Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:38

200 min manatdan çox rüşvət almaqda suçlanan gömrük vəzifəliləri azadlıqda


Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi

2022-ci ilin yayında külli miqdarda rüşvət ittihamıyla həbs olunan Dövlət Gömrük Komitəsinin (DGK) yüksək vəzifəli şəxslərinin bir qismi artıq azadlıqdadır. Söhbət DGK-nin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini olmuş Rəşad Babayevlə Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsində şöbə rəisi işləmiş Şükür Səfərovdan gedir.

Adları çəkilən hər iki polkovnik Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının gömrükçülərə qarşı keçirdiyi əməliyyat çərçivəsində həbs olunmuşdu. Onların barəsində 2022-ci il iyulun 1-də Səbail rayon Məhkəməsinin qərarıyla həbs qətimkan tədbiri seçilmişdi. Onlar əməliyyat çərçivəsində həbs olunmuş başqa gömrük vəzifəliləri, o cümlədən generallarla birlikdə DTX-nın istintaq təcridxanasında saxlanılırdı.

Məbləği tam ödəyiblər

Babayev və Səfərova qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin müxtəlif maddələrilə ittiham irəli sürülmüşdü. AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, onlar 200 min manatdan çox rüşvət almaqda suçlanırdı.

Sabiq gömrükçülər cinayət işindəki məbləği tam ödəməklə, üstəlik, onun müəyyən faizi qədər dövlət nəfinə vəsait köçürməklə məsuliyyətdən azad olunublar. Onların barəsində cinayət işinə xitam verilib və həbsdən buraxılıblar.

Babayev və Səfərov ölkə ərazisinə xüsusi icazə ilə daxil olan xarici yük maşınlarının sərhəddəki gömrük nəzarət postlarından buraxılması üçün rüşvət almaqda ittiham olunurdu.

2022-ci ilin yayında DTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunanlar arasında DGK yanında “Azərterminalkompleks” birliyinin direktoru, general Ehtiram Xəlilov, DGK-nin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi, general Məsum Rəsulov və digərləri vardı. Onların işi üzrə istintaq davam edir. Adları çəkilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadədə, dövlət əmlakını mənimsəmədə, rüşvətalmada ittiham olunurlar, amma özlərinin, yaxud vəkillərinin ittihamlara münasibəti bəlli deyil.

XS
SM
MD
LG