Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:19

İranın tərəfdaşları Yaxın Şərqdə silah istehsalı imkanlarını genişləndirirlər


Livanlı "Hizbullah" döyüşçüsü İsraillə sərhəddə İran istehsalı olan zenit raketini tutur.
Livanlı "Hizbullah" döyüşçüsü İsraillə sərhəddə İran istehsalı olan zenit raketini tutur.

Bir məşhur məsəldə deyilir ki, ac adama balıq versən, onun qarnını bir günlük doyurarsan; ancaq ona balıq tutmağı öyrətsən, o, hər gün öz balığını tuta bilər. İranın Yaxın Şərqdəki əsas strategiyası bu prinsipə əsaslanır: Proksi və tərəfdaşlarına silah versən, onların döyüşlərini bir günlük dəstəkləyərsən. Onlara silah düzəltməyi öyrətsən, onlar ömürboyu sənin düşmənlərinlə vuruşarlar.

Müttəfiq və tərəfdaşlardan oluşan şəbəkə

İran dəstəklədiyi silahlı qrupların öz silahlarını istehsal etmələrinə yardım etməyin faydasını görməkdədir.

"İran Yaxın Şərqdə müttəfiq və tərəfdaşlardan oluşan şəbəkə yaradıb – Yəməndəki husilərdən İraqdakı iranyönümlü qruplara, Suriyadakı iranmeylli qruplardan Livandakı "Hizbullah"a və Qəzzadakı HƏMAS-adək. Tehran öz texnologiyalarının bir bölümünü birbaşa verir, yaxud yerli istehsalçılara dəstlər, ehtiyat hissələri və digər şəkildə yardım göstərir. [Bundan başqa] Onlara İranda və ya öz yerlərində təlim keçir", - Virciniyada yerləşən Hərbi Dəniz Təhlilləri Mərkəzinin əməkdaşı Semyuel Bendettin (Samuel Bendett) sözləridir.

AzadlıqRadiosunun müxbiri Maykl Skollonun yazdığı məqalədə deyilir ki, Tehranın dəstəklədiyi belə qrupların getdikcə daha çox özlərinin istehsal etdiyi silahlardan yararlandığını görmək mümkündür. Bu silahlar çox zaman İran texnologiyaları təməlində, ya da onun yardımı ilə istehsal edilir, yaxud yığılır.

"Bu qruplar artıq İranın verdiyi çoxlu nou-hauya malikdir. İndi də onlardan ABŞ və onun regiondakı müttəfiqlərinə qarşı istifadə edirlər", - yenə Bendettin baxışıdır.

İranın dəstəklədiyi, daha çox HƏMAS kimi tanınan İslami Dirəniş Hərəkatı oktyabrın 7-də İsrailə hücumunda birbaşa Qəzza zolağında istehsal olunmuş silahlardan yararlanıb.

İsrail Müdafiə Qüvvələri hücumdan sonra İranda istehsal olunmuş minaatanlar və partlayıcı maddələr aşkar etdiyini bildirib. İsrail hərbi qurumlarının hesablamalarına görə, hücumda istifadə edilən silahların 10 faizə qədəri İranda istehsal olunub.

İsrailin hərbi qurumları əksər silahları Qəzza zolağında HƏMAS-ın istehsal etdiyini, yaxud təkmilləşdirdiyini deyir. Bu silahlar arasında hücum tüfəngləri, raket, minaatan, mərmi və sursatın olduğu bildirilir.

Ayətullah Əli Xamenei 2012-ci ildə Tehranda görüş zamanı HƏMAS lideri İsmayıl Haniyəni salamlayır.
Ayətullah Əli Xamenei 2012-ci ildə Tehranda görüş zamanı HƏMAS lideri İsmayıl Haniyəni salamlayır.

Livanın "Hizbullah" qrupunun daha güclü cəbbəxanası var

İranın regiondakı, azı, 19 proksi və tərəfdaşının öz yerlərində silah düzəltdiyi, üstəlik, cəbbəxanalarında sovet, Rusiya və İran silahlarının olduğu iddia edilir.

Tehranın proksiləri arasında Livanın "Hizbullah" qrupunun daha güclü cəbbəxanası var. Buraya Livanın özündə istehsal edilən raketlər də daxildir. Oktyabrın 7-dən bəri "Hizbullah"ın İsrailə yüzlərlə raket atdığı bildirilir.

İranın Yəməndə dəstəklədiyi Husi üsyançıları İsrailə ballistik və qanadlı raketləri atdıqlarını və dronlar göndərdiklərini iddia ediblər. Noyabrın 8-də Pentaqon ABŞ hərbi kəşfiyyat dronunun Yəmən sahillərində Husi qüvvələri tərəfindən vurulduğunu bildirib.

