Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:38

Hikmət Hacızadə: 'Rusiyaya göstərmək istəyir ki...'


H.Hacızadə
H.Hacızadə

Azərbaycanın Rusiyada keçmiş səfiri, politoloq Hikmət Hacızadə dövlət başçısı İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki çıxışında Avropaya inteqrasiya barədə dediklərini «faciə» kimi dəyərləndirib:

«Mən bunu bir faciə kimi qəbul edirəm. Birincisi, bizim əsas sənədlərimizdə avrointeqrasiya xətti yer alır. Milli Təhlükəsizlik Konsepsiyasında açıq yazılır ki, biz avrointeqrasiyaya üstünlük veririk. Bu sənəd də parlamentdə qəbul edilib. Dövlət başçısının isə dedikləri tamamilə bunun əleyhinədir. Çox təəssüf... Bu yerdə daha söz də tapmaq olmur».

«Çox güman ki, bunu Rusiyaya görə edir»

Politoloq bu fikirlər ətrafında düşüncələrini də bölüşür: «Bunun səbəbləri barədə danışmaq olar. Niyə belə çıxış edib? Dövlət başçısının islamın, milli adət-ənənənin müdafiəçisi kimi danışması da həqiqətin özü deyil. Çox güman ki, bunu Rusiyaya görə edir. Rusiyaya göstərmək istəyir ki, heç vaxt o tərəfə (Avropaya-red.) tərpənməyəcəyik. «Biz sizinləyik, Qarabağı qaytarın, verin bizə...». Məsələnin mahiyyəti budur, ilk ağıla gələn məhz budur».

Politoloqa görə, bu mesajdır ki, Azərbaycan heç vaxt Avropaya istiqamət götürməyəcək, həmişə Rusiya ilə olacaq.

H.Hacızadə hesab edir ki, dövlət başçısının son çıxışlarında, bir qayda olaraq, Xalq Cəbhəsi hakimiyyətinin ittihama edilməsi də həmin məqsədə xidmət edir: «Bu, Rusiyaya mesajdır ki, qərbyönlü qüvvələrə inkişaf etmək imkanı verməyəcəyik...».

Q.Hüseynli
Q.Hüseynli

Politoloq Qabil Hüseynli isə bu məsələni bir qədər fərqli dəyərləndirir. Lakin o da hesab edir ki, Azərbaycanla Avropa Birliyi arasında tərəfdaşlıq sazişi, hələ ki, imzalanma mərhələsində deyil. Onun «Turan» agentliyinə deməsinə görə, bu məsələdə tərəfləri bir-birindən ayıran əsas cəhətlərdən biri də Azərbaycanın ərazi bütövlüyünü Avropa Birliyi ilə sazişdə vurğulamağa tələsilməməsidir.

Politoloqa görə, bunu həm də Birinci vitse-prezident Mehriban Əliyevanın bu günlərdə başa çatmış Rusiyaya səfərindən sonra Şimal qonşusuna mesaj kimi də qəbul etmək olar.

«Görünür, Rusiya ilə əlaqələrin...»

Q.Hüseynli deyib ki, Rusiya bölgədəki ölkələrin NATO ilə əməkdaşlığına, Avroatlantik məkana inteqrasiyasına qarşı olduğunu birmənalı şəkildə ortaya qoyur.

Politoloqa görə, görünür, Rusiya ilə əlaqələrin dərinləşdirilməsi xətti götürülüb: «Bu əlaqələrə sadiqliyi göstərmək üçün Avropaya, hələlik, meyllənmək istəmədiklərini göstərmək istəyirlər. Yəni, hakimiyyətin Rusiyadan təmənnasında olduğu məsələlər də var. Bu məsələlər arasında Qarabağ məsələsi önəmli rol oynayır. Söhbət Rusiyanın regionda məsələlərə hədsiz müdaxiləsinin qarşısını almaq mümkün olmasa da, onun zərərsizləşdirilməsindən gedir».

Politoloqun fikrincə, Azərbaycan danışıqlar prosesində yaranmış gərginliyi nəzərə alaraq yəqin problemin həlli variantları üzərində düşünməyə başlayıb: «Belə demək mümkünsə, Azərbaycan siyasi manevrlər edir...».

Q.Hüseynliyə görə, Azərbaycan Qarabağ probleminin həllində nə Qərb ölkələrindən, nə də Rusiyadan birmənalı dəstək ala bilir: «Amma bu istiqamətdə Rusiyanın daha əlverişli bir məkan olduğu qənaətindədirlər. Bu istiqamətdə də səylər gücləndirilir».

Xatırlatma

Dövlət başçısı İlham Əliyev noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illik yubileyində çıxış edib. O, Avropa ilə əlaqələrə də toxunaraq deyib: «Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, «Stop Islam!» deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik».

XS
SM
MD
LG