Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:38

HRW hesabatı: ermənilərin güllələnmə videosu, fəallara narkotik ittihamları...


"İnanclı insanlara qəddar münasibət var" - 2022-ci ildə insan haqları
Gözlə

No media source currently available

0:00 0:11:22 0:00

"İnanclı insanlara qəddar münasibət var" - 2022-ci ildə insan haqları

2022-ci ildə Azərbaycanda insan haqlarının vəziyyəti yaxşılaşmayıb. Mayda hakimiyyət siyasi motivli və saxta ittihamlarla saxlanmış 20-dən çox şəxsi azad etsə də, azı 30 belə şəxs həbsdə qalır. Hakimiyyət tənqidçilərini və digər narazı səsləri hədəfə almaqdadır. Bunu “Human Rights Watch” insan haqları təşkilatı yanvarın 12-də açıqladığı illik hesabatında bildirir.

Hesabatda deyilir ki, məhdudlaşdırıcı qanunlar qeyri-hökumət təşkilatlarının (QHT-lər) müstəqil fəaliyyətini əngəlləməkdədir. Digər davamlı insan haqları pozuntuları sırasına sistematik işgəncə, saxlanma zamanı pis rəftar iddiaları, media azadlıqlarına məhdudiyyətlər daxildir.

Azərbaycan rəsmiləri bu hesabata, hələlik, münasibət açıqlamayıblar. Ancaq siyasi hakimiyyəti daha öncə açıqlanmış oxşar bəyanat və hesabatları, bir qayda olaraq rədd edib, beynəlxalq insan haqları təşkilatlarını Azərbaycana qarşı qərəzli mövqedə ittiham ediblər. Rəsmilər ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

Aİ neyləyə bilərdi?

“Human Rights Watch” (HRW) hesabatında ötən ilin iyulunda, Rusiyanın Ukraynaya qarşı işğalının yaratdığı enerji böhranı fonunda Avropa İttifaqının (Aİ) Azərbaycanla enerji sazişi imzalamasına diqqət çəkir. Məqsəd ölkənin Avropaya qaz ixracını artırmaq idi. “Aİ geniş ikitərəfli razılaşma üzrə danışıqlardan insan haqlarının yaxışlaşdırılmasına təminat almaq üçün yararlanmadı”, – hesabatda deyilir.

Ancaq Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel (Josep Borrell) Avropa Parlamentində bir debatda bəzi parlamentarilərin oxşar ittihamlarını rədd etmiş, blokun insan haqları və demokratiyanı enerji təminatını qurban vermədiyini deyirdi.

Qalmaqallı video

HRW hesabatında ötən ilin sentyabrında Azərbaycanla Ermənistan arasında sərhəd toqquşmalarından da söz açır. Qurum həqiqiliyini təsdiqlədiyi bir videoda azı yeddi erməni əsgərin Azərbaycan qüvvələri tərəfindən qanunsuz edam olunduğunu bildirir.

Azərbaycan həmin videonun araşdırıldığını açıqlamışdı.

“Ermənistan azı 30 erməni hərbi əsirin və üç dinc sakinin 2022-ci ilin oktyabrınadək Azərbaycan əsirliyində olduğunu bildirir. Azərbaycan hakimiyyəti isə bu şəxsləri hərbi əsirlər kimi tanımır, onlara terrorçuluq, qanunsuz silah saxlamaq, sərhədi qanunsuz keçmə, 1990-cı illər müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermə ittihamları irəli sürüb”, – hesabatda vurğulanır.

'Bellingcat' güllələnmə videosu ilə bağlı araşdırmasını açıqladı
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Narkotik ittihamı

Sənəddə ötən il ərzində həbsdən buraxılan, eyni zamanda narkotik və digər ittihamlarla saxlanan fəallardan da söz açılır. Hakimiyyətin 2021-ci ildə Azərbaycana deportasiya olunmuş yeddi nəfərə qarşı şübhəli narkotik ittihamları irəli sürdüyü qeyd olunur. Həmin şəxslərin bəziləri hakimiyyətin açıq tənqidçiləri olub. Bəzi hökumət tənqidçilərinin formal məhkəmələr vasitəsilə, saxta xuliqanlıq və itaətsizlik ittihamları ilə 30 günlük həbsə məhkum edildiyi vurğulanır.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olmadığını, fərdlərin konkret ittihamlarla mühakimə olunaraq həbs edildiyini bildirir.