Pentaqon bildirir ki, İsrailin Qəzza zolağına hücumlarına dəstək veriləndən bəri İranın İraq və Suriyadakı proksiləri ötən ay ABŞ qüvvələrinə qarşı 58 hücum gerçəkləşdirib.

Tehran HƏMAS-ın hücumuna qatıldığını danır. Yayılan xəbərə görə, noyabrın əvvəllərində Ali Dini Lider Ayətullah Əli Xamenei İranı və Livan "Hizbullah"ını savaşa qoşulmağa çağıranları susdurması üçün HƏMAS lideri İsmayıl Haniyəyə təzyiq edib.

"Reuters"in istinad etdiyi mənbələrə görə, Xamenei Haniyə ilə Tehranda keçirilən görüşündə deyib ki, İran siyasi və mənəvi dəstəyini yenə sürdürəcək, ancaq birbaşa münaqişəyə qoşulmayacaq.

İran son illər HƏMAS-a hərbi yardımını açıqca dilə gətirib. Ekspertlərin fikrincə, beynəlxalq sanksiyalar olsa, eləcə də İsrail və Misir 2005-ci ildən bəri Qəzza zolağını dənizdən və qurudan blokadada saxlasa da, Tehran HƏMAS-ın döyüş qabiliyyətini artırmağa çalışıb.

Fələstinli qaçaqmalçı Misir-Qəzza sərhədinin altındakı tunel vasitəsilə Qəzzaya yanacaq keçirir.
Fələstinli qaçaqmalçı Misir-Qəzza sərhədinin altındakı tunel vasitəsilə Qəzzaya yanacaq keçirir.

"Onlar indi işsiz qalıblar"

Yaxın Şərq üzrə politoloq Əhməd Fuad Əlxatib AzadlıqRadiosuna bildirib ki, HƏMAS Fələstin Administrasiyasının keçmiş anbarlarından silahları talamaq, İsrail daxilindən fiktiv satışlar, Misirlə sərhəddən gizli silah keçirmək, habelə daxildə dron, raket və sursat istehsalı ilə silah arsenalını zənginləşdirib.

Ancaq onun sözlərinə görə, 2007-ci ildən - HƏMAS Qəzza zolağında nəzarəti ələ keçirəndən bəri əraziyə dəniz yolu ilə silah gətirildiyini göstərən yetərincə dəlil yoxdur. Üstəlik, Misirdən silah gətirilməsi 2011-ci il inqilabından sonra pik həddinə çatmışdısa, 2013-cü ildə "Müsəlman Qardaşlığı" hökumətinin devrilməsindən sonra yox səviyyəsinə enib.

Əlxatib deyir ki, bununla yanaşı, indi HƏMAS-ın əlində olan arsenal 10 ili aşan müddətdə toplanıb və bundan ötrü əraziyə qaçaqmalçılıq yolu ilə minlərlə ton silah və material gətirilib. Bu materialdan Qəzzanın özündə silah hazırlamaq üçün istifadə edilə bilərdi.

Əlxatibin sözlərinə görə, HƏMAS 2011-ci ildə Suriyadakı üsyanı dəstəkləyəndən sonra onun Tehranla münasibətləri soyumuşdu. Ancaq HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvar münasibətləri tezcə yaxşılaşdırıb, "çünki anlayırdılar ki, İran olmadan onların döyüş qabiliyyəti yüksələ bilməz".

O deyir ki, HƏMAS İranın çertyojları və çağdaş rəqəmsal platformaların verdiyi məsafədən təlim imkanlarının köməyi ilə köhnə raketləri yeniləməyin, onların qət etdiyi məsafəni və dağıdıcılıq gücünü artırmağı öyrənib.

Beyrutda "Hizbullah"ın paradı
Beyrutda "Hizbullah"ın paradı

Üstəlik, İranın İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) və Livan "Hizbullah"ı məsafədən HƏMAS-a döyüş taktikasını və nəhəng tunel şəbəkəsi düzəltməyi öyrədib.

Əlxatib qeyd edir ki, İran İraq və Suriyada həm Bəşər Əsədi dəstəkləmək, həm də bu iki dövlətin ordularına "İslam Dövləti"nə (İD-yə - terrorçu təşkilatdır) qarşı mübarizədə kömək etmək üçün yüz minlərlə şiə partizan və döyüşçüyə əl tutub.

"İndi həm İD, həm də Suriyadakı üsyançılar yenildiklərindən İranın əlində belə güclü, döyüşlərdə bərkimiş, yaxşı təlim görmüş, yaxşı təşkilatlanmış döyüşçülər var və onlar indi işsiz qalıblar. Beləcə, İranın İslam İnqilab Keşikçiləri Korpusu onların vəzifəsini dəyişdirərək onlardan …öz müdafiə oxunu gücləndirmək üçün istifadə edir", - Əlxatib bu qənaətə gəlir.

XS
SM
MD
LG