Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:36

Putin, Əliyev, Nazarbayev və başqaları ofşor hesabatında (Yenilənib - tam mətn)


Arxiv fotosu: Qazaxıstan, Azərbaycan və Rusiya prezidentləri - Nursultan Nazarbayev (solda), İlham Əliyev (Mərkəzdə) və Vladimir Putin
Arxiv fotosu: Qazaxıstan, Azərbaycan və Rusiya prezidentləri - Nursultan Nazarbayev (solda), İlham Əliyev (Mərkəzdə) və Vladimir Putin

-

214 000 SƏNƏD ORTAYA ÇIXIB

Ofşor zonada korrupsiya ittihamlarına dair sənədlərdə dünyanın müxtəlif ölkələrindən 140 siyasətçi və dövlət rəsmisinin adı var. Onların arasında İslandiya və Pakistanın Baş nazirləri, Ukrayna prezidenti, Azərbaycan prezidentinin ailəsi və Səudiyyə Kralı da var.

Jurnalistlərin əlinə keçən sənədlərin sayı 214 000-dən çoxdur. Bu sənədlərdə qlobal hüquq şirkətləri, böyük bankların siyasətçilər, dələduzlar, narkotik alverçiləri, o cümlədən milyarderlər, idman və mədəniyyət ulduzlarına gizli maliyyə əməliyyatlarında necə yardım etdikləri əskini tapır.

Bunları Almaniyanın “Süddeutsche Zeitung” qəzeti və başqa 100 media orqanının da təmsil olunduğu Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu (AJBK) bir il çəkən araşdırma ilə üzə çıxarıb.

Böyük banklar da izləri ofşor bataqlılarında çətin tapılan şirkətlərə cəlb edilib

Üzə çıxan sənədlər arasında indiki və keçmiş dünya liderlərindən 12 nəfərinin də ofşor zonalarda gizli əməlləri haqqında sübutlar var. Məsələn, Rusiya prezidenti Vladimir Putinin yardımçısının qaranlıq şirkətlər vasitəsilə 2 milyard dollarlıq gizli əməliyyat keçirdiyi barədə sənədlər var.

Həmçinin sənədlər arasında İslandiya və Pakistanın Baş nazirləri, Səudiyyə Ərəbistanı kralı, eləcə də Azərbaycan prezidenti İlham Əliyevin uşaqlarının nəzarətində olan ofşor şirkətlər haqqında məlumatlar var.

Sızmış materiallarda 140 lider və hökumət rəsmisinin adları 210 minədək şirkətlərlə əlaqədar olaraq çəkilir. Burada toplanmış materiallar 40 ili əhatə edir

Gizli maliyyə fırıldaqlarında adı hallananlardan 33 şəxs və şirkət həmçinin ABŞ hökumətinin qara siyahısındadır. ABŞ hökuməti onları Meksikanın narkotik ticarətçiləri, Hizbollah kimi terror təşkilatları, Şimali Koreya və İran kimi nadürüst ölkələrlə əlaqədə ittiham edir.

Məsələn, ABŞ hökumətinin ittihamlarına görə həmin şirkətlərdən biri Suriya hökumətini təyyarə yanacağı ilə təchiz edir, o da həmin yanacaqla təyyarələrini səmaya qaldırıb öz vətəndaşları olan dinc sakinlərin başına bomba yağıdırır.

QARANLIQ OFŞOR QUYUSUNDAN KİMLƏRİN ADI ÇIXMIR?!

Kaliforniya Universitetindən iqtisadçı, “Dövlətlərin gizli varidatı: Vergi sığınacaqlarından gələn bəla” (“The Hidden Wealth of Nations: The Scourge of Tax Havens.”) kitabının müəllifi olan Gabriel Zucman bildirir ki, “Ortaya çıxan sənədlər ofşor zonalarda cinayətkarlıq və zərərli təcrübələrin nə qədər dərin kök saldığını sübut edir.”

Jurnalistlərin bu araşdırması ilə tanış olan cənab Zucman hesab edir ki, bu qaranlıq ofşor əməliyyatlarında iştirak edənlərə qarşı konkret sanksiyalar tətbiq edilməlidir.

Azərbaycan və Çin prezidentləri İlham Əliytev (solda) və Xi Jinping, Pekin 10 dekabr 2015
Azərbaycan və Çin prezidentləri İlham Əliytev (solda) və Xi Jinping, Pekin 10 dekabr 2015

Ortaya çıxan sənədlərdə özlərin alovlu korrupsiya mübarizələri kimi təqdim edən bəzi dünya liderlərinin də adları var. Ölkəsində “korrupsiya ordusu” ilə mübarizə apardığını deyən Çin lideri Xi Jinping, yaxud gündə bir korrupsiya skandalı ilə lərzəyə gələn Ukraynanın özünü böyük islahatçı kimi qələmə verən prezidenti Petro Poroshenko da onların arasındadır. Həmçinin vergidən yayınmalara qarşı islahatların əsas ilhamvericilərindən olmuş Britaniyanın indiki Baş naziri David Cameronun mərhum atasının da ofşorlardakı fəaliyyətinə dair yeni detallar ortaya çıxıb.

Sənədlər 1977-ci ildən 2015-ci ilıə qədər – 40 illik dövrü əhatə edir. Onlar ofşor dünyasının gizlinlərinə baş vurmağa, oradan beynəlxaıq maliyyə sisteminə gizli ötürmələri, dövlətlərin vergi gəlirlərinin necə mənimsəndiyini günbəgün, ilbəil izləməyə imkan verir.

Qanuni çərçivələrdən çıxmayacaqları halda ofşor zonalarda fəaliyyət göstərən şirkətlərin xidmətlərinin çoxu leqaldır. Amma jurnalistlərin əldə etdikləri bu sənədlərə görə ofşor zonalardakı banklar, hüquq şirkətləri və başqa oyunçular heç də həmişə öz müştərilərinə xidmətdə qanunun tələblərinə normalara əməl etmirlər. Məsələn, onlar maraqlanmırlar ki, müştəriləri təklif etdikləri bu pulları cinayətkarlıq, vergidən yayınma, siyasi korrupsiya yolu ilə əldə ediblər, yay yox.

Bəzi hallarda isə ofşor vasitəçilər rəsmi sənədləri saxtalaşdırmaqla özlərini və müştərilərini ittihamlardan qorumağa cəhdlər ediblər.

Sənədlər aydın göstərir ki, iri banklar Britaniyanın Vircin adalarında, Panama və başqa ofşor “cənnət”lərində yaradılan, izlənib üzə çıxarılması müşkül olan şirkətlərin əsas hərəkətverici qüvvələri olublar. Sənədlərdə kağız üstündə mövcud olan 15 600-can şirkətin adı var.

Banklar, o cümlədən UBS və HSBC kimi nəhəng beynəlxalq banklar bu şirkətləri öz gəlir-çıxarlarını gizli saxlamaq istəyən müştərilər üçün yaradıblar. Həmçinin araşdırmada Putinlə əlaqəli olan banklar, şirkətlər və ayrı-ayrı fərdlərin gizli manevr üsullarını üzə çıxarılır. Sənədlərə əsasən, bu şəbəkəyə aid ofşor şirkətlər köçürmələri hissə-hissə - hər dəfə yalnız 200 milyon dollara qədər məbləğdə həyata keçiriblər.

