Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:44

Henri Kissincerin Rusiya və Ukraynaya baxışları belə dəyişdi


ABŞ prezidenti Riçard Niksonun təhlükəsizlik məsələləri üzrə xüsusi müşaviri Henri Kissincer. 1969
ABŞ prezidenti Riçard Niksonun təhlükəsizlik məsələləri üzrə xüsusi müşaviri Henri Kissincer. 1969

Henri Kissincer 1923-cü ildə Almaniyada doğularkən SSRİ-nin banisi Vladimir Lenin hələ sağ idi və Birinci Dünya savaşının kabusu hələ də Avropa üzərində dolaşırdı. Adolf Hitlerin hakimiyyətə gələcəyi Almaniyada yəhudi uşağı kimi böyüyən Henri 1938-ci ildə ailəsi ilə birgə ABŞ-a qaçdı. 1953-cü ildə sovet diktatoru İosif Stalin öləndə onun 29 yaşı, Kuba ilə bağlı raket böhranı baş verəndə 39 yaşı vardı. 1968-ci ildə SSRİ tankları "Praqa baharı" üsyanını yatıran zaman 45 yaşlı Kissincer artıq ABŞ-ın xarici siyasət isteblişmentinin mərkəzinə yaxınlaşmaqda idi.

Tarix sahəsində təhsil alan Kissincer realpolitikin duayeni sayılırdı. O, beynəlxalq münasibətlərə böyük dövlətlərin siyasəti prizmasından baxırdı. Kissincer XIX əsrin əvvəllərinin siyasətinə həsr etdiyi doktorluq dissertasiyasından (1957-ci ildə "Bərpa edilmiş dünya" (A World Restored) başlığı ilə nəşr edilib) həyatının sonunadək iddia edirdi ki, böyük dövlətlərin sakitcə qəbul etdiyi dünya düzəni "legitim" dünya düzənidir.

"Burada işlədilən "legitim" deyimi ədalətlə qarışdırılmamalıdır. Bu, sadəcə, gerçəkləşdirilə bilən mexanizmlərin mahiyyəti və xarici siyasətdə icazə verilən məqsəd və metodlarla bağlı beynəlxalq razılaşma deməkdir", - o öz kitabında yazır.

Kissincer Soyuq savaşdan sonra keçid dövrü olaylarının dinamikasını açıqlamağa çətinlik çəkirdi. SSRİ-nin dağılması, Rusiyanın avtoritar prezidenti Vladimir Putinin hakimiyyətdə möhkəmlənməsi (Kissincer onunla tez-tez görüşürdü), Rusiya ilə Ukraynanın çətin münasibətləri də bura daxildir.

Kissincer xalqların hadisələri dəyişdirmək gücünü anlaya bilməmişdi?

Ötən ilin iyulunda Almaniyanın "Der Spiegel" dərgisinə müsahibə verən Kissincer Ukraynadakı müharibəni anlamaq və bitirmək üçün tarixi presedent tapıb göstərməyə dair sualı cavablamaqda çətinlik çəkmişdi: "Bu dəqiqə düşünmədən birbaşa cavab verə bilmərəm, axı Ukraynadakı savaş bəlli səviyyədə qüvvələr balansına bağlı savaşdır. Ancaq başqa bir səviyyədə onun vətəndaş müharibəsi aspektləri də var və klassik Avropa tipli beynəlxalq problemlə tamamilə qlobal tipli problemi kombinə edir. Bu müharibə bitən zaman məsələ Rusiyanın Avropa ilə davamlı münasibətlərə malik dövlət olması (Rusiya daim buna can atıb), yoxsa Asiyanın Avropa sərhədindəki ucqar bir məntəqəyə çevrilib-çevrilməməsi məsələsidir. …[Bununla bağlı] yaxşı bir tarixi nümunə də yoxdur".

Bir çox mütəxəssisə görə, Kissincerin qlobal və regional güclər arasında strateji balansa fokuslanması onun təhlillərinə kölgə salırdı.

"Belə yanaşma normal zamanlarda işləyə bilər, ancaq dəyişiklik ehtimallarını, yaxud dəyişiklik başlarkən baş verəcək olayları əhatə edə bilmir", - Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) təqaüddə olan təhlilçisi, keçmiş sovet respublikaları üzrə mütəxəssis Pol Qobl (Paul Goble) AzadlıqRadiosuna deyib və fikrini belə yekunlaşdırıb: "Bu üzdən Kissincer dünya tarixindəki vacib dönüş nöqtələrini qaçırır. Karyerası boyunca onun haqqında da bunu deyə bilərik. O, sovet imperiyasının istər xaricdəki, istərsə də SSRİ daxilindəki çöküşünü sezməmiş, hökumətlər nə qədər güc sahibi olsa da, xalqların hadisələri dəyişdirmək gücünü anlaya bilməmişdi".

Sovet lideri Leonid Brejnev Moskvada Henri Kissinceri qəbul edir. 1974
Sovet lideri Leonid Brejnev Moskvada Henri Kissinceri qəbul edir. 1974

İyun ayında AzadlıqRadiosu Ukrayna xidmətinin dərc etdiyi bir essesində ukraynalı alim Petro Kralyuk iddia səsləndirib ki, Kissincer uzun zaman Ukraynanı görməyib. Kissincerin 1994-cü ildə çıxan "Diplomatiya" (Diplomacy) kitabında Ukraynanın adı ikicə dəfə çəkilir.

