Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:43

İranda etirazlara görə azı 2 min 400 nəfər məhkum edilib


İranda etiraz və toqquşmalar davam edir, yeni itkilər var
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

İranda etiraz və toqquşmalar davam edir, yeni itkilər var

İran ədliyyəsi bildirir ki, ölkədə etirazlarla bağlı pozuntularla əlaqədar 2 min 400-dən çox insan məhkum edilib. Sentyabrın ortasında gənc qadının polis tərəfindən saxlanandan sonra ölümü ölkədə etirazlara səbəb olub. Əxlaq polisi Məhsa Əminini guya hicabı düzgün bağlamadığına görə saxlamışdı.

Daha 1118 nəfərə isə ittiham irəli sürüldüyü bildirilir.

Ədliyyənin sözçüsü Məsud Setayeşi noyabrın 22-də jurnalistlərə deyib ki, ümumilikdə 2 min 432 nəfərə nümayişlərdəki rolundan dolayı ilkin instansiya məhkəmələri hökmlər çıxarıb.

40 əcnəbi də saxlanıb

Setayeşi həbs olunanların sayını açıqlamayıb, ancaq onların arasında 40 əcnəbinin olduğunu söyləyib. İnsan haqları təşkilatları isə etirazlarda 15 mindən çox insanın saxlandığını bildirir.

Sözçü Katayun RiahiHəngamə Qaziani kimi tanınmış aktrisaların da saxlandığını təsdiqləyib. O deyib ki, digər tanınmışlar da “saxta və əsaslandırılmamış sözlər” danışsalar, mühakimə olunacaqlar.

Riahi Əmininin ölümündən sonra etiraz olaraq hicabını açan ilk tanınmışlardan idi. Qaziani isə Tehranda küçədə hicabsız, saçı “at quyruğu” formasında yığılmış fotosunu paylaşmışdı. Son həftələr İranda saçını at quyruğu formasında yığmaq etiraz simvoluna çevrilib.

Etirazçılara amansızlıqla divan tutulmasına baxmayaraq, ayrı-ayrı yerlərdə etirazların davam etdiyi bildirilir.

Tələbələrin xaricə getməsinə qadağa təklifi

Deputatlar isə etiraz edən tələbələrin 10 il müddətinə xaricə getməsinə qadağa qoymağı təklif ediblər. İslam İnqilab Keşikçiləri Korpusuna bağlı “Fars” xəbər agentliyinin məlumatına görə, bəzi “ekspertlər” də bu planın hazırlanmasında rol oynayıb. Bu “ekspertlər” haqda izahat verilməsə də, bəzi müşahidəçilər onların kəşfiyyat və təhlükəsizlik qurumlarının agentləri olduğunu deyirlər.

Bu plan təqdim olunmazdan bir neçə gün öncə Ali dini lider Ayətullah Əli Xameneyi nümayişçilərin “ədəbsizliyi” haqda danışıb.

Son etirazlarda bəzi tələbələr, o cümlədən Tehrandakı Şərif Universitetində oxuyanlar Xameneyi barədə mənfi şüarlar səsləndiriblər.

Bu yaxınlarda İranın 290 yerlik parlamentinin 227 üzvü məhkəmə sistemini bəzi etirazçılara ölüm hökmü kəsməyə çağırıb.

Radikal siyasi fəal və keçmiş deputat Həmid Rasaei tələbələrin təhsilini xaricdə davam etdirmək arzusunu nəzərə alaraq Twitter-də yazıb ki, tələbə etirazlarını yatırtmaq üçün etirazçı tələbələrin ölkədən çıxmasına qadağa qoyulsun.

Hər il 150 mindən çox iranlı ölkədən gedir

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, hər il 150 mindən çox təhsilli iranlı daha yaxşı həyat dalınca xaricə gedir.

BMT-nin İnsan haqları üzrə Ali Komissarı Volker Turk isə xəbərdarlıq edib ki, İran hökumətinin etirazçılara divan tutması “kritik” həddə çatıb.

Turkun sözçüsü noyabrın 22-də Cenevrədə deyib ki, “həftəsonu öldürülən iki uşaq daxil olmaqla, İranda etirazlarda ölənlərin sayının artması, təhlükəsizlik qüvvələrinin reaksiyasının kəskinləşməsi ölkədə vəziyyətin kritikləşdiyini göstərir”.

İnsan haqları qrupları son etirazlarda azı 378 nəfərin, o cümlədən 47 uşağın hökumət qüvvələri tərəfindən öldürüldüyünü bildirir.

XS
SM
MD
LG