Putinə bağlı adamlar ödənişlərin məqsədini pərdələyiblər, geri tarixlə sənədləşdirmələrə əl atıblar, diqqət cəlb etmədən ölkə mediası və avtomobil sənayesində nüfuz sahibi olublar. Kremlin sözçüsü bu araşdırma ilə bağlı sualları cavablandırmayıb. Bunun əvəzində martın 28-də bəyanat verərək AJBK və onun tərəfdaşlarını Putin və ona yaxın şəxləri “gözdən salan informasiya həmləsi” hazırlamaqda ittiham edib.​

76 ÖLKƏDƏN 370 JURNALİST BİRLƏŞİB ORTAYA ÇIXARDI...

76 ölkədən 370-dən çox jurnalistin daxil olduğu komandanın araşdırdığı bu sənədlər Panamada yerləşən, az adamın tanıdığı, amma “qollu-budaqlı” bir hüquqi şirkətindən qaynaqlanır. Mossack Fonseca adlanan həmin şirkətin Honq-Konq, Mayami, Sürixdə və dünya boyu 35-dən çox başqa nöqtəsində şöbələri var.

AJBK həmin təsisatların tam siyahısını və onlarla bağlı şəxslərin adlarını mayın əvvəlində açıqlayacaq. Həmin informasiyalara e-maillər, mühasibat sənədləri, pasport məlumatları və korporativ məlumatlar daxildir.Şirkətin mətbuata sızan daxili sənədlərində 214,488 ofşor təsisatın adı keçir. Bu təsisatlar 200-dən çox ölkə və ərazidən olan şəxslərlə əlaqəlidir.

Bu məlumatlar Nevdadan tutmuş Sinqapura, Britaniyanın Vircin adalarına qədər 21 ofşor hüquq məkanındakı bank hesablarının, şirkətlərin məxfi sahiblərini üzə çıxarır. Mossack Fonseca-nın həm də Afrikanın almaz ticarətində, incəsənət əsərlərinin beynəlxalq bazarında və gözdən-qulaqdan uzaq çiçəklənən digər bizneslərdə izi var.

O həm də Yaxın Şərqin kral ailələrindən olan yetərincə şəxsə xidmət göstərib. Məsələn iki krala - Mərakeş kralı VI Məhəmmədə və Səudiyyə Ərəbistanının kralı Salmana lüks yaxtalarda dənizə çıxmaqda yardım edib.

İslandiyada isə baş nazir Sigmundur David Gunnlaugsson və onun həyat yoldaşı məxfi şəkildə ofşor şirkətə sahibləniblər.

Putinin daha bir köhnə dostu Yury Kovalchuk
Putinin daha bir köhnə dostu Yury Kovalchuk

Sənədlərdə çirkli pulların yuyulmasına görə məhkum olunmuş şəxsin də adı keçir. Həmin şəxs vaxtilə ABŞ-dakı Watergate qalmaqalı ilə əlaqəli olduğunu etiraf edib. O zaman prezidentliyə demokrat namizədin izlənməsinə də xərclənən 50,000 dollarlıq qanunsuz ianənin toplanmasını təşkil edib.

Mossack Fonseca-nın mətbuata sızan sənədlərində həm də “Forbes” jurnalının dünyanın ən zəngin adamlarını əhatə edən 500 nəfərlik siyahısında yer alan 29 milyarderin də adı var. Bundan başqa kino ulduzu Jackie Chan-ın da azı 6 şirkətini Mossack Fonseca idarə edib.

Mossack Fonseca-nın bir çox başqa müştəriləri kimi Jackie Chan-ın şirkətlərinin də hansısa qanunsuz işlər görməsi haqda sübut yoxdur. Ofşor şirkətə sahiblənmək qanuna zidd əməl deyil. Hətta bəzi beynəlxalq biznes ödənişləri üçün bu hətta məntiqi seçimdir.

Amma bununla yanaşı o da qeyd edilməlidir ki, Mossack Fonseca-nın sənədlərinə əsasən, onun müştəriləri arasında fırıldaqla məşğul olan sərmayəçilər, narkobaronlar, vergidən yayınanlar və hətta seksual xarakterli cinayətə görə məhkum edilmiş bir şəxs var. Rusiyaya səfər edərkən kimsəsiz uşaqlarla cinsi əlaqəyə gördiyi üçün məhkum edilmiş amerikalı biznesmen, sənədlərə əsasən, New Jersey-dəki həbsxanada cəza çəkdiyi zaman ofşor şirkətin kağızlarına imza atıb.

AÇILDI SANDIQ, TÖKÜLDÜ PAMBIQ...

Sızan məlumatlar iri qalmaqallara da işıq tutur. O cümlədən İngiltərədəki qızıl oğurluğu və FİFA ilə bağlı qalmaqallara. ​

İlham Əliyev və ailəsi
İlham Əliyev və ailəsi

Sənədlərdən aydın olur ki, FIFA-nın etika komitəsinin üzvü Juan Pedro Damiani-yə məxsus hüquq şirkətinin FİFA qalmaqalı zamanı ittiham edilmiş üç şəxslə - FIFA-nın keçmiş vitse-prezidenti Eugenio Figueredo ilə, eləcə də Latın Amerikasındaki futbol oyunlarının yayım hüququnun əldə edilməsi üçün rüşvət verməkdə suçlanan Hugo və Mariano Jinkis ilə (ata-oğul) biznes əlaqələri olub. Damiani-nin hüquq şirkəti Uruqvayda bir ofşor şirkətini təmsil edib. Həmin şirkətin Jinkises ilə və Figueredo-ya bağlı 7 şirkət ilə bağlılığı olub.

AJBK və media tərəfdaşlarının sorğusuna cavab olaraq, FIFA-nın etika komitəsi Damiani-nin Figueredo ilə münasibətlərinin ilkin təhqiqatını başladıb. Komitənin sözçüsü deyib ki, Damiani, Figueredo ilə biznes əlaqələri barədə, ilk dəfə olaraq, martın 18-də məlumat verib. Bundan bir gün öncə reportyor komandası Damiani-yə hüquq firmasının FIFA-nın keçmiş vitse-prezidentinə bağlı şirkətlər üçün gördüyü işlər barədə suallar göndərib.

Lionel Messi
Lionel Messi

Sənədlərdə məşhur futbolçu Lionel Messi-nin də adı var. Sənədlərə görə, Messi və atası bir Panama şirkətinin sahibləri olub: Mega Star Enterprises Inc. şirkətinin. Beləliklə də, Messi ilə bağlı olduğu bildirilən saxta şirkətlərin siyahısı böyüyür. Hazırda futbolçunun ofşor sövdələşmələri İspaniyada bir vergi işi çərçivəsində araşdırılır.

Mossack Fonseca müştərilərinin sirlərini, məşhurluq dərəcəsindən asılı olmayaraq, cidd-cəhdlə qoruyur. Sənədlərdə bildirilir ki, hüquq firması Nevadada özünü və müştərilərini ABŞ məhkəməsinin hüquqi təqibindən qorumağa çalışıb, Las Veqas filialından sənədləri çıxarıb, texniki peşəkarları isə telefonlardan və kompüterlərin elektron yazışmaları silib.

