Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:49

Gecə klubunda partlayışa görə 3 nəfər həbs edilib


Hadisə yerində
Hadisə yerində

Aprelin 3-də paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verib

Bakının Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda baş verən partlayışa görə 3 nəfər həbs edilib.

Bu barədə bugün, martın 4-də Baş Prokurorluq məlumat yayıb.

Məlumatda xatırladılır ki, aprelin 3-də gecə saat 03:00 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verib:

“Nəticədə 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılır.”

Rəsmi açıqlamaya görə, toplanan ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz, mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib:

“Həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub” .

"Səhlənkarlıq"

Bildirildiyinə görə iaşə obyektini icarəyə götürən “Merser food” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) inzibatçı işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Habelə, həmin MMC-nin təsisçisi və klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edildiyi bildirilir:

“Eyni zamanda qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin… inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub”.

Qeyd edildiyinə görə, hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib:

“Hazırda cinayət işi üzrə istintaq davam etdirilir”.

Rəsmi ittihamlara, hələlik, sözü gedən şəxslər və ya onların vəkilərindən münasibət almaq mümkün olmayıb.

Son məlumatlara görə, bu hadisə nəticəsində xəsarət alanlardan 15 nəfəri müalicəsini davam etdirir.

Onlardan 7 nəfərin reanimasiyada olduğu vurğulanır.

XS
SM
MD
LG