Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:01

Gürcüstan korrupsiyayla uğurla mübarizə aparır – AŞ


Korrupsiya
Korrupsiya

Avropa Şurası Gürcüstanın korrupsiyayla mübarizədə xeyli irəliləyişə nail olduğunu bildirib, ölkə rəhbərliyini bu istiqamətdə daha çox iş görməyə çağırıb.

Avropanın korrupsiyayla mübarizə təşkilatı – Korrupsiya Əleyhinə Ölkələr Qrupunun (GRECO) yeni hesabatında Gürcüstanın parlament üzvləri, hakim və prokurorlar arasında korrupsiyanın qarşısının alınması yönündə ciddi islahatlar həyata keçirdiyi deyilir.

16 TÖVSİYƏ

Pozitiv addım kimi ictimai şəxslərin, o cümlədən millət vəkilləri, hakim və prokurorların hesabları haqda bilgilərə nəzarət mexanizminin tətbiqi vurğulanır. Amma qurum Tbilisini qanunvericilikdə şəffaflığın təmin olunmasından ötrü daha çox iş görməyə, parlamentarilərin sərvətləri haqda bilgilərini açıq saxlamasını məcburi etməyə çağırır. Bildirilir ki, bu, millət vəkillərinin qərarlarına təsir edə biləcək amilləri nəzarətdə saxlamaqdan ötrü çox vacibdir.

Buna da bax-Gürcüstan rüşvət məsələsində ABŞ və Britaniyadan da təmizdir?

GRECO Gürcüstanda məhkəmə sisteminin siyasiləşdirilməsinin önlənməsi yönündə atılan addımları alqışlayır, məhkəmə sistemində islahatların davamlılığının özəlliklə zəruri olduğunu qeyd edir. Hökumətin və parlamentdəkilərin məhkəmələrə, hakimlərə təsirinin azaldılması yönündə əlavə tədbirlərə ehtiyac olduğunu vurğulayır.

«Yeni qaydaların bütün prokurorlara aid edilməsi, islahatların effektiv gerçəkləşdirilməsi və davamlılığı çox vacibdir...». Təşkilatın Gürcüstan haqda rəyində belə deyilir və ölkə rəhbərliyinə parlament və məhkəmə sistemində əlavə islahatlar aparmaqdan ötrü 16 tövsiyə verilir.

Gürcüstan parlamenti
Gürcüstan parlamenti

BÖYÜK İRƏLİLƏYİŞ

Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili hakimiyyətdən gedəndən – 2012-ci ildən bəri ölkədə onlarla vəzifə sahibi müxtəlif ittihamlarla, o cümlədən dövlət əmlakından sui-istifadədə günahlandırılaraq məsuliyyətə cəlb edilib.

«Reuters» agentliyi Qərbin Gürcüstan hökumətinin keçmiş siyasilərə qarşı qərəzli mövqeyindən narahatlığını yada salır. Qərblə Rusiya arasındakı qarşıdurmanın geosiyasi ocağı olan Gürcüstanda islahatların əhəmiyyətini vurğulayır.

Buna da bax-Azərbaycanda da korrupsiya ilə mübarizə başlanır?

Hazırda daha çox Qərbə meylli görünən Gürcüstan Avropa Birliyi və NATO ilə yaxınlığa can atır. Ona görə də Avropa Şurasının qiymətləndirməsi ölkə üçün böyük irəliləyiş hesab edilə bilər.

YENİ HESABAT HAZIRLANACAQ

GRECO Avropa Şurasına üzv olan 47 ölkənin, eləcə də ABŞ və Belarusun daxil olduğu qurumdur. Təşkilatın məqsədi üzv ölkələrdə korrupsiyayla mübarizəyə yardımdır.

2018-ci ilin iyununda Gürcüstan hakimiyyəti bu hesabatda qeyd olunan tövsiyələrə əməl edilməsi, islahatların gerçəkləşdirilməsi barədə quruma məlumat verməlidir. GRECO həmin məlumata əsasən 2018-ci ilin ikinci yarısında Gürcüstan haqda yeni hesabat hazırlayacaq.

Azərbaycan da 2004-cü ildən GRECO-nun üzvüdür. Amma Bakı təşkilatın tövsiyələrindən, hələ ki, heç birinə əməl etməyib. 2015-ci ildə – CRECO-nun hesabatında Azərbaycanda ötən 10 ildə korrupsiyanın yüksək həddə qalması, ölkədə korrupsiyaya nəzarətin olmadığı, gəlirlərin açıqlanmaması, məmurların gəlir bəyannaməsi barədə qanunun hələ də qüvvəyə minməməsi pislənir. Həmin qanun ölkədə 2005-ci ildə qəbul edilsə də, Azərbaycan bu qanunu icra etməyən tək-tük ölkələrdəndir.

XS
SM
MD
LG