Jurnalistə hücum, işgəncə iddiaları necə araşdırılır

HRW mayda tanınmış jurnalist, AzadlıqRadiosunun ştatdankənar müxbiri Aytən Məmmədovanın yaşadığı binanın liftində naməlum şəxsin bıçaqlı hücumuna məruz qaldığını yada salır. Məmmədova inanır ki, təhdid olunmasının məqsədi onu ölkədə rezonans doğurmuş uşaq qətli işi haqda yazmaqdan çəkindirmək olub. İş üzrə şübhəli hələ də müəyyənləşdirilməyib.

Qurum saxlanma yerlərində işgəncə və pis rəftarla bağlı şikayətlərin bir qayda olaraq araşdırılmadığını qeyd edir. Məsələn, yanvarda prokurorluq müxalifət fəalı Tofiq Yaqublunun 2021-ci ilin dekabrında saxlanarkən bərk döyülməsi üzrə təhqiqat başlatmaqdan imtina edib, Yaqublunun “özünə xəsarət yetirdiyini” iddia edib. Yaxud apreldə maskalı şəxslər tanınmış ictimai fəal Bəxtiyar Hacıyevi oğurlayıb, gözübağlı vəziyyətdə döyüb, daxili işlər nazirinə qarşı açıq tənqidi dayandırmazsa, ölümlə hədələyiblər. Hacıyev məsələni ictimailəşdirəndən sonra Daxili işlər naziri Vilayət Eyvazov onunla görüşüb, cinayət işi başlanıb, ancaq şübhəlilər hələ də müəyyənləşdirilməyib.

Dünyada vəziyyət

2022-ci ildə dünyada yaranan insan haqları böhranları nəhəng insan əziyyətinə səbəb olsa da, insan haqları üzrə qlobal liderlik üçün yeni imkanlar açdı. Bunu isə “Human Rights Watch”un icraçı direktoru vəzifəsini icra edən Tirana Hasan (Hassan) hesabata giriş sözündə yazıb. O qeyd edir ki, güc nisbətinin dəyişdiyi dünyada insan haqlarının müdafiəsi üçün şimal hissədəki azsaylı hökumətlərə bel bağlamaq mümkün deyil.

“Məsuliyyət böyük-kiçikliyindən asılı olmayaraq, ayrı-ayrı ölkələrin üzərinə düşməlidir – siyasətlərində insan haqları çərçivəsi tətbiq etməli, insan haqlarını qorumaq və təbliğ etməkdən ötrü bir-birilə işləməlidirlər”, – o bildirir.

712 səhifəlik hesabatda bu qurumun fəaliyyət göstərdiyi 100-ə yaxın ölkədə insan haqlarının vəziyyəti təhlil edilir.

Hesabatda Rusiyanın Ukraynadakı müharibədə törətdiyi vəhşiliklər, Çində uyğurlarla rəftar, Talibanın milyonlarla əfqanı aclığa sürükləyən siyasəti, İranda qadınların məcburi baş örtüyünə etiraz aksiyaları “2022-ci ilin insan haqları böhranları” kimi sıralanır.

Hasan qeyd edir ki, ABŞ Prezidenti Co Bayden (Joe Biden) administrasiyası Asiyada demokratiya və insan haqlarının prioritet sayması ritorikasına baxmayaraq, təhlükəsizlik və iqtisadi səbəblərdən Hindistan, Tailand, Filippin kimi ölkələrdə pozuntular, avtoritarizmin güclənməsilə bağlı tənqidləri yumşaldıb.

XS
SM
MD
LG