Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:43

İranın öz zabitlərini Suriyadan çıxarmağa başladığı xəbər verilir


Yanvarın 20-də Dəməşqə İsrail tərəfindən endirildiyi deyilən daha bir zərbədən sonra
Yanvarın 20-də Dəməşqə İsrail tərəfindən endirildiyi deyilən daha bir zərbədən sonra

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İsrailin silsilə ölümcül hava zərbələrinin ardınca zabitlərinin Suriyadan çıxarılmasına başlayıb.

Reuters bu məsələ ilə tanış beş mənbəyə istinadla bildirir ki, İİKK bundan sonra daha çox özünün ölkədəki şiə müttəfiqlərinə güvənəcək.

Xəbərdə deyilir ki, keşikçilər son vaxtlarda 10 il əvvəl devrilməkdə olan prezident Bəşər əl-Əsədin köməyinə gələndən bəri ən ağır itkilərə məruz qalıblar.

Dekabrdan bəri İsrailin hava zərbələri nəticəsində İİKK onlarca döyüşçüsünü, o cümlədən yüksək vəzifəli kəşfiyyat generallarından birini itirib.

Münaqişəyə birbaşa cəlb olunmamaq üçün

Reuters üç mənbəyə istinadla yazır ki, Tehrandakı sərt xətt-hərəkət tərəfdarları bu zərbələrə cavab verilməsini tələb etsələr də, İran Yaxın Şəqrdə qaynayan münaqişəyə birbaşa cəlb olunmamaq üçün yüksək rütbəli zabitlərini bölgədən çıxarmaq qərarına gəlib.

Mənbələrin sözlərinə görə İran Suriyanı tamamilə tərk etmək niyyətində olmasa da, zabitlərin bu ölkədən çıxarılması ABŞ və Avropa İttifaqında terrorçu təşkilat kimi tanınan HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumundan qızışan müharibənin yaratdığı situasiyanın mürəkkəbliyini göstərir.

Bu da vurğulanır ki, HƏMAS-ın dəstəkçisi olan İran bu münaqişəyə daxil olmuş Livan, Yəmən, İraq və Suriya qruplaşmalarını dəstəkləsə də özü kənarda qalmaq qərarına gəlib.

İranın “müqavimət xətti” adlandırdığı bu qüvvələr İsrail və ABŞ-a qarşı açıq düşmənçilik mövqeyi tutublar.

İran burda daha çox Hizbullaha güvənəcək

İran hərbiyyəsinə yaxın mənbələrdən biri deyib ki, Tehran Suriyadan təkcə yüksək deyil, həm də orta rütbəli zabitlərini çıxarır. Bu isə ümumilikdə İranın Suriyadakı qüvvələrinin ixtisarı deməkdir.

Mənbə Suriyadan nə qədər iranlının çıxarıldığını dəqiq deyə bilməyib, Reuters isə bu barədə müstəqil məlumata malik deyil.

Reuters bildirir ki, İİKK və Suriya İnformasiya Nazirliyi onun sorğularına cavab verməyiblər.

İran Suriyadakı vətəndaş münaqişəsi ərzində bu ölkəyə minlərlə hərbçi göndərib.

İİKK zabitləri burada hərbi müşavir rolu oynasalar da, İran qüvvələrinin özəyini bütün regiondan olan şiə döyüşçülər təşkil edib.

Üç mənbə Reuters-ə deyib ki, İİKK Suriyadakı əməliyyatlarını Hizbullahın köməyi ilə kənardan idarə edəcək.

Zabitlər qərargahları tərk ediblər

İrana yaxın regional rəsmilərdən biri Reuters-ə bildirib ki, hətta Suriyada qalan zabitlər də qərargahlarını tərk ediblər və gözə dəyməməyə çalışrılar.

Mənbə bildirib ki, İran Suriyanı tərk etməyəcək, amma onun qüvvələrinin sayı əhəmiyyətli dərəcədə azalacaq.

Suriyada endirdiyi zərbələri nadir hallarda şərh edən İsrail son hücumlara görə məsuliyyətini etiraf etməyib.

Suriyaya hava zərbələri nəticəsində dekabrın 20-də İran Qüds qüvvələri kəşfiyyatının bir generalı həlak olub.

Dekabrın 25-də endirlən zərbə nəticəsində İran və Suriya arasında əlaqələndirici olan daha bir yüksək rütbəli iranlı həlak olub.

Bu da xəbər verilir ki, İİKK Suriya hakimiyyət orqanlarına mümkün informasiya sızmaları ilə bağlı narahatlığını bildirib.

Reuters xatırladır ki, Rusiya da Əsədi dəstəkləyir və onun hərbi aviasiyası 2015-ci ildən bəri rejimin düşmənlərinə zərbələr endirir. Şərhçilər deyirlər ki, İranın Suriyadakı rolunun azalması Moskvaya əl verir.

XS
SM
MD
LG