Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:27

67 yaşı var, ancaq kimliyini təsdiqləyən heç bir sənədi yoxdur


Paytaxt sakini Kamil Həsənovun 67 yaşı olsa da, indiyədək şəxsiyyət vəsiqəsi olmayıb. O bu sənədi əldə etməkdən ötrü xeyli çalışıb, ancaq ala bilməyib. Hazırda şəxsiyyətini təsdiqləyən hər hansı sənədi yoxdur.

K.Həsənov deyir ki, şəxsiyyət vəsiqəsi verməkdən ötrü ondan doğum haqqında şəhadətnamə istəyirlər, amma əlində belə bir sənəd yoxdur.

Təkrar doğum şəhadətnaməsi almaqdan ötrü yaşadığı ərazi üzrə Xətai rayon Qeydiyyat İdarəsinə üz tutsa da, “yox” cavabı alıb.

Xətai rayon Qeydiyyat İdarəsindən K.Həsənova göndərilən məktubda yazılıb ki, təkrar şəhadətnamə almaqdan ötrü ərizə verməyə də kimliyini təsdiqləyən sənəd tələb edilir.

Beləcə, K.Həsənov doğum haqqında şəhadətnaməsi olmadığından, şəxsiyyət vəsiqəsi, eyni zamanda, həmin vəsiqənin yoxluğuna görə də doğum haqqında şəhadətnaməsini ala bilmir.

Onun sözlərinə görə, şəxsiyyət vəsiqəsinin olmaması ona xeyli çətinlik törədir, nəticədə bir çox hüququndan yararlana bilmir.

Bu səbəbdən 67 yaşlı şikayətçi məhkəməyə üz tutub. Xətai rayon Qeydiyyat İdarəsi məhkəməyə məktubunda təsdiqləyib ki, K.Həsənov haqqında doğum aktı qeydi var. 1957-ci ilin noyabrında anadan olan şikayətçi həmin ilin dekabrında qeydə alınıb. Ancaq şəxsiyyətini təsdiqləyən sənədi olmadığından, ona doğum haqqında şəhadətnaməni təkrar verə bilmirlər.

“Şəxsiyyəti təsdiq edən sənəd olmadan müvafiq şəhadətnamənin əldə edilməsi mümkün deyil. Bu səbəbdən də ərizəsi təmin oluna bilməz”, - Xətai rayon Qeydiyyat İdarəsinin məktubunda belə yazılıb.

Bakı İnzibati Məhkəməsində hakim Nəriman Abıyev bu məsələni araşdırıb. Belə nəticəyə gəlib ki, K.Həsənovun şikayəti əsaslıdır, qeydiyyat idarəsi ona doğum haqqında şəhadətnamə verməlidir.

Yanvarın 16-da məhkəmə qərar çıxararaq, Xətai rayon Qeydiyyat İdarəsinin üzərinə ona bu sənədi vermək öhdəliyi qoyub. İndi K.Həsənov həmin sənəd əsasında şəxsiyyət vəsiqəsi ala bilər.

XS
SM
MD
LG