildirir və onların azadlığa çıxması, bu sahədə vəziyyətin normallaşdırılması yönündə hakimiyyətə çağırışlar edirlər. Son günlər Qərbdən gələn təzyiqlər barədə bir deputat kimi Siz nə düşünürsünüz?

– Mən bunu Qərbin təzyiqi adlandırmazdım. Müxtəlif dairələr var. Onlar Azərbaycanın inkişafı, müstəqil siyasət aparması ilə bağlı hər zaman bu cür təzyiqlərdən istifadə edirlər. Bunda ermənilər də maraqlıdır, bəzi Qərb dövlətlərində ermənilərlə birləşən qüvvələr də. Bu gün bizim üçün ən vacib məsələ bu olmalıdır ki, Qərbin Azərbaycanla bağlı yanaşması varsa, o ermənilərə də sanksiya tətbiq etsin, ermənilərin beynəlxalq təşkilatlarda fəaliyyətini dayandırsın. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da müəyyən istiqamətlərdə problemlər var, bunu heç kim inkar etmir. Amma ən böyük məsələmiz Dağlıq Qarabağdır, həmin beynəlxalq təşkilatların məcburi köçkün məsələsində açıq-aydın mövqeyini görmürük. Bu gün üzləşdiyimiz qüvvələr Azərbaycanı parçalamaq istəyirlər. Onları nə insan haqları maraqlandırır, nə də demokratiya. Və təbii ki, biz də bunlara qarşı vuruşacağıq. Dağlıq Qarabağ problemi hər zaman prioritet kimi gündəliyimizdə duracaq. Necə ki cənab prezidentin BMT-dəki çıxışında bunu gördünüz.

– BMT-də çıxış edən Serzh Sarkisian da Dağlıq Qarabağ münaqişəsindən danışıb və deyib ki, bu, «insan haqları problemidir». Erməni tənqidçiləri çox vaxt Azərbaycanda demokratiyanın, insan haqlarının məhdudlaşdırılmasını əsas gətirərək, Dağlıq Qarabağın Azərbaycana birləşməsinə qarşı çıxırlar. Necə bilirsiniz, bəlkə Bakı artıq siyasi, iqtisadi islahatları aparmalıdır ki, həm beynəlxalq qurumlardan, həm də Ermənistandan gələn tənqidlərə son verilsin?

– Birincisi, Ermənistan prezidentinin sözləri heç vaxt əsas mənbə kimi istifadə oluna bilinməz. Bu adam cinayətkardır, Xocalı soyqırımında iştirak edib, bunu özü də etiraf edib. Bu birmənalıdır. O ki qaldı Ermənistanın hansısa ölkəylə və xüsusən də Azərbaycanla bağlı proseslərə münasibət bildirməsinə, BMT-nin statistikası var, ildə neçə min nəfər Ermənistandan köçür. Köçmür ey, qaçır. Bugünlərdə Strasburqda idim, Avropa Komissiyasının hesabatı vardı, hansı ölkələrdən daha çox sığınacaq istənir və s. Səhv etmirəmsə, hesabat Almaniya ilə bağlı idi. Keçmiş sovet ölkələri arasında birinci yerdə Ermənistan gəlirdi. Hətta orda qeyd olunurdu ki, onları Avropa Birliyi qəbul etməyəndə belə müxtəlif yollarla burda qalmağa çalışırlar. Bu bizim statistika deyil, beynəlxalq qurumun yazdıqlarıdır. Problem elə birinci Ermənistanın özündədir. Azərbaycanda keçirilən islahatlara gəlincə, biz son 25 ildə elə islahatlarla məşğuluq da. Azərbaycanın bu gün gerçəkləşdirdiyi islahatlar göz önündədir. Bəli, ola bilsin, daha yaxşı etmək olar. İstənilən ölkədə müxtəlif sahələrdə çatışmazlıqlar var. Amma o səviyyədə deyil ki, bunu əsas götürüb Azərbaycanın üstünə gələsən. Ona görə də Ermənistan prezidentindən başqa mövqe gözləməməliyik.

