Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 17:53

200 milyard dollar hara gedib?


Sentyanrın 20-də “Əsrin neft müqavələsinin” 30-cu ili tamam olur.

“Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi.

Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına şərait yaratdı. Rəsmi məlumata görə, ötən müddətdə Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinə 56 milyard dollardan çox xarici sərmayə qoyulub.

200 milyard dollardan çox...

Azərbaycan bu illər ərzində neft kontraktlarından birbaşa ümumilikdə 200 milyard dollardan çox gəlir əldə edib.

Azərbaycan Dövlət Neft Fondundan (ADNF) bildirilib ki, ötən illər ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 595,8 milyon ton neft, 225 milyard kubmetrdən çox qaz hasil edilib:

“Bu ilin əvvəlindən sentyabrın 1-nə kimi AÇG yatağından 4 milyard 271,6 milyon ABŞ dolları gəlir əldə edilib. Layihə üzrə Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən 2001-ci ildən indiyə qədər ADNF-yə ödənilən bonusların ümumi həcmi 3,3 milyard ABŞ dolları təşkil edib. Bu il iyulun 1-dək “Azəri-Çıraq-Günəşli”dən Fonda 202 milyard dollar vəsait daxil olub.”

Qurumdan qeyd olunub ki, həmin vəsait hesabına ölkənin dinamik sosial-iqtisadi inkişafı təmin edilib. Neftdən əldə olunan gəlirlər ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyi-neft sektorunun sürətli inkişafına imkan yaradıb.

Hansı işlər görülüb...

ADNF-dən vurğulanıb ki, qurum 2001-ci ildən başlayaraq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması, habelə onların sosial-məişət vəziyyələrinin yaxşılaşdırılmasına vəsait ayırıb:

“Bu dövr ərzində Ağdam, Füzuli,... Şirvan şəhərlərində qaçqın və məcburi köçkünlər üçün hündür mərtəbəli binaların, fərdi yaşayış evlərinin,... digər obyektlərin tikintisi həyata keçirilib. 2020-ci ilin sonuna bu layihə üzrə tədbirlərin maliyyələşdirilməsi üçün Fonddan ümumilikdə 2 milyard 702,7 milyon manat vəsait ayrılıb”.

Fonddan bildirilib ki, 2002-ci ildən 2007-ci ilin fevralına kimi ümumilikdə 298 milyon manat Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə yönəldilib. Habelə vurğulanır ki, 90 milyon manat Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalının formalaşdırılmasına ayrılıb. Əlavə olaraq bildirilir ki, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirməsinə dair imzalanmış müqavilələr üzrə ümumilikdə 1 milyard 469,6 milyon manat istifadə olunub.

Həmçinin, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin maliyyələşdirilməsinə ümumilikdə 779,6 milyon manat vəsait ayrıldığı açıqlanıb.

Habelə qeyd olunub ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin ayrı-ayrı hissələrinin tikilməsi və bərpası üçün 775 milyon manat həcmində kredit verilib:

“Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalının artırılması üçün ümumilikdə 1 232,1 milyon ABŞ dolları vəsait ayrılıb...”

Fonddan vurğulanıb ki, bu illər ərzində dövlət təhsil proqramlarının maliyyələşməsi da həyata keçirilib.

“Hakim klanlara məxsus adamlar bu pulların bir hissəsini oğurlayıblar”

Siyasi şərhçi Zərdüşt Əlizadə də AzadlıqRadiosuna bildirib ki, bu neft pullarının müəyyən müsbət təsiri göz qabağındadır:

“Bakı abadlaşıb, rayon mərkəzləri tikilib, yol infrastrukturu, körpülər yenilənib. Pulların bir hissəsi də ordu quruculuğuna gedib. Onun da nəticəsi göz qabağındadır: Qarabağ qayıdıb və Azərbaycan ordusu güclüdür. Neft pulları həmçinin, Qarabağın bərpasına yönəlir. Bu, şübhəsiz ki, neft pullarının gətirdiyi səmərələrdir”.

Amma ekspertin fikrincə, digər tərəfdən neft pullarının xeyli hissəsi oğurlanıb:

“Bu pullar xaricdəki hesablara göndərilib, xarici ölkələrdə xərclənir. Bakıda elə adamlar var ki, 100 mənzili var, xeyli mülklər alıb. Azərbaycanda milyarderlər var, milyonçular var”.

İqtisadiyyata gəlincə, Z. Əlizadə hesab edir ki, ölkənin iqtisadi vəziyyəti bərbad haldadır:

“Hakim klanlara məxsus adamlar bu pulların bir hissəsini oğurlayıblar. Azərbaycan təhsili, səhiyyəsi bərbad vəziyyətdədir. Əhalinin yaşayış səviyyəsi aşağıdır. Bu pulların hesabına amansız bir zülm cihazı qurulub ki, xalqın bütün yaradıcılıq potensialını tapdalayıb, azadlıq hüququnu əlindən alıb”.

Hazırda Fondun aktivləri 58 milyard dollara bərabərdir.

Xatırlatma

2017-ci il sentyabrın 14-də bu müqavilənin müddəti ( əvvəl 30 illik bağlanmışdı) 2050-ci ilə qədər uzadılıb.

AÇG-də şirkətlərin iştirak payları hazırda belədir:

BP (30,37%), SOCAR (25 %), MOL (9,57%), INPEX Corporation (9,31%), Equinor (7,27%), ExxonMobil (6,79%), TPAO Turkish Petroleum Corp. ( 5,73%), ITOCHU International Inc. (3,65%), ONGC Videsh Ltd (2,31%).

XS
SM
MD
LG