HEÇ NƏ PROBLEM DEYİL, TƏKİ ƏLİN CİBİNDƏ OLSUN...

Sızdırılmış fayllarda deyilir ki, firma tez-tez sənədlərin tarixini geri göstərməklə müştərilərinin maliyyə işlərində qazanc götürməsinə kömək edib. Bu o qədər geniş yayılıb ki, 2007-ci ilə aid elektron məktubda firma əməkdaşları qiymət strukturu müəyyənləşdirirlər, – müştərilər sənədin tarixinin geriyə yazılmasından ötrü hər ay 8.75 dollar ödəməlidirlər.

AJBK və media tərəfdaşlarının suallarına yazılı cavabında firma bildirib ki, “qanunsuz hərəkətləri təşviq və təbliğ etmir. Səhmdarları real sahiblərin kimliyini gizlətmək məqsədilə strukturla təmin etməyimiz barədə iddialarınız tamamilə əsassız və saxtadır”.

Firma onu da əlavə edib ki, sənədlərin geri tarixlə göstərilməsi “yaxşı əsaslandırılmış və qəbul olunmuş təcrübədir”, “sənayemizdə geniş yayılıb və məqsəd qanunsuz hərəkətləri pərdələmək, yaxud gizlətmək deyil”.
Firma konkret müştərilər barədə suallara cavab verə bilməyəcəyini, müştəri konfidensiallığını qorumalı olduğunu söyləyib.

Hüquq firmasının həmtəsisçisi Ramón Fonseca bu yaxınlarda Panama televiziyasına deyib ki, firma satdığı ofşor şirkətlərlə müştərilərinin nə etdiyinə görə məsuliyyət daşımır. O, firmanı bir “maşın zavoduna” bənzədib, onun məsuliyyəti maşın istehsal olunan kimi bitir. “Mossack Fonseca-nı müştərilərin öz şirkətləri ilə etdiklərinə görə qınamaq, maşın oğurluq hadisəsində istifadə olunarsa, maşın istehsalçısını buna görə suçlamağa bənzəyir”, o deyib.

Panamada Mossack Fonseca hüquq şirkətinin də yerləşdiyi bina, 3 aprel 2016
Panamada Mossack Fonseca hüquq şirkətinin də yerləşdiyi bina, 3 aprel 2016

Bu yaxınlaradək, Mossack Fonseca daha çox “kölgədə” qalıb. Hökumətlər şirkətin fayllarının bir qismini əldə edəndən sonra firmaya diqqət yönəlib. Almaniya və Braziliya onun fəaliyyətini araşdırmağa başlayıb.

2015-ci ilin fevralında “Süddeutsche Zeitung” məlumat yayıb ki, Almaniyanın hüquq-mühafizə orqanları ölkənin ən böyük banklarından biri olan “Commerzbank”a qarşı reydlər keçirib. Reydlər vergi saxtakarlığının təhqiqatı çərçivəsində aparılıb. Hakimiyyət bildirib ki, Mossack Fonseca işçilərinə qarşı cinayət ittihamları irəli sürülə bilər.

PREZİDENT KÜRSÜDƏN GEDƏ BİLƏR

Braziliyada isə firma rüşvət və pulyuma təhqiqatı çərçivəsində hədəfə gəlib. “Operation Car Wash” (portuqalca “Lava Jato,”) adlı təhqiqat nəticəsində aparıcı siyasətçilərə ittihamlar verilib, eləcə də keçmiş prezident Luiz Inacio Lula da Silva-ya qarşı araşdırma başlanıb.

Bu qalmaqal nəticəsində indiki prezident Dilma Rousseff də vəzifədən gedə bilər.

Yanvarda Braziliya prokurorları Mossack Fonseca-nə “böyük pulyuyan” adlandırıb, firmanın Braziliya ofisinin beş işçisinə qarşı, qalmaqalda roluna görə ittihamlar irəli sürüldüyünü bildirilib.

Mossack Fonseca Braziliyada hər hansı yanlışa yol vermədiyini deyir.

Hüquq firmasının sızdırılmış fayllarındakı məlumatlar AJBK və tərəfdaşlarının son 4 ildə üzə çıxardıqları ofşor məsələlərini xeyli genişləndirmiş olur.
İndiyədək görünməmiş bir şəkildə əməkdaşlıq edən media, 25 dildə yazan jurnalistlər Mossack Fonseca-nın daxilinə nüfuz edib, hüquq firmasının dünyada müştərilər ilə gizli sövdələşmələrinin izinə düşüb.

Onlar informasiyanı paylaşaraq, korporativ sənədlər, mülkiyyət sənədləri, maliyyə məlumatları, məhkəmə sənədləri, pulyuma üzrə ekspertlər və hüquq-mühafizə rəsmiləri ilə müsahibələr əsasında, sızdırılmış fayllardakı məlumatların iziylə gediblər.

SƏNƏDLƏR HARDAN GƏLİB?

Süddeutsche Zeitung müxbirləri gizli mənbədən milyonlarla yazışma əldə edib, AJBK və digər tərəfdaşlara ötürüblər. Əməkdaşlıq edən media orqanları sənədlərə görə ödəniş etməyiblər.

Süddeutsche Zeitung bunları əldə etməmişdən, Almaniya vergi orqanına bir nəfər Mossack Fonseca-nın sənədlərinin kiçik bir hissəsini ötürüb. Nəticədə 2015-ci ilin əvvəlində Almaniyada reydlər keçirilib. Məsələdən xəbərdar olan mənbələr deyirlər ki, o vaxtdan bəri bu azsaylı sənədlər Böyük Britaniya, AB, və digər ölkələrin vergi rəsmilərinə təklif olunur.

Xəbər qurumlarının əldə etdiyi əlavə fayllar isə hüquq firmasının biznes metodları barədə bircə fraqmenti üzə çıxarmayıb. İşini gizlətməyə çalışan bir sənaye barədə daha geniş mənzərə yaradır, bu sistemi dəyişməyə yönəlik səylərin niyə alınmamasının səbəblərini açır.

Mossack Fonseca hekayəti elə ofşor sisteminin öz hekayətidir.

ƏSRİN CİNAYƏTİ

1983-cü il noyabrın 26-da dan yeri sökülməmiş altı basqınçı Londonun Heathrow hava limanında Brink’s-Mat anbarına girməyə müvəffəq oldu. Onlar təhlükəsizlik işçilərinin əl-qolunu bağlayaraq onların üstünə benzin tökdülər, bir kibrit yandırdılar və anbarın zirzəmisini açmayacaqları təqdirdə onlara od vuracaqlarını dedilər. Zirzəmi açılanda oğrular içəridə 7 000-ə qədər qızıl külçə, brilyant və nəğd pul apardılar.

"Köməyinizə görə çox sağ olun. Milad Bayramınız mübarək," deyə oğrulardan biri dedi və onlar çıxıb getdilər.

