Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:39

İranın yeni hicab qanunu 10 ilədək həbs cəzası nəzərdə tutacaq


İranda hicab qanununa itaətsizlik göstərənlər
İranda hicab qanununa itaətsizlik göstərənlər

İran parlamentinin komissiyası icbari hicab qanununu pozanlar üçün cəzaların sərtləşdirilməsi barədə qərar qəbul edib.

İndi bu qanun layihəsi Konstitusiyaya Nəzarət Şurasına təqdim edilməlidir.

Bu şuraya ali rəhbər ayətüllah Əli Xameneyi tərəfindən təyin edilən ruhani xadımlər, habelə hüquqşünaslar daxildir.

Bundan əvvəl CNN xəbər vermişdi ki, qanun layihəsinə daxil 70 maddədə hicab qanununu pozan qadınlar üçün daha böyük məbləğdə cərimələr və daha uzunmüddətli həbsxana cəzaları nəzərdə tutulur.

Məşhurlara daha ağır cəza, süni intellekt

Layihə hicabdan imtinaya görə 10 ilədək azadlıqdan məhrumetmə cəzası və 360 milyon İran rialı (7800 avro) cərimə nəzərdə tutur.

Qanun layihəsində habelə məşhurlar və hicab qanununu pozan şirkətlər üçün cəzalar sərtləşdirilir.

Layihəyə görə qanunu pozanların aşkarlanmasında süni intellektdən istifadə olunmalıdır.

İranda hazırda mövcud olan qanunlara görə bütün qadınlar saçlarını və boyunlarını örtməlidirlər.

Bu qanuna əməl olunmasına əxlaq polisi nəzarət edir. Bundan başqa hicab qaydasını pozanların aşkarlanması üçün gizli müşahidə kameralarından istifadə olunur.

Məhsa Əminin ölümündən başlanan etiraza cavab

Şərhçilər bildirilər ki, hicab qanunun sərtləşdirilməsi hakimiyyətin 22 yaşlı Məhsa Əminin ölümünə görə başlamış və bütün ölkəni bürümüş etiraz aksiyalarına cavabıdır.

Məhsa Əmini ötən sentyabrda guya hicabı düzgün bağlamadığına görə saxlanıb və polis nəzarətində vəfat edib.

O vaxtdan bəri aylarla davam edən etirazlar zamanı hökumətin əxlaq polisini buraxması haqda xəbərlər yayılmışdı. Ancaq əxlaq polisinin bəzi şəhərlərdə heç vaxt heç yerə getmədiyi haqda da xəbərlər var idi.

Amma baş verənlər ölkənin baş örtüyünü islamın əsas şərtlərindən biri kimi görən dini hakimiyyəti də düşünməyə vadar edib. İndi hökumət “İsmət və Hicab Qanununa” dəyişikliklər edərək tabe olmayanlara daha sərt cəzalar tətbiq etmək istəyir.

İnsan haqları fəalları bildirirlər ki, kütləvi etiraz aksiyaları zamanı 600 etirazçı həlak olub, 20 mindən çox insan saxlanıb. Bir neçə nəfər aksiyalarla bağlı ittihamlarla edam olunub.

XS
SM
MD
LG