Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:59

G.Bayramlı: 'Milyonlar yeyən generallar azadlıqdadır, məni isə ev dustaqlığına...'


Gözəl Bayramlı
Gözəl Bayramlı

“Hamı bilir ki, mənim həbsim siyasi sifarişdir, verilən ittiham da qondarmadır. Onsuz da mən Azərbaycan məhkəmələrinin ədalətli qərarına nə inanıram, nə də ümid edirəm. Sadəcə, həqiqətin üzə çıxması üçün məhkəmə bir vasitədir”, – AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlı belə deyib.

May ayından həbsdə olan siyasətçi xanımın məhkəməsi başlayıb. Onun işinə Qazax Rayon Məhkəməsində hakim Ağarza Səmədov baxır.

Noyabrın 30-da məhkəmənin hazırlıq iclasında G.Bayramlının vəkili Elçin Sadıqov hüquqlarını müdafiə etdiyi şəxsin dəmir qəfəsdən çıxarılaraq, müdafiəçisinin yanında əyləşməsi haqda vəsatət qaldırıb. Deyib ki, müdafiənin səmərəli həyata keçirilməsi baxımından bu vacibdir.

Buna da bax: Eldar Mahmudovun qohumunun cəzası iki dəfə azaldıldı

Hakim etiraz etməyib, amma dustaqların məhkəməyə aparılıb-gətirilməsinə baxan Penitensiar Xidmətin konvoy dəstəsinin rəisi icazə verməyib. Ona görə də G.Bayramlı dəmir qəfəsdə qalıb.

GÖRÜNTÜLƏR SİLİNİB

Ardınca E.Sadıqov G.Bayramlının barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəzlənməsi haqda vəsatət qaldırıb. Deyib ki, G.Bayramlının ittiham olunduğu maddə ilə təqsirləndirilən şəxslər istintaq və məhkəmə dövründə adətən həbsdə saxlanmır.

Buna da bax: MTN polkovniki: '579 adam tutmuşam, amma heç birinin evində... '

Vəkilin daha bir vəsatəti Qazaxdakı “Sınıq körpü” sərhəd-buraxılış məntəqəsində olan videogörüntülərin alınması və onlara baxış keçirilməsi haqda olub: “Biz həmin görüntüləri almaq üçün müraciət eləmişdik. Dedilər ki, artıq gecdir, həmin görüntülər silinib. Halbuki, biz vaxtında müraciət eləmişdik. Xahiş edirəm, onların Əsasnaməsini də alın, orada yazılıb ki, görüntülərin saxlanma müddəti bir ildir”.

G.Bayramlı həbs olunarkən iki qadından istifadə edildiyini deyən vəkilin sözlərinə görə, onlardan biri gömrük-keçid məntəqəsində xadimə, digərinin isə çaypaylayan işləyir. Müdafiəçi bildirib ki, onların gömrük-buraxılış məntəqəsində çalışanlarla əməkdaşlığına dair şübhələr var.

Buna da bax: Akif Çovdarova 12 il həbs cəzası verildi [yenilənib]

E.Sadıqovun daha bir vəsatəti AXCP sədri Əli Kərimli, partiyanın üzvü Solmaz Hüseynova və keçmiş deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin məhkəmədə dindirilməsi haqda olub. Müdafiəçinin sözlərinə görə, G.Bayramlı saxlanılarkən bu adamlara zəng edib, çantasına nə isə atıldığını deyib.

Prokuror vəsatətlərin əsassız olduğunu bildirib və onların təmin olunmamasını istəyib.

G.Bayramlı prokurorun söylədiklərinə etiraz edib: “Vəkilimin bütün vəsatətlərini əsaslı hesab edirəm. Milyonlar yemiş generallar həbsdən buraxıldığı halda, məni ev dustaqlığına da buraxmaq istəmirsiz. Əslində, heç gözləmirəm də. Hamı bilir ki, mənim həbsim siyasi sifarişdir, verilən ittiham da qondarmadır. Mən onsuz da Azərbaycan məhkəmələrinə inanmıram...”

Buna da bax: ‘Nardaran işi-3’: 'Bu adamlar terrorçu deyil, günahsızdır'

Hakim müşavirəyə gedib və hazırlıq iclasının qərarının dekabrın 1-də elan olunacağını bildirib.

Xatırlatma

AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib.

XS
SM
MD
LG