Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:13

İstirahət günləri evdən çıxmaq qadağan olundu


Bakıda karantin
Bakıda karantin

Bakı və başqa iri şəhərlərdə həftəsonu əhalinin yaşadığı yeri tərk etməsi qadağan edilir

Azərbaycanda xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərara alınıb.

Bu barədə bu gün, iyunun 4-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Məlumatda bu, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə izah edilib.

Operativ Qərargah qeyd edib ki, iyunun 6-sı saat 00:00-dan iyunun 8-i saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunda bütün iş, xidmət, ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın, avtomobillərin hərəkəti dayandırılacaq (Xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla): "Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir".

Qərargahın vurğulamasına görə, sakinlər yaşayış yerlərini həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım vasitəsilə tərk edə bilərlər.

Qərarda yazılıb ki, habelə, yaxın qohumların dəfnində Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla iştirak etmək olar.

Qısa müddətli iş

Göstərilən müddət ərzində yalnız dövlət qurumlarının, xəstəxanaların, sosial, kommunal xidmət işçilərinin, yükdaşıma və bəzi digər sahələrdə çalışanların fəaliyyətinə icazə verilir. Bu zaman işəgötürən icaze.e-gov.az vasitəsilə öz işçilərinin siyahısını təqdim etməlidir.

Bakı bazarları yenə qaynayır. Sanki heç koronavirus yoxmuş...
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

2020-ci il 5 iyun tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 6.5 milyon şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 388 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə hazırkı dövrədək 6260 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, onlardan 76 nəfər vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib (martın 3-dən orta və ali məktəblərdə dərslər də dayandırılıb). Həmin ayın 24-dən (aprelin 20-nə kimi) xüsusi karantin rejimi elan edilib. Dövlət əhəmiyyətli sahələr və bir sıra mühüm xidmətlər istisna olunmaqla, əksər yerlərdə fəaliyyət dayandırılıb. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Həmin qaydaya görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər. Karantin mayın 4-nə, sonra həmin ayın 31-nə və nəhayət, iyunun 15-nə kimi uzadılıb. Amma aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən bölgələrdə, 18-dən isə Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılıb. Mayın 31-dən isə karantin rejimi bir qədər də yumşaldılıb. Artıq iri ticarət mərkəzləri də fəaliyyətə başlayıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb. Son həftələr virusa yoluxmada təkrar artım müşahidə edilir. Halbuki, bir müddət əvvəl yoluxma halları azalmışdı.

XS
SM
MD
LG