Britaniya mediası bu basqını "Əsrin cinayəti" adlandırdı. Oğurlananların böyük hissəsi, o cümlədən qızılın əridilib satılmasından götürülmüş pullar heç vaxt qayıtmadı. İngiltərənin cinayət aləmi hələ də heyrətlə itirilmiş pulların hara getdiyini düşünür.

İndi Mossack Fonsecanın faylları arasında olan sənədlərdən görünür ki, bu hüquq şirkəti və onun həmtəsisçisi Jürgen Mossack maxinasiyalarda ad çıxarmış londonlu Gordon Parry ilə əlalqəli olan bir şirkəti müdafiə etməklə oğurlanmış pulların hökumətin əlinə keçməməsinə yardım etmiş ola bilər.

Qeydlərdən görünür ki, oğurluq hadisəsindən on altı ay sonra Mossack Fonseca Panamada Feberion Inc. adlı qılaf şirkət yaradıb. Jürgen Mossack da həmin şirkətin üç "namizəd" direktorundan biri olub. Biznes aləmində bu termindən şirkətə kağız üzərində nəzarət edən, əslində isə onun fəaliyyəti ilə bağlı heç bir səlahiyyəti olmayan şəxsi göstərmək üçün istifadə olunur.

Mossack-ın yazdığı daxili memorandumda qeyd olunur ki, o hələ 1986-cı ildə bu şirkətin "Londonda Brink’s-Mat-dən oğurlanmış pulların idarə edilməsi məsələsinə aidiyyatı olduğundan xəbərdar olub. Şirkətin özündən qeyri-qanuni şəkildə istifadə olunmayıb. Ancaq ola bilər ki, şirkət qeyri-qanuni mənbələrə bağlı bank hesablarına və mülkiyyətə sərmayə qoymuş olsun."

Mossack Fonseca-nın 1987-ci ilə aid qeydlərindən aydın olur ki, Feberion arxasında Parry durub. Qeydlərdən görünür ki, hüquq şirkəti hökumətin Feberionun aktivlərinə çıxış əldə etməsinə yardım etməkdənsə Britaniya polisinin şirkət üzərində nəzarəti ələ keçirməsinə mane olmaq istiqamətində addımlar atıb.

Mətbuata sızmış qeydlərdə deyilir ki, polis şirkətin sahibliyinə nəzarətlə bağlı iki sertifikatı ələ keçirəndən sonra Mossack Fonseca Feberionun 98 yeni səhm çap etməsini təşkil edib. Belə görünür ki, onun bu addımı nəticəsində nəzarət müstəntiqlərin əlindən çıxıb.

Mossack Fonseca yalnız 1995-ci ildə, yəni Parry-nin qızıl oğurluğu üstündə həbsxanaya göndərilməsindən 3 il sonra"Feberion"la biznes əlaqəsinə son qoyub.

Hüquq şirkətinin sözçüsü deyib ki, şirkətin Brink’s-Mat soyğunundan əldə olunmuş pulların himayə olunmasına kömək etməsi ilə bağlı ittihamlar "tamamilə yanlışdır". Sözçü deyib ki, Jürgen Mossackın Parry ilə "heç vaxt hər hansı səvdələşməsi" olmayıb və o polis heç vaxt ona bu işlə bağlı müraciət etməyib.

Mossack Fonsecanın bu fırıldaqçı şirkəti müdafiə etməsi bir çox ofşor qurumların öz müştərilərinin maraqlarına xidmət etmək üçün nə qədər uzağa gedə biləcəklərini nümayiş etdirir.

OFŞORLAR NECƏ İŞLƏYİR?

Ofşor sistem müştərilərinin sirlərini qorumaq üçün birlikdə işləyən bankirlər, hüquqşünaslar, mühasiblər və dəllalların geniş qlobal şəbəkəsidir. Bu məxfilik ekspertləri çirkli pulların mənbəyini gizlətməyə qadir olan mürəkkəb strukturlarını yaratmaq üçün anonim şirkətlər, trastlar və başqa kağız üzərində olan qurumlardan istifadə edirlər.

Narkotiklər üzrə keçmiş agent və "Casus: Mənim Pablo Escobarın Medellín kartelinin arxasında duran çirkli bankların daxilindəki gizli həyatım" adlı kitabın müəllifi Robert Mazur deyir ki, "onlar motoru işlədən benzin rolunu oynayırlar. ...Onlar kriminal təşkilatların uğur formulasının son dərəcə mühüm hissəsidirlər."

Mossack Fonseca-DAN AJBK-ə bildirib ki, şirkət "qanunların həm müddəalarına, həm də mahiyyətinə əməl edir. Məhz buna görə də fəaliyyətdə olduğumuz bu 40 ilə yaxın müddətdə bir dəfə də olsun cinayətdə ittiham olunmamışıq."

On illər əvvəl şirkətin əsasını qoymuş və hazırda onu idarə edən şəxslər Panama cəmiyyərində və siyasətində tanınmış fiqurlardır.

Jürgen Mossack Almaniyadan gəlmiş mühacirdir. Onun II dünya müharibəsi zamanı Hitlerin Waffen-SS qüvvələrində xidmət etmiş atası düşünüb ki, Panamada öz ailəsi üçün yeni həyat qurub.

Ramón Fonseca isə mükafatlara layiq görülmüş bir romançıdır. O, son illər ərzində Panama prezidentinin müşaviri vəzifəsini tutub. Ancaq onun hüquq şirkətinin adı Braziliyada baş qaldıran bir qalmaqalda hallanmağa və AJBK və tərəfdaşları ona şirkətin fəaliyyəti ilə bağlı suallar verməyə başlayandan sonra o, prezidentin müşaviri kimi fəaliyyətini dayandırıb.

Dünyanın ən əsas maliyyə məxfiliyi zonalarından olan Panamada yerləşən Mossack Fonseca Panamanın özündə, Britanıyanın Vircin adalarına və başqa "maliyyə cənnətləri"ndə anonim şirkətlər yaradır.

MOSSACK FONSECA-NIN ƏLİ ÇATMAYAN YER OLMAYIB

Gizli qeydlərdən görünür ki, bu hüquq şirkəti öz müştərilərinə pulları, yaxud vergi sənədlərini gizlətməyə kömək etmək üçün Niderland, Meksika, ABŞ və İsveçrə kimi yerlərdə iri banklar və hüquq şirkətləri ilə sıx əməkdaşlıq edib.

AJBK sızmış faylları təhlil edərək müəyyən edib ki, 1970-ci ildən bəri 500-dən çox bank, onların törəmə qurumları və şöbələri müştərilərin ofşor şirkətləri idarə etməsinə şərait yaratmaq üçün Mossack Fonseca ilə əməkdaşlıq edib. İsveçrənin bank şirkəti olan UBS Mossack Fonseca vasitəsilə 1100-dən çox ofşor şirkət yaradıb. HSBC və ona bağlı qurumlar 2 300-dən çox belə şirkət yaradıb.

Fayllardan görünür ki, Mossack Fonseca müştərilərinə şirkətlər, fondlar və trastlar yaratmaq üçün ümumilikdə 14 000-dən çox bank, hüquq şirkəti, şirkət törəmələri və başqa vasitəçilərlə birgə işləyib.

