Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:06

'İdeal'ın keçmiş sahibi məhkəməyə üz tutdu


İ.İsmayılov
İ.İsmayılov

Azərbaycandakı məşhur mağazalar şəbəkəsi ilə bağlı məhkəmə çəkişmələri başlayır

Parfümeriya mallarının satışıyla məşğul olan "İdeal" və "Sabina" mağazalarının birləşdiyi "Adore Company" MMC məhkəməyə verilib. Bu barədə Bakı Kommersiya Məhkəməsindən AzadlıqRadiosuna verilən məlumatda bildirilir ki, şirkətə qarşı ayrı-ayrılıqda bir neçə məhkəmə iddiası qaldırılıb. İddiaçı isə "İdeal" mağazalarının keçmiş sahibi, "İdeal Company" MMC-nin təsisçisi və keçmiş baş direktoru İlqar İsmayılovdur.

"İddialar eyni adam tərəfindən eyni şirkətə qarşı qaldırılsa da, ayrı-ayrılıqda, müxtəlif hakimlərin icraatında baxılacaq. Amma iddia ərizələrdindən birində "Adore Company" ilə yanaşı, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də cavabdeh qismində qoyulub. Məhkəməyə ərizələrdə mənfəətin iştirakçılar arasında bölüşdürülməsi ilə bağlı təsisçilərin ümumi yığıncağının keçirilməsi öhdəliyinin qoyulması və s. tələblər yer alıb", - mənbə bildirib.

Məhkəməyə müraciət etdiyini İ.İsmayılov özü də AzadlıqRadiosuna təsdiqləyib.

100 faizlik payı əlindən alınıb

Bir neçə aydır ki, İ.İsmayılov təsisçisi olduğu "İdeal Company"nin zorla əlindən alındığını iddia edir. 1999-cu ildə "İdeal" mağazalar şəbəkəsini yaradıb, 2011-ci ilə qədər onun tək sahibi olduğunu deyən işadamının sözlərinə görə, həmin ilin noyabrında ona şəriklik təklif olunub. Təklif isə hazırkı "Premium Bank" (o zaman "SilkWay Bank" adlanırdı) rəhbərliyində təmsil olunan şəxslərdən gəlib. Razılaşma ilə İ.İsmayılov 100 faizlik payının 50 faizini qarşı tərəfə satıb. İ.İsmayılovun sözlərinə görə, o, işlə əlaqədar bir neçə dəfə bu bankdan kredit götürsə də, qaytarıb.

İ.İsmayılov iddia edir ki, şirkətdəki qalan 50 faizlik payını satması üçün 2015-ci ildən təzyiqlərlə üzləşib. 2013-cü ildə bankdan götürdüyü kredit müqaviləsinin şərtləri sonradan dəyişdirilib, şirkətdəki 50 faizlik payının 25 faizi də girov qoyulub. Sonradan o, 25 faizi təhvil verməli olub. Qalan 25 faizə gəlincə, işadamının iddiasına görə, onu saxta ittihamla həbs edib, qalan payını da əlindən alıb buraxıblar:


"Adıma 5 milyonluq saxta kredit müqaviləsi rəsmiləşdirib, qalan payımı da aldılar. 2017-ci ilin sentyabrında Bankın Müşahidə Şurasının sədri Elçin Əhmədov vəkili ilə həbsxanaya gəldi, notarius dəvət elədilər. Mənə vəkilin adına etibarnamə imzalatdırdılar. Dedilər ki, "ya dediyimizi eləyəcəksən, ya da burada çürüyəcəksən, uşaqlarını düşün". Həmin etibarnamə əsasında mənim 25 faizlik payım da alqı-satqı yoluyla əlimdən aldılar. Dərhal ev dustaqlığına buraxıldım, ardınca cinayət işinə xitam verildi".

Dediklərini təsdiqləyən bütün sübutların da əlində olduğunu vurğulayan işadamı həbsdə olduğu vaxt etibarnaməyə hədə-qorxu altında imza atdığını əsas gətirib, onun ləğvi üçün də məhkəməyə üz tutub. Həmçinin, prokurorluğa, Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayət edib.

"Adore Company" kimindir

"Premium Bank"dan isə mediaya bildirilib ki, İ.İsmayılovun müxtəlif dövlət orqanlarına göndərdiyi şikayətlər araşdırılıb. Onun iddiaları təsdiqini tapmayıb. Bankdan onu da qeyd ediblər ki, 5 milyonluq kredit müqaviləsi gerçək olub, İ.İsmayılovun həmin vəsaiti almadığı haqda söylədikləri həqiqətəuyğun deyil.

"İdeal Company" MMC adını dəyişərək sonradan "Adore Company" MMC kimi dövlət qeydiyyatına aldırıb. Şirkətin dövlət qeydiyyatında bununla bağlı dəyişiklik 10 yanvar 2020-ci ildə baş verib. Həmin ərəfədə şirkət "Sabina" mağazalar şəbəkəsini də alıb. Hər iki mağazalar şəbəkəsi hazırda "Adore Company" MMC-də birləşib. Rəsmi sənədlərə əsasən, "Adore Company"nin qanuni təmsilçisi isə Samir Əliyevdir.

XS
SM
MD
LG