– Siz Ermənistandan köçənlər haqda danışdınız. Həmin hesabatda Azərbaycan ölkədən köç edənlərin sayına görə neçənci yerdədir?

– O siyahıda ömürlük köçmək istəyənlərin, ləyaqətli köçmək istəyənlərin, sığınacaq istəyənlərin siyahısı verilmişdi. Sığınacaq istəyənlərlə bağlı Azərbaycanın adı siyahıda yox idi. Ermənilərin isə həmişəlik köçmək istədikləri xüsusi vurğulanmışdı. Hər halda, həmişəlik köçmək istəyənlərin arasında ən az Azərbaycanın adı idi. Mən ona xüsusi diqqət verdim. Avropa Komissiyasının statistik bazasında o məlumatlar var. Azərbaycanın rəsmi statistikasına görə, ölkədən böyük köç yoxdur. Rəsmi mənbələrə və Beynəlxalq Miqrasiya Təşkilatının sənədlərinə baxa bilərsiniz.

– Bugünlərdə «Azərbaycanın pulyuyan maşını» adlı araşdırma açıqlandı. Araşdırmada Azərbaycan rəsmilərinin də adı hallanır və təxminən 3 milyard dolların balıqqulağı şirkətlər vasitəsilə transfer edildiyi, sonradan bu pulların bir hissəsinin avropalı siyasətçilərə rüşvət şəklində verildiyi iddia olunur. Sizcə, bu məsələ parlamentdə müzakirə olunmalıdırmı?

– Mən oxudum onu. Ümumiyyətlə, pul köçürmə məsələsi hər yerdə var. MONEYVAL (Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi – A.R.) təşkilatı var, dünyada pulların dövriyyəsinə nəzarət edir. Beynəlxalq Valyuta Fondu da onunla işləyir. MONEYVAL-ın konvensiyası var və səhv etmirəmsə, biz onu 2008-ci ildə qəbul etmişik. Orda pul köçürmələrlə bağlı xüsusi mexanizm mövcuddur. Cüzi məbləğ də köçürüləndə MONEYVAL-ın konvensiyası işə düşür. Orda yazılanlar ümumi məlumatlardır və heç bir əsası yoxdur. Əsas varsa, araşdırmanı aparan təşkilatın (bu təşkilatın, araşdırmaçıların müstəqil olmasına şübhəm var) beynəlxalq maliyyə qurumlarına, maliyyənin şəffaflığına nəzarət edən qurumlara izahat almaq üçün müraciət etmək hüququ var. Bu yazı sensasiya xatirinə və Azərbaycanın mövqeyini zəiflətmək üçün yazılıb. Hər hansı faktla bağlı heç nə deyə bilmərəm. Mən özüm bu məsələnin içində olmamışam və bilmirəm... Bu, üç-dörd qəzetin, Azərbaycana qarşı birgə qüvvələrin səyi nəticəsində ortaya çıxıb. Fikirləşmirəm ki, buna diqqət ayırmaq lazımdır.

- Deyirsiniz ki, pulköçürmə hər yerdə var. Amma sual budur ki, niyə balıqqulağı şirkətlər vasitəsilə köçürülür?

– Mən də onu vurğulamaq istəyirəm ki, fakt varsa, MONEYVAL-ın konvensiyası var... Ola bilsin, hansısa şirkət nəsə sifariş edib və pulu necə köçürübsə bankın, pul köçürənin məsələsidir. Dövlətin buna aidiyyəti yoxdur.

– Baş nazirin birinci müavini Yaqub Eyyubov, övladları da pulköçürmədə iştirak ediblər.

– Bilmirəm. Dəqiq tanış olmamışam. Hansısa xəstəliklə bağlı və ya nəyləsə bağlı köçürmələr olub. Onu da deyirəm ki, kiminsə şübhəsi varsa... Onlar müraciət edib hansı məqsədlə göndərildiyini öyrənə bilər... Baş nazirin müavini bəyəm insan deyil? Bəyəm xəstələnə bilməz ki? Hər hansı köçürmə edə bilməz ki? Təbii ki, edə bilər.

