Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:09

Arvadını öldürən hakimin cəzası azaldıldı


Fəqan Əhmədov
Fəqan Əhmədov

Sabunçu rayon Məhkəməsinin hakimi, həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Fəqan Əhmədovun cəzası azaldılıb

Sabunçu rayon Məhkəməsinin hakimi, həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Fəqan Əhmədovun cəzası azaldılıb.

Bakı Apellyasiya Məhkəməsi onun himayəsində 3 azyaşlı övladının olmasını, zərərçəkmiş tərəfin şikayətçi olmamasını, əksinə, Əhmədovun buraxılması üçün müraciətlərini nəzərə alaraq, cəzasını 10 ildən 7 ilə endirib.

Əhmədovun ittiham olunduğu CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsində cəza 9 ildən başlayır.

Lakin məhkəmə bu halları nəzərə alaraq, ona münasibətdə CM-in 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin etmə) maddəsini tətbiq edib.

Hadisədən sonra Əhmədovun hakim kimi toxunulmazlıq statusu ləğv olunsa da, onun təqsirliliyinə dair qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığına görə səlahiyyətlərinə xitam verilməmişdi.

Apellyasiya məhkəməsinin qərarından sonra isə hökm qüvvəyə minmiş hesab olunur.

Məhkəmə hakiminə 10 il həbs cəzası kəsildi

AzadlıqRadiosu 2021-ci ilin 30 sentybarında yazmışdı ki, Sabunçu rayon Məhkəməsinin hakimi, həyat yoldaşını qətlə yetirməkdə ittiham edilən Fəqan Əhmədov 10 il azadlıqdan məhrum edilib.

Sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə hökm çıxarılıb.

Hökmə əsasən, Əhmədov CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsilə təqsirli bilinib.

Hökmdən əvvəl məhkəmədə son sözünü deyən Əhmədov baş vermiş hadisəni "yersiz, şit bir zarafatın nəticəsi" adlandırıb. O bildirib ki, istintaq orqanının olayı qəsdən adam öldürmə kimi təqdim etməsi əsassızdır.

"İttiham aktında yazılıb ki, mən qəsdən öldürmək məqsədilə silaha patron yerləşdirmişəm. Hardadı sübut? Yaxud da həyat yoldaşımın mənimlə amiranə və hökmrancasına danışmasını özümə qarşı təhqir hesab etdiyimi yazıblar. Bu fərziyyədir. Nə vaxtdan 15 illik həyat yoldaşını hökmrancasına danışmasına görə öldürürlər? Mən Pərvanəni sevirdim, son nəfəsimə qədər də belə olacaq", – Əhmədov belə deyib.

Onun vəkilləri isə əməlin CM-in 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif olunmasını istəyib.

Xatırlatma

Hadisə mayın 30-da gecə saat 23.30 radələrində Ləhiş bağlarında baş verib.

1976-cı il təvəllüdlü Fəqan Əhmədov 10 ildir ki, hakimdir. O, 2011-2016-cı illərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim işləyib.

2016-cı ildə isə Sabunçu Rayon Məhkəməsinə hakim təyin edilib. Hakimlikdən öncə isə o, uzun illər Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin köməkçisi və məhkəmə - iclas katibi işləyib.

2015-ci ilin noyabrında Nardaranda ilahiyyatçı Taleh Bağırov və tərəfdarlarının həbsilə nəticələnən polis əməliyyatından sonra xeyli yerli sakin də saxlanmışdı.

Onların bir çoxu qanunsuz silah saxlama və s. ittihamlarla 5-6 ilə qədər azadlıqdan məhrum edilmişdi. Lakin həmin şəxslər təqsirsiz olduqlarını və barələrindəki hökmlərin ədalətsiz, əsassız olduğunu iddia edirdilər. O hökmlərin bir neçəsində Əhmədovun imzası vardı.

XS
SM
MD
LG