Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:22

Potensial İran-İsrail savaşı regionda son illərin ‘ən güvənsiz anını’ yaradır


İranın ali dini lideri Əli Xamenei İsmayıl Haniyənin dəfn mərasimində
İranın ali dini lideri Əli Xamenei İsmayıl Haniyənin dəfn mərasimində

Yaxın Şərq indiyədək gördüyü ən böyük böhranla üz-üzədir. AzadlıqRadiosunun əməkdaşı Kian Şərifinin qələmə aldığı məqalədə deyilir ki, İranla İsrail arasında tammiqyaslı savaş başlaya və bütün bölgəni münaqişəyə sürükləyə bilər.

Aİ və ABŞ-nin terrorçu təşkilat saydığı Fələstinin HƏMAS qrupunun siyasi lideri İsmail Haniyənin iyulun 31-də Tehranda qətlə yetirilməsi bölgədəki gərginliyi aşırı həddə çatdırıb.

Ekspertlər deyirlər ki, İran, söz verdiyi kimi, İsrailə hərbi cavab verərsə, tammiqyaslı müharibə başlaya, İranla onun bölgədəki proksiləri İsrail və ABŞ-yə qarşı döyüşə bilər.

“Bu, məncə, ilk dəfədir ki, gerçəkdən potensial tammiqyaslı regional qarşıdurma istiqamətində gedirik”, – İsraildə fəaliyyət göstərən Milli Güvənlik Araşdırmaları İnstitutunun aparıcı tədqiqatçısı Raz Tsimmt (Raz Zimmt) belə deyir.

Haniyənin qətlindən bəri bütün bölgə İranın İsrailə cavabını gözləyir. Haniyə İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə qatılandan sonra Tehranın zəngin məhəllələrindən birində qətlə yetirilib.

İran bu qətlə görə birbaşa İsraili suçlayıb.

İsrail məsuliyyəti öz üzərinə götürməyib. İranın Ali Dini rəhbəri Ayətullah Əli Xamenei bu hücuma hərbi cavab veriləcəyini vəd edib. Gələn xəbərlərə görə, o, artıq hərbi cavab verilməsi qərarını təsdiqləyib.

Haniyənin qətlindən cəmi bir neçə saat öncə İsrail Beyrutda Livanın İran dəstəkli ekstremist “Hizbullah” təşkilatının yüksək rütbəli komandirini öldürüb. İyulun 30-da İran İslam İnqilab Keşikçiləri Korpusunun bir üzvü İsrailin hava zərbəsiylə öldürülüb.

Zaman məsələsi

Apreldə - Tehranın İsrailə ovaxtadək misli görünməmiş hava hücumundan sonra, İran və İsrailin savaşın astanasında olduğu düşünülürdü.

Bu hücumdan bir neçə gün sonra İranın mərkəzində yerləşən İsfahan şəhərində bir hərbi baza vuruldu. Bu hücumu İsrailin gerçəkləşdirdiyi düşünülür.

İranın hücumu isə aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyinə, yeddi iranlı komandirin qətli ilə nəticələnən hücumuna cavab idi.

Ekspertlər deyirlər ki, Haniyənin İran ərazisində qətlinə Tehranın cavabı aprel hücumundakından daha sərt ola bilər.

Raz Tsimmt deyir ki, İran və onun “dirəniş oxundan” – Tehranın bölgədəki pərakəndə silahlı qrup və proksilər şəbəkəsindən, “İsrailə qarşı birləşmiş, mərkəzdən yönəldilən hücumun şahidi olacağımız ehtimalı [apreldəkindən] xeyli daha çoxdur:

“Mənə elə gəlir ki, bu, durumu xeyli çətinləşdirir, axı İran və “Hizbullah”ın hücum nəticələri, çox güman, apreldə baş verənlərdən daha ağır olacaq. Bu da bizi regional [hərbi] kampaniyanın mümkün olduğu qənaətinə yaxınlaşdırır”.

İsrailin Qəzzaya qarşı dağıdıcı savaş başlatmasından bəri “Hizbullah”, eləcə də İraq, Suriya və Yəməndəki İran dəstəkli silahlı qruplar ona qarşı hücumlar gerçəkləşdirib. İsrailin Qəzzaya qarşı müharibəsi isə HƏMAS-ın oktyabrın 7-də İsrailə hücum edərək 1200-dək dinc sakini öldürməsinə cavab idi.

Almaniyanın Beynəlxalq və Güvənlik Məsələləri İnstitutunun tədqiqatçısı Həmidreza Əzizi deyir ki, hətta apreldən sonra İranın İsrailə qarşı düşmənçiliyi azalmış olsa da, iki düşmən tərəf arasında “birbaşa qarşıdurmanın növbəti fazası yalnız zaman məsələsi” idi:

“Bu, bəlkə də son bir neçə ildə bölgədə ən təhlükəli andır”.

“Eskalasiya silsiləsini dayandırmaq qat-qat çətinləşəcək”

İranla İsrail arasında gərginliyin azaldılması üçün çox sayda diplomatik səylər olub.

Avqustun 4-də İordaniyanın xarici işlər naziri Tehrana səfər edib. Bu çox nadir hadisədir. Səfər zamanı nazir sülhə çağırış edib. Misir Tehrana, İsrailə hərbi cavab verməzsə, dərhal İranla ikitərəfli münasibətləri normallaşdıracağına söz verib.

İran israrla gərginliyi artırmağa çalışmadığını, ancaq İsraili vurmaq üçün “legitim hüququ” olduğunu deyir.

"Biz öz ərazi bütövlüyümüzlə bağlı heç bir güzəştə getməyəcəyik”, - İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənaninin avqustun 5-də dilə gətirdiyi sözlərdir.

İranla İsrail arasında başlaya biləcək birbaşa savaş bütün bölgəni, o sıradan Livandakı “Hizbullah” qrupu, Yəməndəki husilər və İraqdakı iranyönümlü silahlılar da daxil, Tehranın proksi müttəfiqlərini də münaqişəyə sürükləyə bilər.

Bölgədə baş verən hər hansı münaqişə İsrailin əsas müttəfiqi olan ABŞ-ni də hərbi fəaliyyətə cəlb edə bilər. ABŞ artıq bölgəyə əlavə döyüş gəmiləri və təyyarələri göndərib.

Avqustun 5-də ABŞ rəsmiləri İraqdakı hərbi bazaya hücum nəticəsində “bir neçə” amerikalı hərbçinin yaralandığını təsdiqləyiblər. Hücumu iranyönümlü döyüşçülərin gerçəkləşdirdiyi iddia edilir.

Beynəlxalq Böhran Qrupu İran Layihəsinin direktoru Əli Vaez deyir ki, Tehranın verdiyi siqnallar onun daha ciddi nəticələri olan “daha böyük cavab vermək niyyətində olduğunu” göstərir.

İranın potensial hücumu ciddi zərər və itkilər doğurarsa, "eskalasiya silsiləsini dayandırmaq qat-qat çətinləşəcək", – Vaez bu sözlərlə xəbərdarlıq edib.

XS
SM
MD
LG