Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:54

'Gözəl Bayramlı işi': '100 ədəd ardıcıl, 20 ədəd müxtəlif seriyalı yüzlük dollarlar...'


Gözəl Bayramlı
Gözəl Bayramlı

AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlının vəkili Elçin Sadıqov deyir ki, müvəkkili təqsirləndirilən şəxs qismində tanınmadan, ona qarşı ittiham irəli sürülməmişdən 6 saat öncə Dövlət Sərhəd Xidməti (DSX) bəyanat yayaraq, onu qaçaqmalçılıqda suçlayıb.

Dövlət orqanının bu bəyanatla G.Bayramlının təqsirsizlik prezumpsiyası hüququnu pozduğunu deyən vəkil məhkəmədə də məsələ ilə əlaqədar vəsatət qaldırıb.

G.Bayramlının işinə Qazax Rayon Məhkəməsində hakim Ağarza Səmədov baxır. Məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsidir. Yanvarın 10-da keçirilən iclasda öncə hakim iki ekspert rəyini elan edib. Onlardan biri G.Bayramlının çantasından tapıldığı iddia olunan 12 min dollar yüzlük əskinasların qanunauyğun şəkildə çap edilməsi, saxta olmaması haqda olub. Digər rəydə isə G.Bayramlı müayinə olunarkən üzərində xəsarət izinin aşkarlanmadığı yazılıb.

Buna da bax: Gözəl Bayramlı: 'Milyonlar yeyən generallar azadlıqdadır, məni isə ev dustaqlığına...'

“Sınıq körpü” gömrük-keçid məntəqəsində gömrük əməkdaşı Alidə Əzizovanın iştirakı ilə tərtib olunmuş, malların yoxlanmasına dair protokol da elan olunub. Sənəddə G.Bayramlıya aid bir ədəd çanta və içindəki dörd cüt ayaqqabıdan, dərmanlardan və yüz ədəd ardıcıl, 20 ədəd isə müxtəlif seriyalı yüzlük dollar əskinaslarından bəhs olunur.

Dolların məzənnəsi haqda Mərkəzi Bankdan alınmış arayış, G.Bayramlının haqqında əvvəllər cinayət işi başlanmaması, saxlandıqdan sonra Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülərkən üzərində heç bir xəsarət olmaması haqda sənədlər də elan olunub.

Buna da bax: Əfqan Muxtarlı: 'Papkanı qoltuğuna vurub bura gəlirsən, yalan danışırsan'

“Telefon danışıqlarım elan olunsun”

Həmçinin G.Bayramlının gömrük-keçid məntəqəsində saxlandıqdan sonra telefon danışıqları haqda məlumat da elan olunub. Bildirilib ki, o, saxlandıqdan sonra AXCP sədri Əli Kərimli, Gürcüstana gedib-qayıdarkən onunla yol yoldaşı olmuş Almaz Rəhimova (AXCP sədrinin müavini olmuş mərhum Həsən Kərimovun həyat yoldaşı - red.) və partiyanın Qadınlar Şurasının sədri Solmaz Hüseynova ilə əlaqə saxlayıb. İş materiallarında yazılıb ki, G.Bayramlı saxlandıqdan sonra ona yaxınları ilə əlaqə yaratmağa imkan verilib və bu da onun sübutudur.

Buna da bax:​ Hüquqşünas: 'Heç monarxiyalı ölkələrdə belə absurd yoxdur'

G.Bayramlı isə bildirib ki, çantasına bağlama atıldığını görən kimi özü tez Əli Kərimliyə zəng edərək, bu haqda məlumat verib. Bildirib ki, nəsə atdılar, amma nə olduğunu bilmir. Həmin vaxt ətrafdakılar ona mane olmağa çalışıblar, amma qısa da olsa, baş verənləri çatdıra bilib. Sonra xeyli vaxt ona əlaqə saxlamağa icazə verilməyib. Yalnız təhqiqatçı gələndən sonra gecə saat 1 radələrində qohumlarına zəng etməyə icazə verildiyi deyilib. Qardaşının isə səhhətində problem olduğuna görə Solmaz Hüseynovaya zəng edərək məlumat verib.

G.Bayramlı həmin vaxt Ə.Kərimli və digərləri ilə telefon söhbətlərinin də açıqlanmasını istəyib: “Mənim telefonum “Samsung” markalıdır və onda danışıqların avtomatik səsyazma funksiyası var. Mənim həmin gün Əli bəylə, Solmaz xanımla danışıqlarım da telefonun yaddaşındadır. Xahiş edirəm, elan olunsun”.

Buna da bax:​ Prezident müxalifətə: 'Onların kitabı çoxdan bağlanıb'

DSX hadisələri qabaqlayıb

Vəkilin daha bir vəsatəti isə DSX-nın 26 may 2017-ci ildə G.Bayramlı haqda bəyanatının iş materiallarına əlavə edilməsi ona qiymət verilməsi haqda olub. Müdafiəçi deyir ki, DSX bəyanatı 26 may saat 13.25-də yayıb. Həmin vaxt G.Bayramlı heç təqsirləndirilən şəxs deyildi, ona ittiham elan olunmamışdı. DSX-nın bəyanatında isə öncədən CM-nin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanmasından söhbət gedir. Bu bəyanatdan altı saat sonra eyni maddə ilə G.Bayramlıya ittiham verilib.

E.Sadıqov məhkəmədən xahiş edib ki, DSX-nın bu addımı G.Bayramlının təqsirsizlik prezumpsiyası hüququnun pozuntusu kimi qiymətləndirilsin.

Buna da bax: Siyasilərin 'psixuşka'ya salınması halları arta bilərmi?

G.Bayramlının vəsatətə münasibəti isə belə olub: “Korrupsiya, qaçaqmalçılıq üzrə çempion olanlar məni qaçaqmalçılıqda ittiham edirlər”.

Hakim A.Səmədov bu vəsatətlə bağlı qərar vermək üçün müşavirəyə gedib. İki saat çəkən müşavirədən sonra isə vəsatətin təmin olunmadığını elan edib.

Hakim məhkəmənin yanvarın 23-nə qədər təxirə salındığını açıqlayıb.

Məhkəmədə G.Bayramlı son günlərdə bir neçə gəncin intiharı haqda xəbərlərdən üzüldüyünü söyləyib.

“Amandır, intihar etməyin, mübarizə aparın...”, – G.Bayramlı dəmir barmaqlıqlar arxasından gənclərə səslənib.

Buna da bax:​ Ana: 'Deyirlər, Bayramı döyüblər. Döymək nədir? Vandalizmdir bu...'

Xatırlatma

AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

XS
SM
MD
LG