Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:51

Rusiyalı ekspertin 'Nərmin işi' üzrə rəyi nəyi üzə çıxardı?


İ.Süleymanov
İ.Süleymanov

Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsi üzrə cinayət işində ən çox sual yaradan məsələlərdən biri meyitlə bağlıdır. Meyitin qan qrupu ilə Nərminin qan qrupunun fərqli olması; ekspertizanın iddia etdiyi kimi, cəmi beş dəqiqəlik yanğında meyitin kömürləşmiş həddə yanması; arxası üstə torpaq üzərində olmasına baxmayaraq, bədənin həm sinə, həm də kürək tərəfdən eyni dərəcədə yanması və s.

Azyaşlını oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda suçlanan İlkin Süleymanovun vəkilləri istintaq dövründə Moskvadan – bu sahə üzrə ixtisaslaşmış ekspert Ponovdan rəy alıb. Rusiyalı ekspert rəy verib ki, meyitin bu dərəcədə yanıb kömürləşməsi üçün bir-iki saat vaxt lazım idi. Süleymanovun vəkilləri sözügedən rəyi istintaqa təqdim ediblər. Cinayət işinin materiallarında həmin rəyin işə əlavə olunması haqda protokol da var.

"Torpaq üstündə olan hissə yanmadı"

Həmin rəydən sonra istintaq müqayisə məqsədilə eksperiment keçirmək qərarı verib. Eksperiment isə qoyunu yandırmaqla keçirilib və bu görüntülər lentə alınıb. Qoyunun yandırılması videosu, həmçinin Süleymanovdan polis şöbəsində etiraf ifadəsi alınandan sonra evlərinə gətirilib orada dindirilərkən lentə alınmış görüntülər bir həftə öncə məhkəmə iclasında nümayiş etdirilib. Noyabrın 23-də keçirilən budəfəki məhkəmə iclasında isə həmin görüntülər təhlil edilib.

Süleymanovun vəkilləri bildirib ki, qoyunun yandırılması eksperimenti tapılan meyitlə bağlı şübhələrin əsaslı olduğunu bir daha sübut etdi.

"Qoyunu beş dəqiqə yandırdılar, torpaq üstündə olan hissə yanmadı. Bəs necə olur ki, Nərminə aid olduğu iddia edilən meyitin hər iki tərəfi eyni dərəcədə yandı? Qoyun həmin meyit kimi kömürləşmə həddində yanmadı. Necə olur, bədən kömürləşmə həddində yanır, amma üstündə olan sintetik gödəkcə salamat qalır?", – vəkil Əlibaba Rzayev belə deyib.

Hadisə yerinə ayağında tərlik aparılıb

Süleymanovun hadisə yerində dindirilərkən lentə alınmış görüntülərdə müstəntiqin tez-tez ona pıçıltı ilə nələrsə dediyi aydın görünür. Hətta müstəntiqin "danışdığımız kimi, təcavüz yoxdur, olmayacaq" sözləri aşkar eşidilir.

Bundan başqa, Süleymanov evlərində uşağı necə oğurlaması, öldürməsi və s. haqda danışarkən onun ayağında ayaqqabı yox, tərlik olduğu diqqət çəkib. O, bunun səbəbi haqda danışarkən bildirib ki, etiraf ifadəsindən öncə Tovuz rayon Polis İdarəsində dözülməz işgəncələrə məruz qalmışdı. 2020-ci il yanvarın 9-da və 10-na keçən gecə davam edən bu işgəncələrə tab gətirə bilmədiyinə görə tələb olunan ifadəni verməyə razılaşıb: "Ayaqlarımın altına dəyənəklə o qədər vurmuşdular, şişmişdi, nə vəziyyətdə idim. Ona görə tərlik geyindirdilər. Sonradan videoçəkiliş üçün gətirəndə də onlarla gəldim. Gəlməmişdən əvvəl də hədələdilər ki, birdən gedib orada başqa cür danışaram. Şahlar Cəfərov mənə dedi ki, elə eləmə ki, ora 50 nəfər əliavtomatlı gətirim...".

Adı işgəncədə hallanan polis rəsmisi

Süleymanovun sözlərinə görə, Tovuz rayon Polis Şöbəsində ona qarşı işgəncələrə rəhbərlik edən əsas şəxslərdən biri o zaman əməliyyat işləri üzrə rəis müavini olan Şahlar Cəfərov idi. Cəfərov bundan öncə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çalışırdı. O, Nərmin itkin düşəndən az sonra Tovuza rəis müavini göndərilib. Süleymanovun həbsindən və bu hadisə ilə bağlı söz-söhbətlərdən sonra Tovuzun polis rəisi Şirzad Əsgərov təqaüdə göndərilib. Cəfərov isə Yevlaxa rəis müavini göndərilib.

Cəfərovun adı bundan öncə Nardaran hadisələrində Taleh Bağırov və digərlərinə işgəncə verməkdə, həmçinin bir sıra ictimai-siyasi fəalların həbsində də hallanıb.

"Arxayın ol, sənin haqqında obyektiv hökm veriləcək"

Süleymanov evlərində lentə alınmış görüntülərdə Nərmini övladlığa götürmək məqsədilə oğurlaması, onun başına daşla vurub öldürməsi, meyiti torbaya qoyub, aparıb evlərinin qarşısında yandırmasından danışır. O, prokurorun suallarına cavab verərkən bildirib ki, mümkün qədər inandırıcı olmağa çalışırdı. Lakin real olmayan bir hadisədən danışdığına görə tez-tez çaşırdı, düşünüb nələrsə uydurmalı olurdu.

O, prokurorun bir sıra suallarına cavabında "xatırlamıram", "bilmirəm" deyib. Gəncə Ağır Cinayətlər Məhkəməsində bu işi araşdıran hakim Dadaş İmanov ondan bütün məqamları dəqiqliklə xatırlamasını istəyib: "Sənə bu ifadə əsasında ittiham verilib. Sən də dəqiqliklə xatırla, bizə danış ki, biz obyektiv hökm çıxara bilək. Arxayın ol, sənin haqqında obyektiv hökm veriləcək. Amma sən də ehtimalla yox, dəqiq danış...".

Süleymanovun işi üzrə məhkəmə araşdırmaları noyabrın 29-da davam edəcək.

Xatırlatma

2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanan 48-yaşlı İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham verilib. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir. Baş Prokurorluq isə Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG