Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:39

Rəisi ‘bütün sanksiyalar qaldırılsa belə’ Baydenlə görüşmək istəmir


İbrahim Rəisi
İbrahim Rəisi

İranda prezident seçilmiş İbrahim Rəisi deyib ki, o 2015-ci il nüvə sazişinin dirçəldilməsi üçün danışıqları dəstəkləyir, amma ABŞ prezidenti Co Baydenlə hər hansı görüşü istisna edir.

60 yaşlı Rəisi iyunun 21-də seçkidən sonra etdiyi ilk çıxışında bildirib ki, Vaşinqton onun ölkəsinə qarşı bütün sanksiyaları qaldırsa belə, amerikalı həmkarı ilə görüşmək niyyəti yoxdur:

"Biz milli maraqlarımızın təminatını verən danışıqları dəstəkləyirik...Amerika dərhal sazişə qayıtmalı və saziş üzrə öhdəliklərinə əməl etməlidir... Hər hansı bir görüş isə İran xalqına nəticə təqdim etməlidir”.

İyunun 18-də keçirilən prezident seçkisində səslərin az qala 62 faizini qazanmış sərt xətt-hərəkət tərəfdarı, prezident kürsüsünü indiki prezident Həsən Ruhanidən avqustum əvvəllərində təhvil almalıdır.

Ruhani iki müddətdə prezident olub və nüvə sazişi danışıqlarının yenidən başlanmasının memarı sayılır.

Qəti “yox” cavabı

ABŞ nüvə sazişindən birtərəfli qaydada 2018-ci ildə çıxıb və bunun ardınca Tehran üzərinə maliyyə sanksiyaları bərpa olunub.

Tehran buna cavab olaraq 2015-ci il sazişi üzrə öhdəliklərindən mərhələ-mərhələ geri çəkilib və həm zənginləşdirilmiş uranın miqdarını, həm də dərəcəsini artırıb.

2015-ci il sazişin daha dörd imzaçısı – Britaniya, Fransa, Almaniya və Rusiyanın, habelə Avropa İttifaqının təşəbbüsü ilə bu razılaşmanın dirçəldilməsi üçün danışıqlara başlanıb.

İran ABŞ-ın qoyduğu boğucu iqtisadi sanksiyalardan xilasa olmağa çalışır və Rəisi deyib ki, ABŞ bütün sanksiyaları qaldırmalı və Tehran bunun baş verdiyinə əmin olmalıdır.

Lakin əgər bütün sanksiyalar qaldırılarsa, Baydenlə görüşə biləcəyi barədə sualın cavabında Rəisi “yox” cavabını verib.

Rəisini insanlığa qarşı cinayətlərdə ittiham edirlər

İfrat mühafizəkar ruhani olan Rəisi 1988-ci il repressiyaları zamanı minlərlə siyasi məhbusa edam cəzası kəsən hakimlərdən biri olub.

İnsan haqları təşkilatları bildirirlər ki, Rəisi bəşəriyyətə qarşı cinayətlər üçün məsuliyyət daşıyır.

ABŞ Rəisiyə ayrıca sanksiyalar qoyub.

Rəisi deyib ki, onun xarici siyasət prioritetlərindən biri də Körfəzin ərəb ölkələri ilə münasibərlərin yaxşılaşdırılması və İranın regional rəqibi sünni Səudiyyə Ərəbistanı ilə diplomatik mübasibətlərin bərpası olacaq.

İki ölkə arasında diplomatik münasibətlər 5 il əvvəl kəsilib.

İran və Səudiyyə aprel ayından bəri İraqda birbaşa danışıqlara başlayıblar.

Rəisi deyib ki, Tehranda Səudiyyə səfirliyinin yenidən açılması “problem deyil”.

XS
SM
MD
LG