Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:36

'2016-cı il işgəncənin leqallaşdırılması ili də adlana bilər'


Əli Kərimli
Əli Kərimli

«Hara gedirsən rüşvət, hara gedirsən ikiüzlülük, işsizlik görürsən. Azərbaycanda insan haqqı da budur, demokratiya da, o biri də, bu biri də. Bunu prezident görür də, bilir də. Ancaq camaata bu yaşayışı layiq görür. Çünki bu cür vəziyyətdə dövləti idarə etmək də asanlaşır».

65 yaşlı Hidayət Kərimov deyir, onun kimi sadə adamların əlindən heç nə gəlmir. Çünki illərdir mülkiyyət hüquqlarını müdafiə edə bilmir. O, 2016-cı ildə də məhkəmə yollarında qalıb.

«HÜQUQ-MÜHAFİZƏ ORQANLARI RƏSMƏN İŞGƏNCƏ İLƏ MƏŞĞUL OLUR»

«Ötən bir ildə Azərbaycan demokratiya və insan hüquqlarını təminatı baxımından geriyə ciddi addımlar atıb». Bunu isə AXCP sədri Əli Kərimli deyir. Onun fikrincə, məhz bu il ölkədə siyasi məhbusların sayı artıb, Nardaran hadisələri ilə bağlı keçirilən məhkəmə prosesində müttəhimlər dəhşətli işgəncələrdən söz açıblar: «Nardaran işi üzrə məhkəmə göstərdi ki, Azərbaycan hakimiyyətində hüquq-mühafizə orqanları rəsmən zorakılıq və işgəncə ilə məşğul olurlar. Məhkəmədə işgəncə verən dövlət məmurlarının adları çəkildi. Ancaq bir nəfər də məsuliyyətə cəlb olunmadı. Ona görə bu ili işgəncənin leqallaşdırılması ili də adlandırmaq olar. Bu il siyasi azadlıqların, mətbuat azadlığının, sərbəst toplaşma azadlığının daha da məhdudlaşdırılması baxımından da olduqca neqativ addımlar atıldı».

AXCP sədri vurğulayır ki, hakimiyyətin müxalifətə mərkəzdən uzaq «Məhsul» stadionunda mitinq keçirməyə icazə verməsi sərbəst toplaşma azadlığının təminatı deyil, gözdən pərdə asmaq idi. «Çünki məhz aksiyalardan öncə və sonra neçə-neçə müxalifətçi həbs edilib sutkalıq cəzalar alırdı», - o, sözlərinə əlavə edir.

Tofiq Yaqublu
Tofiq Yaqublu

ÜMİDLƏR DOĞRULMADI

2016-cı ildə «vicdan məhbusu» kimi tanınan vətəndaş cəmiyyəti fəalları – hüquq müdafiəçiləri və jurnalistlər əfv fərmanları və məhkəmələr yoluyla azadlığa qovuşdu. Onlardan biri, Müsavat başqanının müavini Tofiq Yaqublunun sözlərinə görə, hakimiyyətin bu addımı çoxlarında ümid yaratsa da, sonrakı həbslərlə bu ümidlərin üstündən xətt çəkildi: «Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalananda insanlarda belə bir yanlış təsəvvür formalaşdı ki, müəyyən yumşalmalar olacaq, həbslər dayanacaq, hakimiyyət müəyyən güzəştlərə gedəcək. Ancaq sonrakı dövr avtoritar hakimiyyətin öz mahiyyətindən kənara çəkilmədiyini göstərdi. Elə sentyabrda keçirilən referendumu götürək. Bu, demokratiya, insan haqları adına bir ləkəydi. Sonuncu həbs və məhkəmələr - Qiyas İbrahimovla Bayram Məmmədovun həbsi isə Azərbaycanda insan haqlarının durumunu xarakterizə edir. Adi bir qraffitiyə, heykəlin üstünə yazı yazdığına görə bu gəncləri şərləyib amansızcasına işgəncə verib 10 il həbsə atdırma tam rəzalətdir».