Mossack Fonseca bildirir ki, ofşor şirkətlərdən istifadə edən müştərilər yox, məhz həmin vasitəçilər onun əsl müştəriləridir. Şirkət qeyd edir ki, bu vasitəçilər yeni müştərilərin nəzərdən keçirilməsi üçün əlavə nəzarət qatı deməkdir. Prosedurlara gəldikdə isə Mossack Fonseca deyir ki, onlar çox zaman "bizim və başqalarının bağlı olduğumuz mövcud qaydaları və standartları" aşırlar.

Brink’s-Mat qızıl oğurluğu ilə bağlı yaradılmış qılaf şirkət olan Feberion Inc.-i qorumaq üçün Mossack Fonseca, Panamada yerləşən başqa bir şirkət, "Chartered Management Company"nin xidmətlərindən itifadə edib. Bu şirkət amerikalı Gilbert R.J. Strauba məxsusdur. Bu şəxs məşhur Watergate qalmaqalında epizodik rol oynayıb.

Gizli fayllardan görünür ki, 1987-ci ildə Britaniya polisi həmin bu qılaf şirkətlə bağlı araşdırma aparanda Jürgen Mossack və Feberionun kağız üzərində olan digər direktorları istefa veriblər. Ancaq onları Straubun "Chartered Management" şirkətinin təyin etdiyi yeni direktorlar əvəz edib.

Keçmiş gizli agent Mazur yazır ki, Straub sonradan ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin səyi nəticəsində həbs edilib. Ancaq o işin Brink’s-Mat işi ilə heç bir əlaqəsi olmayıb. 1995-ci ildə Mazurun düzüb-qoşduğu iş nəticəsində Straub çirkli pulların yuyulmasında təqsirli olduğunu etiraf edib. Mazurun yaxşı əlaqələrə malik pul yuyucusu olduğunu düşünən Straub 1972-ci ildə prezident Nixonun seçki kampaniyasına qeyri-qanuni pul ötürməyə cəhd etdiyini etiraf edib.

SİRLƏR VƏ QURBANLAR

Nick Kgopa-nın atası, Nick-in 14 yaşı olanda vəfat edib. Atasının Cənubi Afrikanın şimalındakı qızıl mədənində işləyən həmkarları deyirdilər ki, o kimyəvi partlayış zamanı həlak olub.

Nick və onun anası, həm də kar olan kiçik qardaşı mədənçilərin dul arvadları və yetim uşaqları üçün nəzərdə tutulmuş fonddan aldıqları aylıq çeklərin hesabına keçinirdilər. Həmin ödənişlər artıq dayanıb.

Nick-in ailəsi də bir çoxları kimi bir Cənubi Afrika biznesmeninin 60 milyon dollarlıq fırıldağına görə belə vəziyyətə düşmüşdü. Prokurorlar iddia edirdilər ki, Fidenta aktivlərin menecmenti şirkətinə bağlı bir qrup şəxslər investisiya fondlarından milyonlarla dolların talan edilməsi üçün sxem qurmuşdular. Bu fondların arasında 46 min dul və yetimə dəstək üçün nəzərdə tutulmuş mədən işçilərinin ölüm müavinətləri fondu da vardı.

Mossack Fonseca-dan sızmış sənədlər göstərir ki, bu fırıldaqda əli olan azı iki şəxs ofşor şirkətlərinin yaradılması üçün Panamada mənzillənmiş hüquq firmasıdan istifadə ediblər və Mossack Fonseca firması bu fırıldaqçılardan birinə, o hətta hakimiyyət orqanları tərəfindən bu qalmaqalla açıq şəkildə əlaqələndirildikdən sonra belə, onun pulunun qorunmasında kömək etmək istəyib.

Ponzi sxemçiləri və çox sayda qurbanlara kələk gələn başqa fırıldaqçılar sxemlərini və gəlirlərini gizlətmək üçün tez-tez ofşor strukturlardan istifadə ediblər. The Fidentia məsələsi Mossack Fonseca-nın müştərilərinə aid sənədlərdən bəlli olan yeganə böyük miqyaslı fırıldaq deyil.

YETİMLƏR VƏ DUL QADINLARIN ÇÖRƏYİ KƏSİLDİ

Məsələn, İndoneziyada kiçik investorlar iddia edirlər ki, Mossack Fonseca-nın Britaniyanın Vircin adalarında qeydiyyatdan keçirdiyi bir şirkətdən, 3 500 adama ümumilikdə azı 150 milyon dollar kələk gəlmək üçün istifadə edilib.

“Bu pullar bizə aprel ayında oğlumuzun təhsil haqqını ödəmək üçün həqiqətən də çox lazımdır” – deyilir 2007-ci ildə ödənişlərin dayandırılmasından sonra Mossack Fonseca-ya göndərilmiş e-maillərdən birində.

Həmin investor Mossack Fonseca-nın adını reklam vərəqəsinin üstündə gördükdən sonra qırıq ingilis dilində yazırdı: “Bəlkə bizə nə etməli olduğumuz barədə məsləhət verəsiniz”.

Fidentia məsələsində Mossack Fonseca-nın sənədlərindən görünür ki, bu şəxslərdən biri – fırıldaqda iştirakına görə sonralar Cənubi Afrikada həbs edilmiş Graham Maddock 2005 və 2006-cı illərdə biri də Fidentia North America olmaqla, iki silsilə ofşor şirkətlərinin yaradılması üçün 59 min dollar ödəyib. Hüquq firması həmin adama “VİP xidməti” göstərildiyini bildirir.

Mossack Fonseca həmçinin Steven Goodwin adlı şəxsə ofşor strukturların yaradılmasında kömək edib. Prokurorlar sonradan iddia edirdilər ki, bu adam Fidentia dələduzluğunda “alət rolu”nu oynayıb. Firmanın daxili sənədləri göstərir ki, 2007-ci ildə bu işlə əlaqədar qalmaqal qalxanda Goodwin Avstraliyaya, sonra isə ABŞ-a uçub. Burada Mossack Fonseca-nın hüquqşünası onun ofşor holdinqlərini müzakirə etmək məqsədilə onunla lüks Manhattan otelində görüşüb.

Firmanın rəsmi nümayəndəsi sonralar yazırdı ki, Fidentia qalmaqalı ilə bağlı Goodwin-lə “dərin müzakirə” aparıb və onu inandırıb ki, öz ofşor aktivlərini “daha etibarlı qorumaq” üçün ən yaxşı yol onların üçüncü bir tərəfə ötürülməsidir.

Yazdığı qeyddə həmin firma rəsmisi həmnkarlarına bildirirdi ki, Goodwin-nın “heç bir şəkildə” qalmaqala qarışacağı yoxdur və o sadəcə olaraq “şəraitin qurbanı” olub.

2008-ci ilin aprelində FTB Goodwin-i Los Ancelesdə həbs edərək Cənubi Afrikaya göndərib. Burada o dələduzluq və çirkli pulların yuyulması ittihamları üzrə təqsirini etiraf edib. O 10 il müddətinə azadlıqdan məhrum olunub.

