Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:30

Gəncə sakini: 'Cənab prezident, 2 ildir evə qazanc gətirə bilmirəm'


Gəncədə əmək yarmarkası
Gəncədə əmək yarmarkası

"Dünən müşavirənizə baxdım, orda qara xalqın dərdini dilə gətirən bircə nazir görmədim. Ancaq bir şeyi anlayın ki, əl-ələ tutmuşuq, sizli-bizli hamımız uçuruma yuvarlanırıq. Ya xalq sizi öz dalınca aparacaq, ya da siz xalqı... Ancaq hər iki halda getdiyimiz yer uçurumun dibidir".

Buna da bax:​ İsmayıllı sakini: '47 manat əlillik pensiyası alıram, çörəyə də çatmır'

“İKİ İLDİR EVƏ QAZANC GƏTİRƏ BİLMİRƏM”

Rəvan Səlimov Gəncə sakinidir. O, iyulun 12-də Nazirlər Kabinetinin iclasında çıxış etmiş prezident İlham Əliyevdən iş istəyir. Yazır ki, uzun müddətdir valideynlərinin təqaüdü ilə dolanır və artıq yaşayış tərzinə çevrilən bu vəziyyət onu utandırır:

"... 5 ildir ki, hərbi xidmətdən qayıtmışam, ailə qurmuşam, iki övladım var. İki ildir ki, evə qazanc gətirə bilmirəm. Övladıma bir corab ala bilməyəcək qədər imkansızam. İş üçün döymədiyim qapı, pəncərə qalmayıb. Məşğulluq mərkəzlərinə müraciət edəndə deyirlər, "filankəsin bağında iki aylıq qarovulçu işi var", ya məsələn, deyirlər, "filankəsin bağında sentyabra qədər bağban işi var". İş orasındadır ki, o işlərdən də imtina etmirik, gedib qul kimi işləyirik, ancaq qul əməyinə də qiymət verilmir, iş bitən kimi bizi qapıdan qovurlar. Polisə şikayət edəndə isə deyirlər ki, "ağlınız olaydı, müqaviləsiz işləməyəydiz". Biz işlədiyimizi sübut edə bilmirik".

Buna da bax:​ 'Çudo Peçka' şəbəkəsində təkrar maaş qalmaqalı

“BİZƏ İŞ VERİN”

Rəvan Səlimov prezidentə yazdığı uzun-uzadı məktubunda çoxlu sosial problemlərdən söz açır. O, prezidentə xalqın durumunu çatdırmağa çalışır:

"Cənab prezident, siz hələ də inanmır və qəbul etmirsiz ki, rayonlarda balasına dərman ala bilməyən aptek yarır, evinə çörək apara bilməyən piştaxtadan çörək oğurlayır?.. Dünənə qədər səhər işinə, axşam evinə gedib-gələn, yaxşı-pis dolanışığını düzüb-qoşan adamlar bu gün banklar tərəfindən bezdirilir, işsizlikdən, borcdan, xəcalətdən özünü öldürür. İnanın ki, mən özüm bu faciəyə hər gün bir az da yaxınlaşıram. Bizi bankların ilgəyindən xilas edin, bizə iş verin, balalarımız yazıqdır".

Buna da bax:​ Əmək pensiyası üçün 18 illik çarpışma

MAĞAZALARA BORCU 1500 MANATI ÖTÜB

Rəvan Səlimov yazır ki, xəstə valideynlərinə və övladlarına görə apteklərə, ərzağa görə mağazalara ailənin borcu min beş yüz manatı ötüb. Səbəb də odur ki, birinci qrup əlil və şəkər xəstəsi olan atasının, ikinci qrup əlil anasının təqaüdlərinin bir hissəsi son vaxtlar karta köçən kimi bank kreditlərinə çıxılır. Qalan hissəsi isə heç çörəyə də yetmir.

Gəncə şəhər icra hakimiyyətindən isə "Qaynar xətt"ə bildirilib ki, son 3 ildə işsizlik aradan qaldırılıb: "Regionların Sosial-İqtisadi İnkişafı" Dövlət Proqramı çərçivəsində xeyli işsiz iş yerləri ilə təmin olunub və bu proses davam edir".

Buna da bax:​ “Sonra da dedilər, "daha bizlik deyil"”

Prezident İlham Əliyevsə Nazirlər Kabinetinin toplantısında yeni iş yerlərinin açılmasından da danışıb. Onun sözlərinə görə, bu ilin birinci yarısında Azərbaycanda 122 min yeni iş yeri açılıb ki, bunun da 101 mini daimi olub. Prezident hazırda yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması istiqamətində iş aparıldığını, bu yaxınlarda isə məşğulluq proqramına start veriləcəyini bildirib.

... İşsiz Rəvan Səlimovun məktubu belə bitir: "Cənab prezident, dediyiniz inkişafı mən niyə görmürəm?"

XS
SM
MD
LG