MƏŞHUR KƏLAM: «SABİTLİK VAR»

Parlamentin insan haqları komissiyasının üzvü, deputat Fazil Mustafa isə deyilənlərlə razı deyil. O bildirir ki, nə də olmasa, Azərbaycanda sabitlik var, demokratiyadansa imtina olunmayıb. Ona görə 2016-cı ili ənənəvi siyasətin davam etməsi ili kimi qiymətləndirir:

Fazil Mustafa
Fazil Mustafa

«Ən azı, Azərbaycanda müəyyən sabitliyin olması, insanların hüquqlarını qoruyan qanuni mexanizmlərin mövcudluğu, müəyyən nöqsanlarla yanaşı, hüquq prosedurlarının işləməsi başqa ölkələrlə müqayisədə daha sabit olduğumuzu göstərir. Kütləvi həbslər baş vermədi, referendumla bağlı aksiyaların keçirilməsinə icazə verildi. Həbsdə olanların əksəriyyəti əfv fərmanı ilə buraxıldı, amma həbsdə qalanlar da var. Ölkədə müxalifət mətbuatı fəaliyyət göstərir, internet mediaya məhdudiyyət qoyulmayıb. Doğrudur, prezidentin şərəf və ləyaqətinin təhqir olunmasına görə sanksiyalar sərtləşdirildi. Ancaq əslində, bu da müəyyən dərəcədə haqlı addım idi. Ancaq bütün hallarda insan haqlarının kütləvi pozulması müşahidə olunmadı».

ABSURDUN SƏVİYYƏSİ

AXCP sədri Əli Kərimli isə düşünür ki, Konstitusiyaya dəyişikliklərlə bağlı referendum ölkənin olan-qalan imicinin üstündən birdəfəlik xətt çəkdi: «Referendumun saxtalaşdırılması ilə hüquqların məhdudlaşdırılması həm də «kostitusiyalaşdırıldı». Çox absurd hadisələrdən biri baş verdi. Guya vətəndaşlarımız yüksək səs çoxluğu mülkiyyət hüququnu hökumətin istədiyi kimi, istədiyi zaman əlindən ala bilməsinə qərar verdi. Həm də söhbət təkcə mülkiyyət hüququndan yox, söz və mətbuat azadlığının, sərbəst toplaşma, seçki keçirmək hüququnun Konstitusiya ilə məhdudlaşmağından gedir. Bu da antidemokratiya sahəsində gəlib çatdığımız absurdun səviyyəsini göstərir».

Hakimiyyət nümayəndələrisə bu referendumla xalqın Konstitusiyaya dəyişikliklərdən öncə İlham Əliyevin prezidentliyinə səs verdiyini özəlliklə vurğulayır.

2016-cı ildə həbsxanalar az-çox boşalsa da, həbslər davam etdi. May ayında iki gənc fəal - Qiyas İbrahimovla Bayram Məmmədov keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək» yazmasından sonra həbs olundu. Özlərinin və müdafiə tərəfinin deməsinə görə, onlar saxlananda işgəncələrə məruz qaldılar. Hər iki gənc narkotik saxlama ittihamıyla 10 il azadlıqdan məhrum edildi.

Faiq Qurbanov
Faiq Qurbanov

«ONLAR KONKRET CİNAYƏT ƏMƏLİNƏ GÖRƏ HƏBS OLUNUB»

Gənclərin həbsi beynəlxalq təşkilatların da sərt bəyanatlarına səbəb oldu. Ancaq Ədliyyə Nazirliyinin İnsan haqları şöbəsinin müdiri Faiq Qurbanov deyir ki, gənclər heykəli yazmağa görə tutulmayıblar, onlara işgəncə verilməsi iddiası da doğru deyil: «Müəyyən şəxslərin azadlıqdan məhrum edilməsi heç də irəli sürülən motivasiyayla deyil, onların konkret cinayət əməliylə bağlıdır. Azərbaycanda heç kəs siyasi baxışlarına, fikrinə, əqidəsinə görə azadlıqdan məhrum edilmir. Bu iki gənc də konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunub».

F.Qurbanov deyir ki, 2016-cı ildə də Azərbaycan hakimiyyəti demokratik təsisatların, insan hüquq və azadlıqlarının bərqərar olunması yönündə işlərini davam etdirib: «Həm milli təsisatlar, həm də vətəndaş cəmiyyəti ilə dialoq baxımından ölkədə bir sıra islahatlar aparılıb. Əlbəttə, görülmüş işlərlə kifayətlənmək olmaz. Demokratik təsisatların, insan hüquq və azadlıqlarının, qanunun aliliyinin insanlar üçün daha da əlçatımlı şəkildə inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Bu iş bundan sonra da davam etdiriləcək».

65 yaşlı Hidayət Kərimovsa deyir ki, məhkəmə yollarında qalmasaydı, hakimiyyətin insanların hüquqlarını qorumasına inanardı. Ancaq o, gələn il də elə həmin yollarda ayaq döyəcəyini düşünür.

XS
SM
MD
LG