Goodwin məhkum edildikdən bir ay sonra Mossack Fonseca-nın bir işçisi Goodwin-in Hamlyn Property LLP ofşor şirkətinə bağlı aktivlərin daha dərin araşdırılmasına başlayan prokurorluğun azdırılması üçün plan təklif edib. Hamlyn Property LLP Cənubi Afrikada mülklərin alınması üçün yaradılmışdı.

Plana görə prokurorluğun Hamlyn şirkətinin arxasında dayanan vahidlərə qarşı mümkün hərəkətinin önlənməsi məqsədilə, mühasib 2006 və 2007-ci illər üçün audit sənədlərini “hazırlamalı” idi. Həmin işçinin emailində “hazırlamalı” sözü yazılmışdı.

Mossack Fonseca özünün Goodwin-lə münasibətlərinə dair BTJK-nın suallarına cavab verməyib. Goodwin-in nümayəndəsi BTJK-ya deyib ki, onun Fidentianın iflası və 46 min dul və yetimlə birbaşa və ya dolayısı ilə “heç bir əlaqəsi” yoxdur.

PULUN İZİ NECƏ İTİRİLİB?

2011-ci ilin 10 fevralında Britaniyanın Vircin adalarında Sandalwood Continental Ltd. adlanan anonim şirkət Kiprdə mənzillənmiş və elə onun özü qədər dumanlı olan Horwich Trading Ltd. şirkətinə 200 milyon dollarlıq kredit verib.

Ertəsi gün Sandalwood kredit üzrə faizlər də daxil ödənişlərin qəbul edilməsi hüququnu Britaniyanın Vircin adalarındakı sirli Ove Financial şirkətinə verib.

Bu hüquqlar üçün Ove 1 dollar ödəyib.

Lakin pulun izi orada bitmir.

Elə həmin gün Ove kredit üzrə ödənişlərin qəbulu hüquqlarını International Media Overseas adlı Panama şirkətinə keçirib.

O da bunun üçün 1 dollar ödəyib.

24 saat ərzində kağız üzərində kredit üç ölkədən, iki bankdan və dörd şirkətdən keçirilərək bu proses zamanı onun bütün izləri itirilib.

Bu köçürmənin arxasında duran adamların onun pərdələnməsi üçün şox sayda səbəbləri var idi və heç də təkcə ona görə yox ki, pulun izi arzuolunmaz şəkildə Rusiya lideri Vladimir Putinə yaxınlaşmış olurdu.

Sankt Peterburqda mənzillənmiş Bank Rossiya Sandalwood Continental şirkətini yaratmış və pul köçürmələrini idarə etmişdi. Bu bankda səhmlərin çoxuna sahib və onun sədri olan şəxs Putinin “kassirlərindən” biri kimi tanınır.

Arxiv fotosu: Vladimir Putinin arxasında onun dostu Sergei Roldugin, 2009-cu il
Arxiv fotosu: Vladimir Putinin arxasında onun dostu Sergei Roldugin, 2009-cu il

Belə görünür ki, 200 milyon dollarlıq kreditin faiz ödənişlərini alan International Media Overseas şirkətinə kağız üstündə Putinin köhnə dostlarından biri, klassik musiqi violonçel ifaçısı və Putinin böyük qızının xaç atası Sergey Roldugin tərəfindən nəzarət edilir.

Mossack Fonsecanın Putinlə əlaqəli şirkətlərə dair sənədlərinə görə 200 milyon dollarlıq kredit toplam məbləği azı 2 milyard dollar olan onlarca pul köçürmələrindən yalnız biridir.

Bu pul köçürmələri Rusiyanın ən böyük avtomobilqayırma şirkətinə dolayısı ilə nəzarəti əldə etmiş və Rusiyanın əsas media mülkiyyətində gizli paylara malik Bank Rossiya-nın biznesinin bir hissəsini təşkil edir.

Putinin dostları tərəfindən edilmiş şübhəli ödənişlər mümkündür ki, Rusiyanın hökumət yardımı və ya kontraktları üzrə ödənişlər kimi rəsmiləşdirilib. Məxfi sənədlər göstərir ki, kredit pulunun böyük hissəsi mənbə olaraq Kiprdəki bir bankdan gəlir. Həmin vaxtlar bu bankın səhmlərinin böyük əksəriyyətinə Rusiyanın dövlət VTB bankı sahib idi.

PESKOVDAN CAVAB: DAHA CAVAB OLMAYACAQ!

Vladimir Putinin sözçüsü Dmitry Peskov keçən həftə jurnalistlərlə söhbətində Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu, yaxud onun üzvlərinin suallarına cavab verməyəcəklərini deyib. Səbəb kimi də bildirib ki, “Bu cür suallar yüzlərlə dəfə səslənib və yüzlərlə dəfə də cavablandırılıb.”

Peskov onu da əlavə edib ki, Rusiya öz prezidentinin şərəf və ləyaqətini qorumaq üçün yerli və beynəlxalq səviyyədə hüquqi vasitələrə malikdir.
Yerli qanunlar və beynəlxalq razılaşmalara görə Mossack Fonseca kimi qurumlar şirkət və bank hesabı açmaq istəyən müştərilərinin vergidən yayınma, çirkli pulların yuyulması, yaxud hər hansı maliyyə fırıldaqları ilə məşğul olub-olmadıqlarını yoxlamalıdırlar.

Onlar şübhəli siyasi fiqurlar, dövlət rəsmiləri, onların ailə üzvləri və ya yardımçıları ilə ünsiyyətdə xüsusilə diqqətli olmalıdırlar. Mossack Fonseca-ın təmsilçiləri jurnalistlərə deyiblər ki, onlar bu cür həssas müştərilərlə davranış üçün xüsusi siyasət və qaydalar müəyyən ediblər.

Mossack Fonseca adətən müştəriləri haqqında məlumat vermir. 2015-ci ildə aparılmış daxili auditin yekunlarına görə bu hüquq şirkəti Seyşel adalarındakı vergidən azad zonada çalışdığı 14 086 şirkətdən yalnız 204-nün real sahiblərinin kimliyini bilir.

Britaniyanın Vircin Adalarının rəhbərliyi isə Misirin keçmiş prezidenti Hosni Mubarakin oğlu ilə əməkdaşlıq zamanı çirkli pulların yuyulması barədə qanunvericiliyi pozmaqda ittiham edərək Mossack Fonseca şirkətinini 37,500 ABŞ dolları məbləğində cərimələyib. Amma Vircin rəsmiləri hətta Mubarak və oğlu hakimiyyətdən devirldikdən sonra da onlarla çirkli pulların yuyulması arasında əlaqəni sübut edə bilməyib.

İLHAM ƏLİYEVİN UŞAQLARI DA SİYAHIDADIR

Mossack Fonseca-dan isə bildirirlər ki, onların daxili risklərin dəyərləndirilməsi mexanizmləri qüsursuz işləyir. Amma yeni sızan sənədləri təhlil edən jurnalistlər bu şirkətin Baş nazirlər, prezidentlər, kralların 61 ailə üzvü ilə əməkdaşlıq etdiyini deyirlər.

Məsələn, bu sənədlərə görə Azərbaycan prezidenti İlham Əliyevin ailə üzvləri qızıl mədənlərindəki paylarını və Londondakı əmlaklarını gizləmək üçün Panamadakı fondlar və şirkətlərdən istifadə ediblər.

