Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:18

Gömrük Komitəsi sədrinin iddiaları və əslində


Səfər Mehdiyev, 24 dekabr 2018
Səfər Mehdiyev, 24 dekabr 2018

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dekabrın 10-da yerli mediaya (vitualaz.org) müsahibə verib. AzadlıqRadiosu komitə sədrinin açıqlamalarının doğru olub-olmadığını yoxlayıb.

İddia

DGKsədri: “Diqqət edin, idxal olunan malların təqribən 56-60 faizi gömrük rüsumlarından azad edilib”.

Əslində:

Dünya Ticarət Təşkilatının (DTT) “World tariff profiles 2021” adlı hesabatı Azərbaycanda idxal gömrük rüsumları ilə bağlı məlumatları əhatə edir. Həmin hesabatda qeyd edilir ki, Azərbaycana idxal edilən aqrar məhsullarının 30 faizi gömrük rüsumlarından azaddır. Aqrar məhsullar arasında rüsum tətbiq ediən 70 faizlik hissənin 11.2 faizlik hissəsinə 0-10 faiz arası, yerdə qalan 60 faizə yaxın hissə üçün 10 faizdən çox rüsumlara cəlb edilir.

Ölkəyə idxal edilən Qeyri-aqrar məhsulların isə, cəmi 26.2 faizi gömrük rüsumlarından azad olub. Həmin məhsulların gömrük rüsumlarına cəlb edilən 74 faizlik hissəsinin 17 faizi 0-10 faiz arası, 57 faizə qədər isə, 10 faizdən çox gömrük rüsumlarına cəlb edilib.

Yenə eyni hesabatda qeyd edilib ki, Azərbaycanda idxal edilən məhsulların orta gömrük rüsumu 9.2 faizə bərabərdir. Bu göstərici ilə Azərbaycanda regionda ən yüksək göstəriciyə malikdir. Həmin göstərici Ermənistanda 5.7 faizə, Gürcüstanda 1.7 faizə, Türkiyədə 4.7 faizə, Rusiyada isə, 5.5 faizə bərabərdir.

İddia

DGK sədri: “Son dörd ildə Gömrük komitəsinə mənim rəhbərlik etdiyim dövrdə mal idxalının həcmi 42 milyard dollar olub. Əvvəlki rəhbərliyin dövründə 11 il ərzində idxalı dövriyyəsi 91 milyard dollar təşkil edib. Mənim sədr təyin olunmağımdan əvvəlki 11 ildə büdcəyə 15 milyard manat daxil olub. Mənim rəhbər olduğum 4 ildə isə büdcəyə daxil olan məbləğ 16 milyard təşkil edib. İndi müqayisə edin - 11 ildə 15 milyard və 4 ildə 16 milyard. Yəni, biz 4 il ərzində vergi və rüsumlardan büdcəyə əvvəlki 11 ildə olduğu qədər vəsaitin daxil olmasını təmin etmişik!”.

Əslində:

Səfər Mehdiyevin Gömrük Komitəsinə rəhbərlik etdiyi 2018-ci ildən bəri ümumi idxal həcmi 45 milyard dollar yaxın olub. Yəni illik təxminən 11.3 milyard dollar. Aydın Əliyevin Quruma rəhbərlik etdiyi 2006-2017-ci illərdə isə, bu rəqəm 97 milyard dollar yaxınlaşıb. Yəni illik təxminən 8 milyard dollar. Ancaq Səfər Mehdiyevin nəzərə almadığı məqam, 2015-ci ildən etibarən Azərbaycan manatının dollar qarşısında dəyər itirməsi ilə bağlıdır. 2015-ci ilədək manatın dollar qarşısında orta məzənnəsi birdən aşağı olsa da, 2015-ci ildən sonra manat dəyər itirməyə başlayır və artıq bu rəqəm 1.70-ə bərabərdir.