– Səhhət məsələsinə görə təxminən bir milyon dollar köçürmə edildiyi deyilir.

– Onu siz deyirsiniz ki, bir milyon xərclənib. Onun heç bir sübutu yoxdur, onu təsdiqləyən sənədlər ortada yoxdur. Ona görə olmayan şeyin müzakirəsini aparmaq... Məqsəd də odur ki, Dağlıq Qarabağ, məcburi köçkünlərin məsələsindən danışmayaq, başımız bu müzakirələrə qarışsın. Halbuki bu bizim üçün prioritet məsələ deyil.

– Prioritet mövzulardan biri də «Əsrin müqaviləsi»nin müddətinin uzadılmasıdır. Siz də parlamentdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüsünüz. Ötən həftə müqavilənin müddəti uzadılanda yerli ekspertlər onun şərtlərinin öncədən açıqlanmamasına, ictimai müzakirəyə çıxarılmamasına iradlarını bildirdilər. Sizcə, şərtlər niyə açıqlanmadı?

– Bu məsələ onsuz da parlamentdən keçməlidir. Burda heç bir gizlilik yoxdur. Hər şey prosedur qaydalara uyğun gedir. Bu sənəd hasilat bölgüsü üzrə müqavilələr arasında dünyada bir nömrəli sayılır. Orda nəyisə gizlətmək mümkün deyil. Orda hər kəsin payı, ili qeyd olunub. Ona görə ekspertlər «orda nəsə qeyri-şəffaf məsələ var» deyəndə, təəccüblənirəm. Sənəd parlamentdən keçəcək və ictimaiyyətə açıq sənəddir.

– Parlament onu ratifikasiya etməyə bilər?

– Qanunvericiliyə görə, ratifikasiya olunmalıdır.

– Siz özünüz şərtlərlə tanışsınız?

– Tanışam.

– Sıravi bir azərbaycanlı sizdən bu sənədin əhəmiyyətini və oradakı şərtlərin onun üçün faydasını soruşsa, nə cavab verərdiniz?

– O telefon danışığının mövzusu deyil. Müqavilə ona görə müqavilə adlanır ki, orda bir neçə yüz səhifəlik məsələlər var. Təbii ki, mən izah edə bilərəm. İnanıram ki, məni başa düşə bilərlər. Bu, Azərbaycanın xeyrinə olan müqavilədir.

– Sıravi vətəndaş üçün, tutalım, Məmməd üçün faydası nədir?

– Bu gün həyata keçirdiyimiz infrastruktur layihələrimiz, gəlirlərimiz neft sayəsində mümkün olub. Regionlarda, Bakıda abadlıq işləri, tikinti gedir. Bunlar haradan olunub? Üstəlik, bizim proqramımız var ki, pulu insan kapitalına çevirək. Bu da sürətlə baş verir. Tələbələrimiz oxuyur, gedir, gəlir, dövlət onların təqaüdünü ödəyir və s.

– Amma tələbələrin xaricdə təhsil alması proqramı dayandırılıb.

– Proqram bu yaxın zamanlarda dayandırılıb. İndi onun üzərində fikirləşirik, müzakirələr gedir ki, hansı formada davam etdirək... Bu günə kimi gedib-gəliblər də, minlərlə tələbə oxuyub, o sayılmır yəni? Bəziləri hələ oxuyur, hələ qurtarmayıblar. Bizim Gənclər Fondu yaranıb, gənclər təşkilatlarının layihələrini maliyyələşdirir, «Bilik» Fondu da bu işləri görür, QHT-yə Dəstək Şurası var. Bunlar hamısı vəsaitdir, bunlar hamısı gələcəyin sərmayəsi deyil? Gənclərə olan sərmayə deyil?

XS
SM
MD
LG