Pakistanın Baş naziri Nawaz Sharif-in uşaqları da Londondakı əmlaklarını Mossack Fonseca-ın vasitəsilə yaratdıqları şirkətlərlə əldə ediblər.
Çində Kommunist Partiyası Siyasi Bürosunun azı səkkiz indiki və keçmiş nümayəndəsinin ailə üzvləri də Mossack Fonseca-in xidmətindən istifadə edərək ofşor şirkətlər qurublar. Onların arasında Çinin prezidenti Xi-nin xanımının qardaşı da var. O, 2009-cu ildə Britaniyanın Vircin adalarında 2 şirkət qurub.

Amma Azərbaycan, Pakistan və Çin liderlərinin təmsilçiləri bu mövzularda suallara cavab verməkdən imtina edirlər.

Mossack Fonseca-ın xidmətlərindən istifadə edərək ofşor zonalarda şirkət quran dünya liderəinin siyahısında Argentinanın hazırkı prezidenti Mauricio Macri də var. O, hələ iş adamı və Argentina paytaxtı Buenos Aires-in meri olarkən Baham adalarında şirkət qurub. Amma prezidentin sözçüsü iddia edir ki, dövlət başçısı ailəsinin sahib olduğu biznes qurumlarında heç vaxt ayrıca paya malik olmayıb.

POROSHENKO - ÖLKƏ MÜHARİBƏDƏ PREZİDENT OFŞOR QAYĞISINDA...

2014-cü ildə Ukraynın Donbas vilayətinə Rusiyanın hərbi müdaxilələri davam edərkən, Ukrayna prezidenti Petro Poroshenko-nun təmsilçiləri də Britaniyanın Vircin adalarında öz prezidentlərinin şirkətlə bağlı sənədlərini yoluna qoymağa çalışırdılar. Poroshenkonun sözçüsü bildirir ki, şirkət qurmaqla Ukraynadakı hər hansı hərbi və siyasi hadisələr arasında əlaqə yoxdur.

Prezidentin maliyyə məsələləri üzrə məsləhətrçisi həm də qeyd edib ki, nə Kiprdə, nə də Hollandiyadakı şirkətlərin heç birinin hər hansı əmlakı olmadığı üçün Poroshenko onları özünün maliyyə bəyannaməsinə salmayıb.

Onun sözlərinə görə bu şirkətlər sadəcə olaraq Poroshenko-nun şokolad biznesinin yenidən strukturlaşması nəticəsində yaranan qurumlardır.
İslandiyanın Baş naziri David Gunnlaugsson isə 2013-cü ildə hakimiyyətə gələndə özünün siyasi karyerasına ziya vura biləcək bəzi məlumatları gizlədib.

O, 2009-cu ildə parlamentə daxil olanda xanımı ilə birlikdə Vircin adalarında ofşor şirkətinə sahib idi. Amma bir neçə aydan sonra o həmin şirkətdəki payını öz xanımına 1 dollara satıb. Bu həmin şirkətdir ki, 2008-ci ildə İslandiyanın müflis elan edilmiş üçn böyük bankının milyonlarla dollarlıq əmlaklarına sahiblənib. Gunnlaugsson hökuməti isə onun ailəsinin bu şirkətdə əli olduğunu gizlədərək həmin batmış bankların kreditorları ilə danışıqlar aparırdı.

Gunnlaugsson ailəsinin maliyyə maraqlarının onun mövqeyinə təsir etdiyini inkar edir. Sızan məlumatlardan aydın deyil ki, Gunnlaugssonun siyasi mövqeyi bondların dəyərindən zərər görüb, ya, əksinə, faydalanıb. AJBK-in medi tərəfdaşı Reykjavik Media və SVT ilə müsahibəsində Gunnlaugsson sərvətini gizlətməyini inkar edib. Onunla bağlılığı olan Wintris Inc. haqda soruşanda baş nazir deyib: “Bu suallarla mən özümü bir az qəribə hiss edirəm. Sanki siz məni nədəsə ittiham edirsiniz”.

4 gün sonra onun xanımı Facebookda yazdı ki, şirkət onundur, ərinin deyil və o, bütün vergiləri ödəyib.

O vaxtdan İslandiya parlamentinin üzvləri sual verirlər ki, niyə Gunnlaugsson heç vaxt offşor şirkəti haqda məlumat verməyib. Bir deputat isə baş naziri və hökuməti istefa verməyə çağırıb.

Baş nazir isə 8 səhifəlik bəyanat verdi ki, o, Wintrislə əlaqəsini ictimiyyətə bildirməyə məcbur deyildi, çünki bu, onun xanımının şirkətidir və bu şirkət holdinqdir, kommersiya fəaliyyəti olan şirkət deyil.

GƏMİ BATDI, FIRILDAQ AÇILDI

2005-ci ildə Ethan Allen adlı turist qayığı Nyu Yorkun Georq gölündə 20 ahıl turistlə batdı. Sağ qalanlar və batan turistlərin qohumları məhkəməyə mürcaiət edəndə məlum oldu ki, turist şirkətinin qanuni sığortası yox imiş. Onlara saxta sığorta satılıb. Müqəddəs Kitts Karib Adalarından olan mühasib Malchus İrvin Moncamper 2011-ci ildə ABŞ məhkəməsində günahkar bilindi. Bu isə Mossack Fonsecaya problem yaratdı, çünki Boncamper “öndə olan adam” idi, o, hüquq şirkətinin yaratdığı 30 şirkətin formal direktoru idi.

Boncamper məhkum olunan kimi Fonseca dərhal hərəkətə keçdi. O, öz ofisinə tapşırıq verdi ki, Boncamperi şirkətlərin direktorluğundan çıxarsınlar, özü də keçmiş tarixlə. Bəzən bu keçmiş tarix on il əvvələ aid idi.
Boncamper məsələsi yalnız bir misaldır. Bu, hüquq şirkətlərinin öz şübhəli iş üsullarını və ya müştərilərinin fəaliyyətini necə gizlətmələrini göstərir.
Braziliyada “Maşın yuma əməliyyatı”nda prokurorların dediyinə görə, Mossac Fonsecanın işçiləri pul yumada öz hüquq şirkətlərinin iştirakını göstərən sənədləri məhv etdilər və ya gizlətdilər.

Polis sənədinə görə, şirkətin Braziliya şöbəsinin işçisi öz həmkarlarına e-mail göndərərək polis araşdırmasının hədəfi ola biləcək müştəri ilə bağlı sənədləri necə gizlətməyə təlimat verir:

“Sənədləri heç yerdə qoymayın. Mən onları maşında və ya evimdə saxlayıram”.

Sızan məlumatlara görə, Nevada ştatında Mossack Fonsecanın işçiləri 2014-cü ildə şirkətin Las Veqas şöbəsi ilə Panamadakı baş qərargahı arasında əlaqələri ört-basdır etmək üstündə işləyirdilər. Buna səbəb bu hüquq şirkəti ilə bağlı 123 şirkət haqda ABŞ məhkəməsinin informasiya tələb edəcəyinin gözləntisi ilə bağlı idi.