Bu səbəbdən, ölkəyə idxal edilən malların da, manat qarşılığı artmış olur. Gömrük rüsumları da manatla hesablandığı üçün, manatın iki dəfə ucuzlaşması toplanan gömrük rüsumlarının da məbləğini artırmış olur. Rəqəmlər də göstərir ki, 2018-ci ildən sonra idxalın manat qarşılığı 77 milyarda yaxındır. Əvvəlki 12 ildə bu göstərici 100 milyard manata yaxın olub. Yəni son 4 ildəki idxalın manat qarşılığı, əvvəlki 12 ildəki idxalın dörddə üçü qədərdir və bu, manatın 2015-ci ildə dəyər itirməsi ilə bağlıdır. Onu da nəzərə almaq lazımdır ki, son illərdə Azərbaycanda idxal edilən malların gömrük rüsumlarında artımlar olub ki, bu da ümumi toplanan vəsaitin artmasına şərait yaradıb.

Gömrükdə rüşvəti birdəfəlik necə kəsərdin?
Gözlə

No media source currently available

0:00 0:55:00 0:00
Direct-ə keçid

İddia

DGK sədri: “Mənim komitəyə rəhbər təyin olunduğum 2018-ci ildən bəri ölkəyə mal gətirilməsində rüsum və vergilər artırılmayıb”

Əslində:

2018-ci ilədək Azərbaycanda ölkəyə idxal edilən siqaretlərin hər 1000 ədədinə tətbiq edilən aksiz vergisi cəmi 4 manat idisə, son 3 ildə bu göstərici artaraq 43 manata yüksəlib.

Siqaret köşkü, arxiv foto
Siqaret köşkü, arxiv foto

Səfər Mehdiyevin sədr olduğu dövrdə, 2019-cu ildən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırılıb. Vergi Məcəlləsinə dəyişikliyə əsasən, aksiz vergisinin dərəcəsi bütün avtomobillər üzrə artıb. Ən aşağı aksiz dərəcəsi mühərrikinin həcmi 2 litrə qədər olan avtomobillərdədir. Bu göstərici 1 kubsantimetr üçün 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Ən yüksək aksiz dərəcəsi isə mühərrikinin həcmi 5 litrdən artıq olanlardadır.

2019-cu ilədək belə avtomobillərin aksiz dərəcəsi 31 400 manat üstəgəl mührəkkinin həcminin 5000 kubsantimetrdən yuxarı hissəsi üçün hər kubsantimetrə görə 40 manat idisə, 2019-cu ildə bu göstərici 53 600 manat üstəgəl mührəkkinin həcminin 5000 kubsantimetrdən yuxarı hissəsi üçün hər kubsantimetrə görə 70 manata qaldırılıb.

2022-ci ildən isə idxal edilən avtomobilin istifadə müddəti 7 ildən çoxdursa, benzin mühərrikli minik avtomobillərin aksizi 1,2 əmsalına, dizel mühərrikli minik avtomobillərinin aksiz vergisi isə 1,5 əmsalına vurulacaq.

Nazirlər Kabinetinin yeni qaydaları

Nazirlər Kabinetinin binası, arxiv foto
Nazirlər Kabinetinin binası, arxiv foto

2020-ci ilin sentyabrında Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar qəbul etmişdi.

Həmin dəyişikliklərə qədər fiziki şəxslər ay ərzində xarici ölkələrdən poçt vasitəsilə min dollar dəyərində mal sifariş edə bilərdi.

Dəyişiklikdən sonra limitin məbləği 300 dollara düşdü. Yəni vətəndaşlar aylıq 300 dollardan artıq mal sifariş verdikləri təqdirdə, bunun üçün vergi ödəməlidirlər. Həmin dəyişikliklərdə fiziki şəxslərin özləri ilə ölkəyə gətirə biləcəkləri malın dəyərinin də limiti azaldılmışdı. Həmin tarixə qədər fiziki şəxslər özləri ilə birlikdə ölkəyə 1 min 500 dollar dəyərində mal gətirə bilirdisə, həmin məbləğ də, yeni qərarlarla 800 dollara endirilmişdi.

XS
SM
MD
LG