Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:04

Generalın köməkçisi: ‘Bu, Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbərliyi arasında razılaşdırılmışdı’


İllüstrativ foto
İllüstrativ foto

Tərtərdə hərbçilərə işgəncələrdə adı hallanan əsas generallardan biri – o dövrdə korpus komandiri və olayların birbaşa iştirakçısı olmuş Hikmət Həsənovun özü məsuliyyətə cəlb olunmasa da, onun köməkçisi həbsdədir.

Korpusun hüquqşünası, eyni zamanda general Həsənovun köməkçisi olan Fuad Ağayevə prokuror Tərtər işgəncələrinə görə 15 il həbs cəzası verilməsini istəyib. Dövlət ittihamçısı Bakı Hərbi Məhkəməsində bu təkliflə çıxış edib.

F. Ağayev daha dörd nəfərlə birlikdə mühakimə olunur. Digər təqsirləndirilən şəxslər arasında gizirlər Qurban Cümşüdov, Cavid Ağadadaşov, Ramil ƏhmədovFuad Axundov var. Onlar da Tərtər hadisələrində hərbçilərə işgəncə verməkdə ittiham olunurlar.

İndi F. Ağayev, Q. Cümşüdov və C. Ağadadaşovun Tərtər hadisələriylə bağlı üçüncü mühakiməsi gedir. Onlar öncə iki dəfə məhkum ediliblər. Son dəfə Ağadadaşovla Cümşüdovun hərəsinə 6 il, F.Ağayevə 10 il həbs cəzası kəsilib.

2021-ci ilin dekabrında Tərtər işi üzrə icraat yeniləndikdən sonra onların haqqında yenidən cinayət işi başlanıb. Bu dəfə başqa zərərçəkənlərə qarşı işgəncə ittihamları ilə məhkəmə önünə çıxarılıblar.

Prokuror F. Ağayevlə birlikdə mühakimə edilən digər təqsirləndirilən 4 nəfərdən C. Ağadadaşov və Q. Cümşüdovun hərəsinə öncəki cəzaları da nəzərə alınmaqla, yekunda 13 il, Fuad Axundova 11 il, Ramil Əhmədova 10 il həbs istəyib.

Bu məhkəmə prosesində 317 nəfər zərərçəkmiş qismində tanınıb. İşgəncələrdən həyatını itirmiş 4 nəfərin ailə üzvləri də zərərçəkmişin hüquqi varisi qismində tanınıblar.

Di gəl, onların heç biri özünü təqsirli bilmir, hərbçi kimi, yuxarı komandanlığın əmrini yerinə yetirdiklərini deyirlər.

“Onları özbaşına gətirməmişəm”

Generalın köməkçisi ifadəsində deyib ki, bütün proseslər Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbərliyi arasında öncədən razılaşdırılmışdı.

Onun sözlərinə görə, məhz prokurorluğun istəyinə uyğun olaraq, Tərtərdə köhnə qərargah binası hazırlanıb. Hərbi prokurorluq müstəntiqlərinin verdiyi siyahı əsasında oraya hərbçilər gətirilərək, işgəncəyə məruz qalıblar:

“Mənim işim koordinasiya olub. Müstəntiqlər kimi gətirtməyi tapşırıbsa, hərbi hissə komandirlərinə deyirdim, onlar da göndərirdilər. Onları özbaşına gətirməmişəm, mənim səlahiyyətimdə deyildilər. Məhkəməyə hərbi qulluqçu gedəndə, korpusa Müdafiə Nazirliyindən telefonoqram getməlidir. İndi hamı yıxır korpus rəhbərliyinin üstünə. Korpus rəhbərliyi o göstərişləri verə bilməzdi ki hərbi qulluqçunu götür Bakı qarnizonuna apar”.

F.Ağayev əlavə edib ki, o dövrdə baş verən işgəncələrdən prokurorluqdan ta məhkəməyədək hamı məlumatlı idi. Döyülən, yarıçılpaq vəziyyətdə saxlanılan adamları polisdən hakimədək hər kəs görür, amma hamı susurdu.

“Niyə demirdilər ki, bu insanları belə vəziyyətə salıblar?”

“Burada mənə sual verirsiniz ki, “orada yarıçılpaq vəziyyətdə saxlanılan hərbçiləri görmüsünüz?” Bəli. Hətta o adamlar elə vəziyyətdə hakimin, müstəntiqin qarşısına da çıxarılıblar. Onlar haqqında həbs qərarı da verilib. O vəziyyətdə Kürdəxanıya (Bakı İstintaq Təcridxanasına-red.), DTX-ya da aparılıblar. Əgər qanunsuz işlər görürdüksə, onda niyə tutmurdular? O adamlar niyə gördükləri qanunsuzluğa susurdular? Niyə demirdilər ki, bu insanları niyə belə vəziyyətə salıblar?”, - F.Ağayevin sözləridir.

Adları çəkilən 5 nəfərin məhkəməsi sentyabrın 26-da zərərçəkən və vəkillərin çıxışlarıyla davam edəcək. Təqsirləndirilən şəxslər son sözlərini deyəndən sonra onların haqqında hökm bilinəcək.

Xatırlatma

2021-ci ilin dekabrında - “Tərtər işi” üzrə yenidən istintaq başlanandan sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb.

Tərtər işgəncələrinə görə cinayət məsuliyyətinə cəlb olunanlardan bütövlükdə üç qrup üzrə 13 nəfər hakim önünə çıxarılıb. Hər birində 4 nəfərin mühakimə edildiyi iki qrupun məhkəməsu yekunlaşıb. Onlara 4 il 10 aydan 9 il 6 ayadək həbs cəzası kəsilib. Ancaq onlar özlərini təqsirli bilmir və yuxarı instansiya məhkəmələrinə şikayət veriblər.

Zərərçəkən tərəf də hökmdən narazı qalıb, verilən cəzanı çox yüngül sayır. Onların fikrincə, gerçək araşdırma aparılmayıb, Tərtər olaylarının gerçək təşkilatçıları məsuliyyətdən kənarda saxlanılıblar.

F.Ağayevin də daxil olduğu 5 nəfərlik qrupun məhkəməsi isə birinci instansiyada davam edir.

Bu işlərə Bakı Hərbi Məhkəməsinin sədri və hakimləri baxırlar.

XS
SM
MD
LG