Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:28

Gürcüstan parlamenti LGBT hüquqlarını məhdudlaşdıran qanunlar paketini birinci oxunuşda qəbul edib


Ötən ilin yayında Tbilisidə LGBT bayrağının yandırılması aktı
Ötən ilin yayında Tbilisidə LGBT bayrağının yandırılması aktı

Gürcüstan parlamenti iyunun 27-də ölkədə LGBT+ icmasının hüquqlarını məhdudlaşdırmağa yönəlmiş 19 qanun layihəsi paketini birinci oxunuşda qəbul edib.

Bu qanun layihələrində “ailə dəyərlərinin” müdafiəsi elan edilir.

Qanun layihələrinin leyhinə böyük əksəriyyətlə hakim “Gürcü arzusu” partiyasının deputatları səs veriblər.

Müxalifət nümayəndələrinin çoxu iclas zalını tərk edərək layihələrin qəbulunu boykot etdiklərini bildirib.

Qanun layihələrində eyni cinsdən olan cütlüklərin uşaq övladlığa götürməsinin və ya azyaşlıların belə cütlüklərin himayəsinə verilməsinin qadağanı təklif edilir.

Niyə məhz 17 may?

Bundan başqa habelə eynicinsli nikahların, cinsiyyətin dəyişdirilməsinin və eynicinsli cütlüklər tərəfindən uşaqların övladlığa götürülməsinin “təbliğatına” yönəlmiş iclasların keçirilməsi qadağan edilir.

Qanun həmçinin eynicinsli nikahlar, eynicinsli cütlüklər tərəfindən uşaqların övladlığa götürülməsi və cinsiyyətin dəyişdirilməsi üçün cərrahiyyə əməliyyatlarından bəhs edən bədii əsərlərin, televiziya proqramlarının və başqa materialların yayılmasını qadağan edir. Belə cərrahiyyə əməliyyatlarının ümumiyyətlə qadağanı nəzərdə tutulur.

Deputatlar bu iclasda habelə mayın 17-də yeni bayramın – “Ailənin müqəddəsliyi günü” bayramının təsis olunmasını təklif ediblər.

Dünyanın bir çox ölkələrində həmin gün homofobiya və transfobiyaya qarşı mübarizə günü kimi qeyd ediir və LGBT+ icmasının dəstəyinə müxtəlif tədbirlər keçirilir.

İqtidar Seçki Məcəlləsinə də fürsət tapıb

Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizəddir və belə bir qanun layihəsinin qəbulu Brüssel tərəfindən kəskin tənqid olunub.

Avropa Şurası yanında məşvərətçi orqan olan Venesiya Komissiyası belə bir qanunvericilik təşəbbüsünün ölkədə davam edən siyasi və ictimai gərginlik əsnasında qaldırılmasından təəssüfünü bildirib.

Hakim “Gürcü arzusu” partiyası sözü gedən qanun layihələrinin parlamentin payız sessiyasında qəbul edilməsini planlaşdırır. Həmin dövrdə həm də ölkə parlamentinə seçkilər keçirilməlidir.

İyunun 27-də deputatlar səsvermə ilə habelə Seçki Məcəlləsinə mübahisəli düzəlişlərin qəbuluna qoyulmuş prezident vetosunu ləğv etməyə də inkan tapıblar.

Bu düzəlişlərdən birinə görə Mərkəzi Seçki Komissiyasında qərarların qəbulu üçün lazım olan yetərsayın azaldılması nəzərdə tutulur.

Hakim partiyanın səs çatışmazlığı

2018-ci ildə Gürcüstanda eynicinsli nikahlar qanunvericilik qaydasında qadağan olunub və konstitusiyada nikah kişi və qadının ittifaqı kimi təsbit edilib.

Sonrakı illərdə LGBT+ təbliğatına qadağan qoyulmasına bir neçə cəhdlər göstərilib.

2024-cü ilin yazında hakim partiya liderlərindən Mamuka Mdinaradze LGBT hüquqlarını məhdudlaşdıran qanun düzəlişlərinin edilməsi planlarından danışmışdı.

Mdinaradze o vaxt deyirdi ki, düzəlişlər əvvəlcə ölkə konstitusiyasına, daha sonra isə onlarca başqa qanunlara daxil ediləcək.

Bununla belə konstitusiyaya düzəlişlərin edilməsi üçün hakim partiyaya 113 səs lazımdır, halbuki hazırda partiyanın 83 mandatı var.

XS
SM
MD
LG