Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:55

Azərbaycanda gənclər arasında işsizlik daha çox yayılıb


'45 yaşından yuxarı adamlara iş yoxdur'
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

'45 yaşından yuxarı adamlara iş yoxdur'

Azərbaycanda 2 fevral Gənclər Günü kimi qeyd edilir. Ölkə qanunlarına görə, 29 yaşadək olan şəxslər gənc sayılır. Dövlət Statistika Komitəsinin (DSK-nın) ötən il açıqladığı rəqəmlərə görə, ölkədə 18-29 yaş arası şəxslərin sayı 1 milyon 758 min nəfərdir.

Bu, ölkə əhalisinin təxminən 20 faizi deməkdir və təbii sual doğur: Azərbaycanda hər 5 adamdan biri gəncdirsə, bu yaş qrupuna daxil olanların sosial-iqtisadi durumu necədir?

Gənclər arasında işsizlik iki dəfə çoxdur

İşsizlik Azərbaycanda bütün əhali qrupları arasında ən böyük problemlərdən biridir. Ancaq rəsmi rəqəmlərdən aydın olur ki, bu problem gənclər arasında daha kəskin xarakter alıb.

DSK-nın rəqəmlərinə əsasən, Azərbaycanda gənclər arasında işsizlik 10.1 faizdir. Güvən dərəcəsi ciddi mübahisələndirilən bu rəsmi statistikadan belə çıxır ki, gənclər arasında işsizlik səviyyəsi ikirəqəmli həddədir.

20-24 yaşlı gənclər arasında həmin göstərici daha yüksək - 14.2 faizdir. Sözügedən dövrdə ölkə üzrə işsizlik göstəricisi 6 faiz civarındadır. Bu o deməkdir ki, Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi ölkə üzrə orta rəqəmdən 1.7 dəfə yüksəkdir. DSK-nın hesablamasına görə, ölkədə 142 min işsiz gənc var. Başqa sözlərlə, bütün işsizlərin 45 faizi elə 29 yaşınadək gənclərdir.

Hər dörd gəncdən biri nə işləyir, nə də oxuyur

Beynəlxalq təcrübədə gənclər siyasəti ilə bağlı durumu dəyərləndirərkən, ən vacib göstəricilərdən sayılan “NEET” indikatorundan yararlanırlar. Bu indikator 15-24 yaşlı gənclər arasında təhsil və əmək bazarında olmayanların payını göstərir.

“2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” adlı sənəddə hökumət, axır ki, bu indikatorun Azərbaycandakı səviyyəsini açıqlayıb. Həmin sənəddən məlum olur ki, 2017-ci ildə Azərbaycanda “NEET” indikatoru 23 faizdir. Deməli, ölkədə 15-24 yaş arasında olan hər dörd gəncdən biri nə təhsil alır, nə də işləyir. Hökumət 2030-cu ilədək bu göstəricini 15 faizə endirməyi hədəfləyir.

Ali təhsilli gənclərin sayı azdır

Azərbaycanda gənclərin ali təhsilə çıxış imkanlarında da çətinliklər gözə çarpır. Rəsmi rəqəmlərə görə, məşğul sayılan gənclərin cəmi 20.7 faizi (hər beşindən biri) ali təhsillidir. Gənclərin yalnız 65 faizinin adi məktəb təhsili var. Yalnız hər üç gəncdən ikisinin orta təhsilinin olması onların iştapma imkanlarını azaldan amillərdən biridir.

Ali təhsil almaqda olan tələbə sayına görə də Azərbaycan bölgə ölkələrindən geri qalır və MDB ölkələri arasında əhalinin hər 10 min nəfərinə düşən tələbə sayına görə sonuncudur.

Bunu da unutmaq olmaz ki, Azərbaycanda təhsil ocaqlarının təklif etdiyi təhsilin keyfiyyəti də ciddi suallar doğurur və kəskin problemləri danmaq mümkün deyil. Təsadüfi deyil ki, qlobal reytinq cədvəllərində region ölkələrinin təhsil ocaqları Azərbaycanın ən yaxşı yer tutan universitetlərindən öndədir.

Cədvəl: MDB-yә üzv olan ölkәlәr üzrә ali tәhsil müәssisәlәrindә tәhsil alan tәlәbәlәrin sayı (әhalinin hәr 10 min nәfәrinә)

Təhsil Nazirliyinin hesabatına görə, 2021-2022-ci təhsil ili üçün keçirilən imtahanlarda universitetə qəbul edilən tələbələrin orta balı 275 olub. Bu, maksimum nəticənin cəmi 39 faizi deməkdir.

Tələbə krediti çatımlıdırmı?

Azərbaycanda tələbələrin ali təhsilə çıxışını məhdudlaşdıran amillərdən biri təhsil haqqının yüksək olmasıdır. Ölkə universitetləri gəlirlərinin 90 faizə yaxını təhsil haqqından formalaşır. O üzdən ki yerli universitetlər inkişaf etmiş ölkələrin ali təhsil ocaqlarından fərqli olaraq, elmi araşdırmalarla vəsait cəlb edə bilmir. Belə olan halda təhsil haqqı yeganə maliyyə qaynağına çevrilir. Bu isə, ödənişlərin yüksəlməsi və bir çox gəncin ali təhsildən kənarda qalması ilə nəticələnir.

Bir çox ölkələrdən fərqli olaraq, hökumətin yaxın dövrdə tətbiqinə başladığı tələbə krediti layihəsi də gənclərin problemini tam çözə bilmir, çünki fondun kredit almaq üçün müəyyənləşdirdiyi şərtlər yenə də bir çox tələbənin bu imkandan yararlanma dərəcəsini azaldır. Şərtlərə görə, kredit qazanan tələbə birinci kursda oxuyursa, qəbul balı 300-ü aşmalıdır. Digər kurslarda təhsil alan tələbələrinsə akademik borcu (kəsiri) olmamalıdır. Üstəlik, kredit veriləcək tələbənin orta uğur göstəricisi 71 balı keçməlidir.

Gənclər paytaxtı seçilən Mingəçevirdən sorğu
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Gənclər idarəetməyə qatıla bilirmi?

Azərbaycanda gənclərin idarəetmədə iştirak səviyyəsini də yüksək qiymətləndirmək olmaz. Hazırda parlamentdə təmsil olunan deputatlardan cəmi birinin yaşı 29-dan azdır. Dövlət qulluqçuları ilə bağlı açıqlanan statistika göstərir ki, şöbə müdiri vəzifəsini tutan 243 nəfərdən cəmi ikisinin yaşı 25-29 arasındadır. Ali təsnifatlar üzrə dövlət qulluqçusu vəzifəsində çalışan 1800 nəfərin 127 nəfəri - cəmi yeddi faizi gəncdir.

XS
SM
MD
LG