Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:31

Həbs olunan hakimin işi: Eyni şahidlərin ifadəsindən istifadə edib?


Sumqayıt Şəhər Məhkəməsinin keçmiş hakimi İlyas Mahmudovla bağlı cinayət işində bir sıra detallar AzadlıqRadiosuna bəlli olub

Sumqayıt Şəhər Məhkəməsinin keçmiş hakimi İlyas Mahmudovla bağlı cinayət işində bir sıra detallar AzadlıqRadiosuna bəlli olub.

11 il hakim vəzifəsində çalışmış Mahmudov eyni şəxsləri əmək, iş stajı məsələlərilə bağlı müxtəlif işlərdə şahid kimi dindirib, həmin ifadə əsasında da əsassız qərarlar qəbul etməkdə ittiham olunur.

Mahmudov əmək stajı, işləmə faktının müəyyən edilməsi barədə 100-ə qədər iddia ərizəsini təmin edib. AzadlıqRadiosu-na bu barədə məlumat verən mənbənin sözlərinə görə, hakim bu barədə qərarlarında sənədlərə yox, yalnız şahid ifadəsinə istinad edib. Lakin həmin şahidlərin ərizəçi ilə birlikdə işləməsini təsdiqləyən başqa sənəd, o cümlədən əmək kitabçasının olub-olmadığı araşdırılmayıb, bu haqda heç bir sübut işə əlavə olunmayıb:

“İlyas Mahmudovun qərar verdiyi 70-dən artıq işdə belə hal aşkarlanıb. Eyni adam müxtəlif işlər üzrə şahid olub, dəfələrlə ifadə verib. O ifadələr də bir-birinə ziddir. Məsələn, Məhərrəm Məhərrəmov adlı şəxs 4 işdə şahid olub. Fərqli ərizəçilərlə müxtəlif müəssisələrdə işlədiyini bildirib. Sonradan özü də ərizə verib, 1992-ci ildə Qarabağ döyüşlərində iştirak etməsi, yaralanması faktının tanınmasını istəyib. Onun ərizəsi də təmin edilib”.

243 min 441 manat ödəniş

Yusifov soyadlı başqa bir şahid isə şahid kimi çıxış etdiyi işlərdən birində Zəngilan Rayon Kimya Birliyində, digərində isə Zəngilan rayon 9 nömrəli Dəmiryol idarəsində ərizəçilərlə işlədiyini deyib.

“Bir işdə ərizəçi 1993-cü ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin (“OMON”) tərkibində Qubadlı rayonunun müdafiəsində iştirak faktının tanınmasını istəyib. Bu hakim də heç bir sübut olmadan ərizəni təmin edib. Amma iş materiallarına tamam başqa bir adamın “OMON”un tərkibində döyüşlərdə iştirakı haqda Qubadlı rayon Polis Şöbəsinin arayışı əlavə olunub”, – AzadlıqRadiosu-na verilən məlumatda deyilir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, İlyas Mahmudovun hakim olduğu dövrdə çıxardığı qətnamələr əsasında əsassız olaraq, pensiyalar təyin edilib. Həmin pensiyaların ödənilməsi nəticəsində isə ümumilikdə 243 min 441 manat ödəniş olub və bununla da dövlətə ziyan dəyib.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Mahmudov haqqında araşdırmalar 2019-cu ildən başlayıb. Bu quruma Ədliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olan materiallar araşdırılıb.

İttihamı qəbul etmir

Bugünlərdə həbs olunan sabiq hakimə CM-in 295 (bilə-bilə ədalətsiz qərarçıxarma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham verilib. Bu maddələrdə 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Yaxınlarının AzadlıqRadiosuna verdiyi məlumata görə, Mahmudov rüşvət müqabilində qanunsuz qərarlar çıxarması haqda ittihamı qəbul etmir.

Hüquqşünas Namizəd Səfərov Mahmudovun bilə-bilə qanunsuz qərar çıxarmağa görə cəzalandırılmasına inanmır.

O, hesab edir ki, sabiq hakimin həbsinin gerçək səbəbi başqadır:

“Qanunsuz qərarlar çıxarıbsa, apellyasiya instansiya məhkəməsi var, Ali Məhkəmə var. Yuxarı instansiyalar əsassız qərarı ləğv edə bilər. Buna görə hakimi tutarlar? Dövlət orqanları ilə çəkişmə zamanı vətəndaşların xeyrinə qərarlar verib. Onu həbs eləməklə başqa hakimlərə də “dərs” verirlər ki, bu cür məsələlərdə kimin xeyrinə qərar çıxarılmalıdır”.

“Hakimlərin heç biri cəzalandırılmayıb”

Hüquqşünas yada salıb ki, Avropa İnsan Haqları Məhkəməsi bir çox işlərdə Azərbaycanda çıxarılmış hökmlərin siyasi motivli olması qənaətinə gəlib. Yəni şəxslərin törətdikləri cinayətə görə yox, siyasi kimliklərinə, hökuməti qane etməyən fəaliyyətlərinə görə cəzalandırıldığını öz qərarlarıyla təsdiqləyib:

“Azərbaycan hökuməti də həmin qərarlarla razılaşıb, o işlər üzrə yerli məhkəmələrin çıxardığı hökm və qərarlar ləğv olunub, adamlara bəraət verilib, haqsız həbsdə saxlanmalarına görə kompensasiya ödənilib. Məsələn, İlqar Məmmədovun, Rəsul Cəfərovun, NİDA-çıların işində. Amma bu işlərdə hökm çıxaran hakimlərin heç biri cəzalandırılmayıb. Əsas sual budur, niyə?”

Məsələn, Bakı İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov və NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin 4 keçmiş üzvünün (Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli və Zaur Qurbanlı) barəsində ləğv olunmuş hökmləri vaxtilə Bakı Ağır Cinayətlər Məhkəməsində eyni hakimlər kollegiyası çıxarıb. Həmin hakimlər (Cavid Hüseynov, Eldar İsmayılov) hazırda da eyni vəzifədə çalışırlar.

İlyas Mahmudov 1993-cü ildən 2008-ci ilə kimi Ali Məhkəmədə müxtəlif vəzifələrdə çalışıb.

2008-ci ildən isə Sumqayıt şəhər Məhkəməsinin hakimi olan Mahmudovun səlahiyyətlərinə 2019-cu ildə vaxtından əvvəl xitam verilib.

XS
SM
MD
LG