Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:11

İranda 'hicab keşikçiləri' haqqında məxfi sənəd hökumətin ört-basdırını üzə çıxarır


"Hicab keşikçiləri" məcburi baş örtüyü taxmayan qadınlarla qarşılaşmaq üçün Tehranın ictimai yerlərində patrul çəkir.
"Hicab keşikçiləri" məcburi baş örtüyü taxmayan qadınlarla qarşılaşmaq üçün Tehranın ictimai yerlərində patrul çəkir.

İranın paytaxtında metrodan yararlanmaq "qorxu tuneli"ndən keçmək deməkdir. AzadlıqRadiosunun müxbiri Maykl Skollon yazır ki, Tehran metrosunun giriş və dəhlizləri "hicab keşikçiləri" adlanan qara çadralı və yaşıl qurşaqlı qadınlarla doludur. Onların işi hicab taxmayan qadınları dayandırıb, onlarla "söhbət" aparmaqdır. Ancaq bu qadınları metroya kimin yerləşdirdiyi müəmmadır.

İranda islahatçı qəzetlərdən biri Daxili İşlər Nazirliyinin məxfi sənədini dərc edib. Sənəd dövlətin hicab keşikçiləri ilə əlaqəsini aydın göstərir. Sənədi dərc edən qəzetin məsuliyyətə cəlb edilməsi də hicab keşikçilərinin arxasında kimin durduğunu su üzünə çıxarır. Hökumət İslam Cümhuriyyətinin hicaba dair qanununa qatı yanaşmadan çəkinir, çünki ictimai qəzəbi yenidən alovlandıra bilər. Bu üzdən hicab siyasətini üstüörtülü gerçəkləşdirməyə çalışır və israrla hicab keşikçilərinin könüllü olduğunu, hökumətlə heç bir bağlantısı bulunmadığını iddia edirdi.

Sözügedən sənədin ictimaiyyətə açıqlanması bu iddianı səsləndirən hökumət rəsmilərini sərt tənqidlə üz-üzə qoyub və hətta onların istefası ilə bağlı çağırışlara yol açıb.

"Hər kəsin bu işdə öz vəzifəsi var"

Noyabrın 22-də daxili işlər naziri Əhməd Vahidi kabinetin iclasında hicab keşikçilərinin nazirliyin, yaxud əxlaq polisinin bir hissəsi olmadığını iddia edib.

Vahidi hicab keşikçilərinin öz fəaliyyətləri üçün ayrıca icazə almalı olduğu haqda tələbləri rədd edib və iddia edib ki, həmin qadınlar bu işi dini inanclarına görə və hökumətə tabe olmadan görürlər.

Nazir onları öz islami borcunu yerinə yetirərək əxlaqı təbliğ edən və əxlaqsızlığın qarşısını alan "xalq qrupları" kimi qələmə verib: "Hər kəsin bu işdə öz vəzifəsi var, ancaq bu iş nəzakətlə, yalnız sözlü məsləhətlə görülməlidir".

Nazirin iddialarından öncə Tehran və digər böyük şəhərlərin metrolarında peyda olmuş qadın dəstələrindən narazılıq ifadə edilmişdi.

İranda ötən ilin sentyabrında baş qaldıran və aylarla sürən etirazlardan bəri hicab qanunu ilə bağlı ictimai narazılıq və gərginlik hələ də qalır. Məhsa Əmininin ölümünün ildönümü ərəfəsində parlament ictimai qəzəbə məhəl qoymadan hicab qanununun yenilənmiş versiyasını qəbul edib. Qanunun yeni versiyasında onu pozanlara qarşı daha ağır cəzalar, o cümlədən 10 ilədək həbs cəzası nəzərdə tutulur.

"Etemad" qəzetinin birinci səhifəsində Daxili İşlər Nazirliyinin sənədi
"Etemad" qəzetinin birinci səhifəsində Daxili İşlər Nazirliyinin sənədi

"Onların aylıq maaşını da xalq ödəyir?"

Hökumət Əmininin ölümündən sonra başlayan "Qadın, həyat, azadlıq" hərəkatını yatırmağa çalışır. Bu cəhdlərin gedişində hicab keşikçilərinin ortaya çıxması haqda xəbərlər yayılıb.

Oktyabrın sonlarında daha bir gənc qadın "əxlaq" polisi ilə üzləşdikdən sonra yaşamını itirib. 17 yaşlı Armita Garevənd Tehran metrosunda əxlaq polisinin əməkdaşı ilə qarşıdurmadan sonra komaya düşərək ölüb. Bəzi xəbərlərdə onun əxlaq polisi tərəfindən döyüldüyü, digərlərində isə onun ölümünə görə hicab keşikçilərinin məsuliyyət daşıdığı iddia edilir.

