Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:08

İqlim dəyişikliyi: istilər, meşə yanğınları güclənir


Britaniyada rekord istilər yaşanır
Britaniyada rekord istilər yaşanır

Нanğınlara təkcə iqlim dəyişikliyi səbəb olmur. Meşə idarəçiliyi, yandırma da vacib faktorlardır

Hazırda Avropada rekord istilər, meşə yanğınları qeydə alınır. “Reuters” iqlim dəyişikliyinin bu proseslərə təsirini araşdırıb.

Agentlik iqlim dəyişikliyinin isti dalğalarını daha tez-tez yaratdığını, temperaturu yüksəltdiyini qeyd edir. Quru əraziləri üçün bu tendensiyanı BMT-nin iqlim alimləri qlobal paneli də təsdiqləyir.

İnsan fəaliyyəti nəticəsində atmosferə buraxılan istixana qazları sənaye dövründən əvvələ nisbətən temperaturu 1.2 Selsiyədək qaldırıb.

“Bu gün üzləşdiyimiz hər bir isti dalğasında temperatur iqlim dəyişikliyi səbəbindən daha yüksəkdir, daha tez-tez baş verir”, – London İmperial Kollecində iqlimşünas alim Frederike Otto deyir.

Sirkulyasiya

Ancaq isti dalğalarına digər şərtlər də təsir göstərir. Avropada atmosfer sirkulyasiyası vacib faktor hesab olunur.

Bu ay “Nature” jurnalında çıxmış araşdırmada deyilirdi ki, Avropada isti dalğaları Birləşmiş Ştatlar kimi şimal en dairələri ilə müqayisədə üç-dörd dəfə daha sürətlə baş verib. Müəlliflər bunu cərəyan axınında dəyişikliklər – şimal yarımkürəsində qərbdən-şərqə sürətli hava cərəyanı ilə əlaqələndirirlər.

2004-cü ildən aşırı hava hadisələri, o cümlədən istilik, daşqınlar, quraqlıqla bağlı 400-dən çox araşdırma aparılıb. İqlim dəyişikliyinin bu hadisələrdə rolu öyrənilib.

Məsələn, alimlər müəyyənləşdiriblər ki, 2019-cu ilin iyununda qərbi Avropada rekord isti dalğasının indi Fransada və Niderlandda baş vermə ehtimalı 100 dəfə çoxdur, səbəb isə insanların iqlimi dəyişdirməsidir.

“İnsanların iqlimə təsir göstərməyəcəyi halda hər 10 ildən baş verə biləcək bərk istilər indi üç dəfə daha çox qeydə alınır”, – ETH Zurich universitetindın iqlimşünas alim Sonia Seneviratne vurğulayıb.

Hədəflər

Temperatur yüksəlişi o zaman dayana bilər ki, insanlar atmosferə istixana qazları buraxılmasını dayandırsınlar. O vaxtadək daha pis isti dalğaları gələcək. İqlim dəyişikliyi probleminin yoluna qoyulmaması isti dalğalarını daha təhlükəli edə bilər, “Reuters” yazır.

2015-ci il Paris razılaşmasına görə, ölkələr qaz emissiyalarını o qədər azaltmalıdırlar ki, qlobal istiləşmə 2°C-yə düşsün, hədəf isə 1.5°C olsun. Ancaq hökumətlərin mövcud siyasətləri bu hədəflərin heç birinə sürətlə çatmağa imkan vermir.

Seneviratne deyir ki, istiləşmənin 1.5°C-ni keçməsinə imkan vermək gələcəkdə bir çox illərdə “havanın çox isti keçəcəyi” anlamına gəlir.

İqlim dəyişikliyinin istilik və quraqlığı gücləndirməsi isə meşə yanğınlarının sürətlə yayılmasına, meşələrin daha uzun müddətə yanmasına yol acır.

Ötən il Avropa İttifaqında yarım milyon hektardan çox ərazi yanıb. Bu 2017-ci ildən bəri blokda ikinci rekord idi.

Digər səbəblər

Portuqaliya, Yunanıstan kimi ölkələrdə yayda yanğınlar çox olduğundan, onları idarə etmək üçün infrastruktur da var. Ancaq artıq temperaturun yüksəlməsi meşə yanğınlarını onlara adət etməyən, mübarizəyə daha az hazırlıqlı regionlara da yayır.

Di gəl, yanğınlara təkcə iqlim dəyişikliyi səbəb olmur. Meşə idarəçiliyi, alovlandırma da vacib faktorlardır. Avropada 10 yanğından 9-dan çoxuna insan fəaliyyəti – qəsdən yandırma, barbekyu, elektrik xətləri, şüşə qırıntıları səbəb olur.

İspaniya kimi ölkələrdə isə kənd yerlərində əhali azalır, daha çox adam şəhərlərə üz tutur, yaşıllıqları təmizləmək üçün işçi qüvvəsi də azalır.

XS
SM
MD
LG