Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:41

İran hərbi dronlarla təlimlərə başlayıb


İran yanvarın 5-də özünün istehsal etdiyi pilotsuz uçan aparatların – dronların iştirakı ilə geniş hərbi təlimlərə başlayıb
İran yanvarın 5-də özünün istehsal etdiyi pilotsuz uçan aparatların – dronların iştirakı ilə geniş hərbi təlimlərə başlayıb

İran yanvarın 5-də özünün istehsal etdiyi pilotsuz uçan aparatların – dronların iştirakı ilə geniş hərbi təlimlərə başlayıb.

Reuters agentliyi yazır ki, bu təlimlərin başlandığı gün ötən il İraqda ABŞ-ın dron zərbəsilə öldürülmüş İran generalı Qasem Soleymaninin ölümünün ildönmünə təsadüf edir.

Xəbərdə bu da deyilir ki, İran və onun regionda dəstəklədiyi qüvvələr son vaxtlarda Yəmən, Suriya, İraq və Hörmüz boğazında dronlardan geniş istifadə edir.

Bu təlimlərdə İran silahlı qüvvələri iki gün ərzində Simnan vilayətinin ərazisində bombardmançı, radar və kəşfiyyat tipli döyüş dronlarını sınaqdan çıxaracaq.

Barmaqlar tətikdədir

İran silahlı qüvvələri baş qərargahının rəisi Məhəmməd Bageri Fars xəbər agentliyinə deyib:

“Qəhrəman silahlı qüvvələrimizin barmaqları tətikdədir və əgər düşmənlərimiz azacıq səhv etsələr, silahlı qüvvələrimiz çox qətiyyətli cavab verəcək”.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, ABŞ prezidenti Donald Tramp hakimiyyətinin son günlərində İrana hücum etmək üçün bəhanə axtara, İsrail isə müharibə qızışdıra bilər.

İsrail İran nazirinin iddiasını rədd edib.

Hərbi dron təlimləri ABŞ və İran arasında münasibətlərin son dərəcə gərgin olduğu bir vaxta, habelə İraqda dron zərbəsi qətlə yetirilmiş general Qasem Soleymaninin ölümünün birinci ildönümünə təsadüf edir.

Baydendən gözləntilər

Təhlilçilər ABŞ-da prezident seçilmiş Co Baydenin İrana yönəlik necə bir siyasət yürüdəcəyini gözləyirlər.

Donald Tramp 2018-ci ildə öz ölkəsini İranla imzalanmış 2015-ci il nüvə razılaşmasından çıxarıb.

Bayden bildirib ki, Vaşinqton yenidən bu sazişə qayıdacaq. Lakin siyasi şərhçilərin fikrincə, bu, bəyan edildiyi qədər də asan olmaya bilər.

Reuters yazır ki, İran dronları silah-sursat çatdırmaq və ya “kamikaze” intihar uçuşları yerinə yetirmək qabiliyyətinə malikdir.

Çoxsaylı beynəlxalq sanksiyalarla üzləşən İran son illərdə silahların yerli istehsalını intensivləşdirib və hərbi-sənaye kompleksini inkişaf etdirib.

Bu sanksiya və embarqolar Qərb ölkələrinə İrana hər hansı silahları satmağı qadağan edir.

Lakin Qərb hərbi təhlilçilərinin fikrincə, İran bir çox hallarda təbliğat məqsədi ilə öz silahlarının qabiliyyətini şişirdir.

Buna baxmayaraq İranın ballistik raket proqramı Vaşinqtonun ciddi narahatlığına səbəb olub.

XS
SM
MD
LG