Noyabrın 21-də tanınmış şərhçi Abbas Abdi islahatyönümlü "Etemad" qəzetində xəbərdarlıq edib ki, belə bir qrupun şəhərə buraxılması ictimai qəzəbi daha da artıracaq və cəmiyyətdəki bölünməni dərinləşdirəcək.

Nazir Vahidinin hicab keşikçilərini xalqın içindən çıxan xoşniyyətli dəstələr kimi qələmə vermək cəhdi uğursuz olub. İnsan haqları fəalları və islahatyönümlü siyasətçilər bu gedişi sərt tənqid ediblər.

"Entexab" xəbər saytının rəhbəri Mustafa Fəğihi noyabrın 22-də X sosial şəbəkəsində Vahidinin dedikləri ilə bağlı bunları yazıb: "Maraqlıdır! Deməli, metrodakı qorxu tuneli vətəndaşların [təşəbbüsüdür]! Onların aylıq maaşını da xalq ödəyir? Onları xalqın nəzarəti altında işə götürüb təşkilatlandırırlar?".

Noyabrın 26-da üzərində Daxili İşlər Nazirliyinin möhürü olan "son dərəcə məxfi" etiketli sənədin bir bölümünü "Etemad" qəzetinin dərc etməsi Vahidinin dövlətlə hicab keşikçiləri arasında əlaqənin olmaması barədə iddialarını yerlə-yeksan etdi.

Müxtəlif dövlət orqanlarına ünvanlanmış 9 iyun tarixli sənəddə keşikçilərin vəzifələri sadalanır və onların ictimai yerlərdə yerləşdirilməsi ilə bağlı təlimatlar verilir. Sənəddə bundan başqa hicab qanununu pozanlara dair geniş strategiya əks etdirilib: metronun bütün bölümlərində və metro qatarlarının içərisində onların fotosu çəkilməli, həbs üçün polisə təqdim edilməlidir.

Tehran metrosunda "hicab keşikçiləri" patrul çəkir.
Tehran metrosunda "hicab keşikçiləri" patrul çəkir.

"Hicab taxmamaqdan daha böyük və daha bağışlanmaz günah"

Əxlaqın təbliği və əxlaqsızlığın qarşısının alınması üzrə Baş qərargahın elanından sonra dövlətlə hicab keşikçiləri arasındakı əlaqə daha da aydın görünüb. Qurum qrupun 2 min 800-dən çox üzvünün ictimai yerlərə yerləşdirildiyini, onların fəaliyyətinin İslam İnqilab Keşikçiləri Qrupu, "Bəsic", Tehran bələdiyyəsi, prokurorluq və digər orqanlar tərəfindən koordinə edildiyini açıqlayıb.

Sözügedən qərargah İranın "əxlaq" qanunlarını dizayn edən və gerçəkləşdirən dövlət qurumudur. Hicab qanununun sərtləşdirilməsində də əsas rolu bu qurum oynayıb.

Baş qərargahın katibi Məhəmməd Saleh Haşimi Golpayegani ötən ilin avqustunda hicab qanununu pozan qadınların aşkarlanması üçün metro kimi ictimai yerlərə izləmə kameralarının yerləşdirildiyini elan edib.

Golpayeganinin İranda insan haqlarının ağır pozuntularına cavabdeh olduğunu deyən Avropa İttifaqı yanvar ayında ona qarşı məhdudlaşdırıcı tədbirlər görüb.

İran rəsmiləri qalmaqal doğuran sənədi dərc etdiyindən "Etemad" qəzetini dərhal cəzalandırıblar. Prokurorluq qəzetə qarşı məxfi məlumatı qanunsuz yayma ittihamı irəli sürüb.

Medianı susdurmaq məqsədilə atılan bu addım da Vahidinin iddiaları kimi media və siyasi çevrələrin sərt tənqidinə məruz qalıb.

Eyni zamanda "Neda" partiyası kimi tanınan "İranın səsi" partiyası ədliyyə qurumuna ünvanladığı məktubda, ümumiyyətlə, Vahidini "yalançı" olmaqda suçlayıb. Partiya iddia edib ki, nazirin ifadələri "hicab taxmamaqdan daha böyük və daha bağışlanmaz günahdır".

"Rouydad24" xəbər saytı isə Vahidinin vəzifəsindən çıxarılmasına çağırıb. Sayt Vahidinin xalqa yalan danışdığını və onun hicab keşikçiləri ilə bağlı mövqeyinin riyakarlıq olduğunu iddia edib.

XS
SM
MD
LG