Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:57

İqtisadiyyatın 60 faizi neftdənkənardırsa...


Neft
Neft

-

Prezident İlham Əliyev «Euronews» telekanalına müsahibəsində Azərbaycan iqtisadiyyatını şaxələndirməkdən söz açıb. Prezidentin neft və qazın ölkə iqtisadiyyatdakı payı barədə söylədikləri diqqət çəkib: «Əslində, biz iqtisadiyyatın şaxələndirilməsi üzərində uzun illərdir ki, işləyirik. Lakin hazırda - neftin qiymətinin çox aşağı olduğu bir dövrdə bu, bizim üçün əsas prioritetə çevrilib. Biz neft və qazdan asılılığı azaltmağa nail olmuşuq. Hazırda neft və qaz bizim Ümumi Daxili Məhsulun (ÜDM) cəmi 30 faizini təşkil edir. Lakin bizim hədəfimiz neftin qiymətindən asılı olmayacaq inkişaf modeli yaratmaqdır və bu proses davam edir».

«NƏDƏN MANAT DƏYƏRSİZLƏŞDİ?»

İ.Əliyev deyib ki, hökumət Beynəlxalq Valyuta Fondunun (BVF) dəstəklədiyi, əsasən, neftdənkənar sahələri - kənd təsərrüfatını, informasiya texnologiyalarını, turizmi əhatə edən geniş islahatlar paketi təqdim edir: «Bu səbəbdən də əminəm ki, qarşıdakı illərdə Azərbaycanın neftdən asılılığı daha da azalacaq».

Yanvar ayı üzrə rəsmi statistikaya görə, ÜDM-in 31.33 faizini neft-qaz sektoru, 60.96 faizini qeyri-neft sektoru, 7.7 faizini isə xalis vergilər təşkil edir. Belə rəqəmlər suallar yaradır: Vəziyyət belədirsə, yəni iqtisadiyyatın üçdə ikisi neftdənkənar sahələrə aiddirsə, niyə neft ucuzlaşınca bütün iqtisadi göstəricilər kiçildi? Nədən manat dəyərsizləşdi, ixrac azaldı, büdcə daraldı, iqtisadi artım baş vermədi?

«ƏGƏR BU DOĞRUDURSA, O ZAMAN...»

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, hər hansı ölkədə enerjidaşıyıcılar ixracatda 94%, büdcənin formalaşmasında birbaşa 50%, dolayısı ilə 70-75% paya sahibdirsə, həmin ölkənin ÜDM-ində enerjidaşıyıcıların payına cəmi 30% düşə bilməz: «Yox əgər bu doğrudursa, o zaman ölkənin iqtisadiyyatı şəffaf deyil, düzgün işləmir. Ölkəyə gələn hər 10 dolların 9 dollardan çoxu neftə görədir, belə bərbad vəziyyət 90-ci illərdə Nigeriyada olub. O zaman bu ölkə qazandığı hər 10 dolların 8.8-ni neftə görə əldə edirdi. Bu anlamda Nigeriyadan da betər durumdayıq».

«QEYRİ-NEFT SEKTORUNUN BÖYÜMƏSİNDƏ...»

Başqa bir ekspertin - Rəşad Həsənovun sözlərinə görə, diqqətçəkən məsələ odur ki, qeyri-neft sektorunun böyüməsində neft gəlirləri əsas faktorlardan idi: «Neft gəlirləri dövlət büdcəsi vasitəsi ilə daxili tələb formalaşdırırdı. Daxili istehlak gücünün sürətlə artımı biznesin ixrac marağını azaldır və inhisarçılıq kimi alətlərdən də istifadə olunmaqla, rəqabətqabiliyyətli istehsalın formalaşmasını əngəlləyirdi. Nəticədə ölkənin qeyri-neft ixracının ümumi ixracda payı 5-7% idi. Bu isə ölkənin valyuta təminatının, ümumi gəlirlərinin neftdən asılılığının əsas səbəbi olub».

«NEFT HESABINA GENİŞLƏNƏN İQTİSADİYYAT ...»

R.Həsənovun fikrincə, belə bir şəraitdə neftin ucuzlaşması, ilk növbədə, büdcə xərclərini azaldıb: «Eyni zamanda milli valyutaya təzyiq artdı. Nəticədə manat dəyərini kəskin itirdi. Beləliklə, idxaldan asılı daxili bazar, o cümlədən yerli istehsal ciddi problemlərlə üzləşdi. Kiçik və orta sahibkarlığın zəif inkişafı da ölkədə problemi dərinləşdirən faktorlardan sayılır. Şişirdilmiş büdcə xərcləmələri, «paket»lər, rüşvət və korrupsiya kimi neqativ amillər normal iqtisadi şərtlərin formalaşmasına imkan vermirdi. Hazırda bəhs etdiyimiz istiqamətlərdə imkanların məhdudlaşması, əhalinin iqtisadi ovqatına və istehlak qabiliyyətinə mənfi təsir göstərib. Məhz belə məqamlar neftin ucuzlaşması fonunda ölkəni böhrana sürükləyən əsaslar yaratdı. Bir sözlə, çox qısa zamanda neft vəsaitləri hesabına genişlənən iqtisadiyyat maliyyə qaynağını itirdiyindən geriləməyə başladı».

XS
SM
MD
LG