Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:29

'Rabitəçilər işi': Qəfəsdə məmurlar arasında qarşıdurma oldu


Vidadi Zeynalov
Vidadi Zeynalov

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan vəzifəli şəxsləri – nazirliyin Aparat rəhbəri olmuş Vidadi Zeynalov və "Aztelekom"un keçmiş rəisi Məhəmməd Məmmədovun bir-birinə münasibəti kəskinləşib.

Bu hal adları çəkilən sabiq məmurlar və daha doqquz nəfərin işi üzrə martın 1-də keçirilən məhkəmədə müşahidə olunub.

Zeynalov və Məmmədovun müdafiəçiləri də bir-birinin ünvanına sərt ifadələr səsləndiriblər.

Buna da bax:​ Həbsdəki məmur ziyanı ödəməyə hazırdır, bir şərtlə ki...

129 milyona yaxın vəsaitdən söhbət gedir

Məhkəmədə mübahisə Vidadi Zeynalovun vəkili Elxan Süleymanovun vəsatəti ilə başlayıb. Vəkil deyib ki, ittiham aktında təqsirləndirilən şəxslər, xüsusən də Vidadi Zeynalov haqda xeyli ziddiyyətli, əsassız məqamlar var: "Vidadi Zeynalov maddi-məsul şəxs olmayıb, nazirliyin tabeliyindəki struktur bölmələrə rəhbərlik etməyib. Aparat rəhbəri kimi, onun buna faktiki səlahiyyətləri olmayıb. Belə olan halda, Vidadi Zeynalova irəli sürülən ittihamlar əsaslı sayıla bilməz. İttiham aktında "Aztelekom" epizodu üzrə yazılıb ki, 2009-2015-ci ildə bu qurumun baş mühasibi olmuş Oqtay Rüstəmov və müəssisənin rəhbəri Məhəmməd Məmmədov 128 milyon 944 min manatı cəmiyyətin ayrı-ayrı banklarından hesablarına köçürüblər".

Vidadi Zeynalovun vəkili işin obyektiv və ədalətli araşdırılmasını, "Aztelekom"un sabiq rəhbəri və baş mühasibinin əməllərinin araşdırılmasını tələb edib.

Bu zaman məhkəmədə gərginlik yaşanıb.

Buna da bax:​ 'Rabitəçilər işi': Həbsdəki məmura iki gün vaxt verildi

“Prinsipin mənimlədi?”

Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev Vidadi Zeynalovun müdafiəçisinə etiraz edib. Deyib ki, onlar da Vidadi Zeynalovla bağlı cildlərin elan edilməsini, onun əleyhinə olan ifadələrin məhkəmədə səsləndirilməsini tələb edirlər.

Təqsirləndirilən 11 nəfərin hamısı məhkəmədə eyni dəmir qəfəsdə saxlanır. "Aztelekom"un sabiq rəhbəri elə qəfəsdə Vidadi Zeynalova üzünü tutub: "Prinsipin mənimlədi? Məndən nə istəyirsən? Mənimlə nə problemin var?"

Vidadi Zeynalov isə onunla heç bir probleminin olmadığını söyləyib.

Vəkil Şahin Rəfiyev soruşub ki, Məhəmməd Məmmədova pul verildiyini sübut etmək Vidadi Zeynalova nə verəcək?

"Məhəmməd Məmmədova pul verilmədiyini hamı yaxşı bilir", – vəkili vurğulayıb.

Buna da bax: '2 min manat maaş alan nazirdə 6,8 milyon hardandır?' [yenilənib]

“İstintaqın düzgün aparılmadığını sübut etmək istəyirik”

Vidadi Zeynalovun vəkili Elxan Süleymanov isə deyib ki, istintaq Məhəmməd Məmmədova fərqli yanaşıb. Amma eyni münasibət Vidadi Zeynalova qarşı sərgilənməyib, istintaq aşkar qərəz nümayiş etdirib.

Mübahisəyə Vidadi Zeynalov da müdaxilə edib: "Mənim və vəkillərimin məqsədi Məhəmməd Məmmədovun əleyhinə nəsə çıxarmaq deyil. Biz istintaqın düzgün aparılmadığını sübut etmək istəyirik. Burda hər kəs başa düşür ki, Məhəmməd nə pul alıb, nə də pul verib. Sadəcə, qorxusundan istintaq zamanı dəymiş zərəri ödəyib. Məqsədimiz istintaqın obyektiv olmamasını ortaya çıxarmaqdır".

Məhəmməd Məmmədov ittihamda onun tərəfindən dəymiş ziyan kimi göstərilən məbləği ödəyib. "Aztelekom"un keçmiş rəhbəri deyir ki, ziyanı dostları ödəyib.

Məhkəmə martın 3-də davam edəcək.

Buna da bax:​ Vidadi Zeynalov Samir Şərifovun adamlarını tələb edir

Xatırlatma

Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirləndirilir. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

XS
SM
MD
LG