"Rusiya pravoslavlığının beşiyi"

Kralyuk yazır ki, kitabda Kissincer ABŞ prezidenti Corc Buşun 1991-ci ildə Ukrayna parlamentindəki "Kiyev kotleti" (Chicken Kiev) kimi ad çıxarmış çıxışına haqq qazandırır. Sonradan kiçik Corc Buşun administrasiyasında dövlət katibi olan Kondoliza Raysın yazdığı həmin çıxışında Buş ukraynalı millət vəkillərini "intihar" millətçiliyindən əl çəkməyə, azadlıq, demokratiya və iqtisadi islahatları Mixail Qorbaçovun təklif etdiyi yeni Birlik Sazişi çərçivəsində axtarmağa çağırırdı. Çıxış Ukrayna millətçilərini və amerikalı mühafizəkarları qəzəbləndirmişdi. Bu çıxışa "Kiyev kotleti" adını da mühafizəkar köşə yazarı Uilyam Sefayr (William Safire) qoymuşdu. O, "The New York Times" qəzetindəki yazısında Buşun həmin çıxışını "nəhəng yanlış hesablama" və "zəif ton" saymışdı.

Kralyuka görə, kitabda Ukraynanın adının çəkildiyi ikinci bölüm daha maraqlıdır. Kissincer yazır: "Siyasi inancından asılı olmayaraq, Rusiyada aparıcı fiqurların böyük əksəriyyəti sovet imperiyasının çöküşünü, yaxud varis dövlətlərin, özəlliklə Rusiya pravoslavlığının sayılan Ukraynanın legitimliyini tanımaqdan boyun qaçırır".

"Ukraynanın "Rusiya pravoslavlığının beşiyi" olması haqda tezis onu göstərir ki, Kissincer Rusiya və Ukraynanı vahid nəsnə kimi görür və bu üzdən keçmiş sovet respublikalarının müstəqilliyini qəbul etməyən Rusiya siyasətçilərinin mövqeyini anlayır", - yenə Kralyukun məsələyə baxışıdır.

Putinin hakimiyyəti illərində Kissincer Moskva ilə əməkdaşlıq münasibətlərini təbliğ edib. Bu dövrün xeyli bölümündə Kreml Kissincerə məxsus "Kissinger Associates" adlı siyasi konsaltinq şirkətinin müştərisi olub. Kissincer Putin ilə ilk dəfə 1990-cı illərin əvvəllərində görüşüb. O zaman hələ Sankt-Peterburq meri Anatoli Sobçakın administrasiyasında çalışan Putin ikitərəfli Kissincer-Sobçak komissiyasının üzvü idi. Komissiya Qərbin Rusiyaya sərmayə yatırması yönündə fəaliyyət göstərirdi.

Henri Kissincer Rusiya prezidenti Vladimir Putin ilə Moskvada görüşərkən. 2021
Henri Kissincer Rusiya prezidenti Vladimir Putin ilə Moskvada görüşərkən. 2021

"Tərəfsiz Ukrayna ideyası anlamını itirir"

"Rusiyanı öz nüfuz dairəsində dominantlıq etmək haqqı olan böyük güc kimi görən Kissincer Moskva imperializminə haqq qazandırırdı. O, Soyuq savaş narrativində ilişib qalmışdı və çox vaxt daha kiçik, yaxud yeni yaranan dövlətlərin maraqlarına məhəl qoymurdu", - Vaşinqtonda fəaliyyət göstərən Ceymstaun Fondunun aparıcı tədqiqatçısı Yanuş Buqayski (Janusz Bugajski) AzadlıqRadiosuna belə deyib.

"Rusiya ilə söhbətləşib beynəlxalq sistemə gətirmək mümkün deyil. Bu, sövdələşmə və, üstəlik, anlama tələb edir. Bu, unikal və mürəkkəb cəmiyyətdir…", - Kissincerin 2016-cı ildə "The Atlantic" dərgisinə müsahibəsində dilə gətirdiyi sözlərdir.

2014-cü ildə Moskvanın Ukraynanın Krım bölgəsini işğal etməsindən və ölkənin şərqində bölücü konflikt ocağı yaratmasından sonra Kissincer hələ də Ukraynanı Rusiyanın nüfuz dairəsinin bir parçası kimi görməyə davam edirmiş kimi görünürdü. O, Krımın ilhaqının üstündən bir ay keçmədən "The Washington Post"a yazdığı şərhdə iddia edirdi ki, "Rusiya üçün Ukrayna heç vaxt xarici ölkə olmayacaq". Kissincer "müdrik" Ukrayna liderlərini ölkələrinin müxtəlif hissələri arasında barışıq siyasətini seçməyə çağırır, "Ukrayna NATO-ya qoşulmamalıdır" deyirdi.

Kissincer 2016-cı ildə Moskvadakı çıxışında Ukraynanın tərəflərdən hər hansı birinin sərhəd bölgəsi olmaqdansa, Rusiya ilə Qərb arasında körpü rolunu oynamalı olduğunu söyləmişdi.

Bu ilin sentyabrında Vaşinqtonda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə isə belə demişdi: "Bu savaşdan öncə mən Ukraynanın NATO üzvlüyünə qarşı idim, çünki qorxurdum ki, indi gördüyümüz proses başlayar. İndi proses gəlib bu səviyyəyə çatdığından belə şərtlər altında tərəfsiz Ukrayna ideyası anlamını itirir".

XS
SM
MD
LG