Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:02

"Gözləyin, gedim dilənim, 2-3 min manat gətirim"


►Obyekt sahibi: “Belə çıxır ki, rüşvət versəydim, qapım şəhərin görünüşünə xələl gətirməyəcəkdi"

“Gəldilər ki, “10 min ver, pilləkənə dəyməyək”. Dedim, “gözləyin, gedim dilənim, 2-3 min düzəldim, gətirim verim”. Dedilər, “yox, 2-3 min azdır, ya 10 min ver, ya da pilləkənlər şəhərin gözəlliyinə xələl gətirir, vəssalam”. Mən də dedim, “yoxumdur, vermirəm. Gəldilər, pilləkənləri sökdülər, qoydular yerə. Bu gün də gəldilər, qapını yarıya kimi tikdilər”.

Sumqayıt şəhər sakini Səfurə Ağayevanın Heydər Əliyev prospekti, 16-cı məhəllə, 2/45 ünvanda yerləşən binanın 1-ci mərtəbəsindəki obyektini qapısız, pəncərəsiz qoyublar.

Özü də deyir, bunu edənlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin memarlıq şöbəsinin işçiləridir. Onun sözlərinə görə, iki həftə əvvəl İcra hakimiyyətinin əməkdaşları ona xəbərdarlıq ediblər ki, “ya 10 min manat pul gətir, ya da gəlib pilləkənləri sökəcəyik”. O da razılaşmayıb:

Buna da bax: "Evi tikilmişlərin" tikdiyi evlər...

“ÇÖLƏ QAPI AÇMAQ OLMAZ”

“Özüm həmin binada yaşayıram. Həmin obyekt də şəxsən özümündür. Bir neçə il əvvəl birinci mərtəbəni sənədlə qeyri-yaşayış obyektinə çevirmişəm. Hazırda orda stomatoloq kabineti yerləşir. Özüm şəkər xəstəsiyəm, dərmanlarımı icarədən gələn pulla alırdım. Pilləkənləri sökmək az imiş, bu gün də qapını çıxartdılar, atdılar kənara, yarıya kimi hördülər ki, “çölə qapı açmaq olmaz”. Belə çıxır ki, rüşvət versəydim, qapım şəhərin görünüşünə xələl gətirməyəcəkdi, rüşvət vermədim deyə, qapım, pəncərəm bu şəhərə yaraşmadı...”

İndi obyektə giriş binanın girişi tərəfindən qalıb. Ancaq həmin giriş münasib yerdə olmadığından onun gələcəkdə kiminsə icarəyə götürəcəyi sual altındadır.

2 il əvvəl keçmiş icra hakimiyyətinin başçısı göstəriş verib ki, obyektin pilləkənləri dəyişdirilsin, ərazidəki abadlıq işlərinə uyğun daha yaxşısı ilə əvəzlənsin. Səfurə xanım da xərc çəkib, pilləkənləri dəyişib, üzlənmiş binanın görünüşünə uyğununu düzəltdirib. Deməsinə görə, pilləkənləri heç də görünüşünə görə yox, məhz rüşvət verməməsinə görə sökülüb.

Buna da bax: Qəzetlər üçün "qara kağız"

“OBYEKTLƏRİN BAŞQA GİRİŞ-ÇIXIŞI VAR”

Sumqayıt şəhər icra hakimiyyətindən bildiriblər ki, Səfurə Ağayevaya məxsus obyektin pilləkənləri və qapı yerinin yarıya kimi hörülməsi məhz abadlıq işləri ilə əlaqədardır. Qurumdan xanımın rüşvət istənilməsi ilə bağlı dediklərini də təkzib ediblər və ərazidə daha bir neçə obyektin də qapı və pilləkənlərinin söküldüyünü bildiriblər. Söküntüləri belə əsaslandırıblar ki, həmin obyektlərin başqa giriş-çıxış yeri var.

Səfurə xanımsa deyir, elə qonşuların da obyektləri, necə deyərlər, onun güdazına gedib. İcra hakimiyyətinin işçiləri onu həm də qonşuluqdakı obyekt sahibləri ilə üz-üzə qoyub:

“Mən pul vermədim, ancaq onlar pul verməyə razı idilər. Dedilər, “yox, gərək hamı pul versin”. Mənə görə onların da obyektlərini mənim obyektimin gününə saldılar. Bu tərəfdən prezident deyir, sahibkarlara dəyib-dolaşmayın, o biri tərəfdə hərə öz işindədir”.

Hüquqşünas Vaqif Alıyev deyir, bu, şəxsi əmlaka zərər vurmaqdır və Səfurə Ağayeva elə bu iddiayla da Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası aça bilər.

XS
SM
MD
LG