Argentina prokurorları Nevadada yerləşən bu şirkətlərin keçmiş prezidentlər Nestor Kirchner və Crstina Fernadez de Kirchnerlə əlaqəli olan şəxslərin korrupsiya qalmaqalı ilə bağlı olduğunu bildirirlər.

Özünü ABŞ məhkəməsinin yurisdiksiyasından azad etmək istəyən Mossack Fonseca iddia edir ki, onun Las Veqas ofisi olan MF Nevada əslində onun şirkətinin şöbəsi deyil.

Ancaq şirkətin daxili sənədləri əksini göstərir. Sənədlərə görə, bu hüquq şirkəti MF Nevadanın bank hesablarına nəzarət edir və şirkətin həmtəsisçiləri və bir rəsmisi MF Nevadanın 100 faizinə sahibdir.

Daxili elektron məktublaşma göstərir ki, əlaqələr haqqında məlumatların silinməsi üçün hüquq firması filialdan kağız şəklində olan sənədləri çıxartmış və Nevada və Panama əməliyyatçıları arasındakı əlqənin kompyuterdəki qalıqlarını silmək üzərində işləmişdir. Daxili elektron məktubda deyilir, böyük bir narahatçılıq bununla bağlıdır ki, filialın meneceri bu işi gördüyü üçün çox “əsəbi” ola bilər, çünki bu, təhqiqatçılara “nəyisə gizlətdiyimizi” aşkar etməyi asanlaşdıracaq.

Mossack Fonseca Braziliya və Nevada işləri ilə bağlı suallara cavab verməkdən imtina etsə də, təhqiqatın qarşısının alınması və ya namünasib fəaliyyətin ört-basdır edilməsini ümumi olaraq, inkar etdi.

“Hər hansı davam edən təhqiqat və ya araşdırmada istifadə oluna biləcək sənədləşdirmənin gizlədilməsi və ya məhv edilməsi bizim siyasətimizə daxil deyil”, firma qeyd edib.

GİZLİ DÜNYANIN İSLAHATI

2013-cü ildə Böyük Britaniyanın lideri David Cameron ölkəsinin dənizaşırı ərazilərinə, o cümlədən Britaniya Vircin adalarına təkid etdi ki, “öz evlərini qaydasına salmaq” üçün onunla işləsinlər və vergidən yayınmaq və oşfor sirləri əleyhinə mübarizə aparmaq naminə birləşsinlər.

Bunun necə çətin olmasını görmək üçün o, mərhum atasından daha uzağı axtarmalı olmadı.

Birja alverçisi və multi-milyonçu Ian Cameron Mossack Fonseca-nın müştərisi olub. Sonuncu onun investisiya fondu Blairmore Holdings, Inc. Şirkətini Britaniya vergilərindən qorumaq üçün hüquq firmasını istifadə edib.

Fondun adı onun əyalətdəki ata-baba mülkü Blairmore Evinin adından yaranıb. Mossack Fonseca investisiya fondunu, əsas təsisçilərinin əksəriyyəti britaniyalı olsa da, Panamada qeydiyyatdan keçirib. Ian Cameron fondu onun yarandığı 1982-ci ildən özü ölənə kimi – 2010-cu ilə qədər idarə edib.
İnvestorlar üçün sənəddə deyilir ki, fond “Böyük Britaniyanın vergitutma niyyətlərinə görə, elə rəhbərlik və idarə edilməlidir ki, Böyük Britaniyanın rezidenti olmasın”.

Hüquq firmasının sızdırılmış qeydləri göstərir ki, Fond “daşıyıcı səhmlər” adı ilə tanınan mülkiyyətin izlənə bilməyən sertifikatlarından istifadə edərək və Baham adalarında olan “namizəd” (adına səhm olan, amma şirkətdə mülkiyyətə malik olmayan) şirkət rəsmilərini işə götürərək, bunu reallaşdırıb.

Ian Cameron-un vergidən yayınma tarixçəsi ofşor sirrinin bütün dünyada siyasi və maliyyə elitasının həyatını necə dərindən əhatə etdiyinə bir misaldır. Bu, həmçinin bir çox ölkə üçün vacib iqtisadi motordur. Bu mənfəətpərəstliyin ağırlığı islahatı çətinləşdirir.

Birləşmiş Ştatlarda, məsələn, şirkət mülkiyyətçilərinə anonim qalmaq səlahiyyəti verən Delaver və Nevada kimi ştatlar daha böyük korporativ şəffaflıq tələblərinə qarşı mübarizəyə davam edirlər.

Mossack Fonsecanın vətəni Panama özünün ofşor sənayesinin əlverişsiz vəziyyətdə qala bilmə ehtimalına görə, bank hesabları barədə məlumatların dünya üzrə mübadiləsi planını qəbul etməkdən imtina edib. Panama rəsmiləri deyirlər ki, onlar məlumatları mübadilə edəcəklər, sadəcə daha bəsit səviyyədə.

İslahatçıların və hüquq tətbiq edicilərin üzləşdiyi problem odur ki, sirlilik pərdəsi altına düşəndə cinayətkar davranışı necə müəyyən etmək və dayandırmaq olar. Bu sirr pərdəsini yarmağın ən effektiv vasitəsi gizli sazişləri aşkara çıxardan ofşor sənədlərini sızdırmaqdır.

AJBK və onun tərəfdaşları tərəfindən aşkara çıxarılan sənədlərin çoxlu ölkədə qanunvericiliyi və rəsmi təhqiqatçıları tərpədib və sirlərinin aşkara çıxmasından qorxan ofşor müştəriləri arasında qorxunu körükləyib.

2013-cü ilin aprelində AJBK Britaniya Vircin Adaları və Sinqapurdan olan gizli sənədlərə əsaslanan “Ofşor Sızmaları” tarixçələrini aşkar edəndə Mossack Fonsecanın müştərilərinin bəziləri özlərinin ofşor holdinqlərinin araşdırmadan azad və təhlükəsizlikdə olmalarından əmin olmaq üçün firmaya elektron məktub göndərmişdilər.

Mossack Fonseca müştərilərə bildirmişdi ki, narahat olmasınlar. O bildirib ki, onun müştərilərin məxfiliyi ilə bağlı öhdəliyi “həmişə ən vacibdir və buna görə də sizin konfidensial informasiyanız bizim ən yüksək səviyyəli məlumat mərkəzimizdə saxlanılır və bizim qlobal şəbəkəmiz daxilində hər hansı kommunikasiya ən yüksək dünya standartlarına cavab verən şifrəli alqoritm vasitəsilə tənzimlənir.”

Məqalə Bastian Obermayer, Gerard Ryle, Marina Walker Guevara, Michael Hudson, Jake Bernstein, Will Fitzgibbon, Mar Cabra, Martha M. Hamilton, Frederik Obermaier, Ryan Chittum, Emilia Diaz-Struck, Rigoberto Carvajal, Cécile Schilis-Gallego, Marcos Garcia Rey, Delphine Reuter, Matthew Caruana Galizia, Hamish Boland-Rudder, Miguel Fiandor və Mago Torres tərəfindən hazırlanıb.

XS
SM
MD
LG