Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:52

Azərbaycanın hansı şəhərində ictimai nəqliyyata rahat çıxış var?


Bakıda avtobus sərnişinlərinin bu dərdinə kim çarə qılacaq?
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Bakıda avtobus sərnişinlərinin bu dərdinə kim çarə qılacaq? (2018)

Bakıda hər beş nəfərdən biri 500 metrdən çox piyada getməlidir. Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanın bəzi şəhərlərində ictimai nəqliyyata rahat çıxış imkanları ilə bağlı göstəriciləri açıqlayıb. İctimai nəqliyyata çıxış o halda rahat sayılır ki, ev, məktəb, iş yeri kimi obyektlərlə avtobus dayanacaqları arasındakı məsafə 500 metrdən çox olmasın. Rəsmi rəqəmlərə görə, paytaxt Bakıda əhalinin 80 faizinin nəqliyyata rahat çıxış imkanı var. Başqa sözlə, hər beş şəhər sakinindən biri avtobus dayanacağına çatmaq üçün 500 metrdən çox məsafə qət etməlidir.

DSK-nın nəqliyyata rahat çıxış imkanına dair açıqladığı göstəricilər səkkiz respublika tabeli şəhəri əhatə edir. Onların arasında nəqliyyata çıxış imkanı ən yaxşı olanı Şəkidir. Burada yaşayanların 89 faizinin nəqliyyata rahat çıxış imkanı var. Şəki ilə yanaşı, Mingəçevir (84 faiz) və Gəncə (83 faiz) şəhərlərində də nəqliyyata rahat çıxış imkanı ilə bağlı göstərici 80 faizdən yüksəkdir.

Nəqliyyata rahat çıxış imkanı ilə bağlı ən zəif göstərici Yevlax şəhərində qeydə alınıb. Yevlax sakinlərinin cəmi 36 faizinin nəqliyyata çıxış imkanı var. Başqa deyimlə, Yevlaxda yaşayanların təxminən üçdə ikisi avtobus dayanacağına çatmaqdan ötrü 500 metrdən çox məsafə qət etməlidir. Əhali sayına görə ölkənin ikinci böyük şəhəri Sumqayıtda da nəticələr ürəkaçan deyil. Sumqayıtda ictimai nəqliyyata rahat çıxış imkanı olanların göstəricisi cəmi 50 faizdir. Sonuncu açıqlanan rəsmi rəqəmlərə görə, hazırda Sumqayıtda 426 min, Yevlaxda 128 min insan yaşayır. DSK-nın açıqladığı göstəricilər arasında Şirvan və Lənkəran şəhərləri barədə də bilgilər yer alıb. Şirvan şəhərində ictimai nəqliyyata rahat çıxışı olanların göstəricisi 66 faiz, Lənkəranda isə 76 faizdir.

Bakını toz basıb
Gözlə
Embed

No media source currently available

0:00 0:00:51 0:00

Ən çirkli hava Bakıdadır

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər arasında Bakı, Sumqayıt və Gəncə şəhərlərinin atmosferində PM2.5 və PM10 kiçik bərk hissəciklərin orta illik konsentrasiyasına dair göstəricilər də var. Diametri 2.5 və 10 mikrodan aşağı kiçik bərk hissəciklərin orta illik konsentrasiyası atmosfer havasının çirklənməsinin qiymətləndirilməsi üçün istifadə edilən ən vacib göstəricilərdən biridir. Bu toz hissəcikləri tənəffüs yollarına dərindən nüfuz edərək tənəffüs yollarının yoluxmasına yol açır, ürək-damar və xərçəng xəstəliklərinin törənmə riskini artırır. Ötən il PM2.5 dispers toz hissəciklərinin orta illik konsentrasiyası Bakıda 28; Gəncədə 26; Sumqayıtda 21 mq/m3 olub.

Yel Universitetinin Ətraf Mühit Siyasəti və Hüquq Mərkəzinin hazırladığı indeksə görə, Azərbaycan havanın keyfiyyətinə görə 180 ölkə arasında 149-cudur. Deməli, dünyada hava keyfiyyətinin ən pis olduğu 31 ölkədən biri Azərbaycandır. Azərbaycanla bağlı ən dramatik vəziyyət havanın kiçik toz zərrəcikləri ilə çirklənməsi indikatoru üzrədir. Diametri 2.5 mikrometrdən az olan və havada uzun müddət asılı qala bilən kiçik toz hissəcikləri ilə havanın çirkliliyinə görə Azərbaycan dünyada 170-ci sıradadır. Başqa deyimlə, kiçik toz hissəcikləri ilə havanın ən çox çirkləndiyi 10 ölkədən biri Azərbaycandır.

Rayonlarda işsizlik: 'Qarnımıza çörək yemirik'
Gözlə

No media source currently available

0:00 0:05:33 0:00

Şəhərlərdə iqtisadiyyat necədir?

İctimai nəqliyyata çıxış və hava təmizliyi baxımından Bakı digər şəhərlərdən geri qalsa da, iqtisadi baxımdan paytaxtla digər şəhərlər arasında böyük uçurum var. Bu uçurum həm yeni açılan iş yeri sayında, həm də orta aylıq maaş göstəricilərində özünü göstərir. DSK-nın məlumatına görə, bu ilin ilk doqquz ayında Azərbaycanda toplam 60 min 906 yeni iş yeri açılıb. Bu iş yerlərinin 49 mini - 80 faizi təkcə Bakının payına düşür. Deməli, ölkədəki digər bütün rayon və şəhər sakinləri yeni açılan iş yerlərinin cəmi 20 faizindən faydalana bilər. Bakıdan sonra ən çox yeni iş yeri açılan şəhər paytaxtın peyki sayılan Sumqayıtdır (1 min 120). Bakıdan sonra ən çox yeni iş yeri açılan şəhərlərlə paytaxtdakı yeni iş yerlərinin sayı arasında 50 dəfəyə yaxın fərq var. Bu fərq ölkənin paytaxtdan kənardakı ərazilərində iqtisadi aktivliyin nə qədər aşağı olmasının göstəricisidir.

Orta aylıq əməkhaqqı baxımından da oxşar sonuclar var. Bu ilin üçüncü rübünün sonuna Bakı şəhərində orta aylıq əməkhaqqı 1 min 168 manat olub. Bu, ölkə ortalamasından (920 manat) 27 faiz yuxarı göstəricidir. Bakıdan sonra maaşların ən yüksək olduğu şəhər olan Sumqayıtda oxşar göstərici 817 manatdır və Bakı ilə müqayisədə təxminən 50 faiz azdır. Respublika tabeli digər şəhərlər orta aylıq əməkhaqqı baxımından paytaxtla müqayisədə iki dəfəyə yaxın geri qalır. O da var ki, Azərbaycandakı 1 milyon 720 min iş yerinin 928 mini - yarıdan çoxu elə təkcə Bakıdadır. Sırf özəl sektora göz gəzdirəndə indi Azərbaycanda özəl sektorda çalışan 829 min muzdlu işçinin 523 min nəfərinin - 63 faizinin Bakıda olduğu üzə çıxır.

XS
SM
MD
LG