Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:48

İranlıların qorxusu: 'Müharibə yaxınlaşır'


İranın İsrailə hücumunu dəstəkləyən iranlılar İsrail bayrağını yandırırlar
İranın İsrailə hücumunu dəstəkləyən iranlılar İsrail bayrağını yandırırlar

Oktyabrın 1-də İran İsrailə ən böyük ballistik raket hücumu edəndə yüzlərlə insan Tehran küçələrinə çıxaraq bunu bayram ediblər.

“Bu hücum İranın gücünü və səlahiyyətini göstərdi”, – kütlənin arasında olan Abbas AzadlıqRadiosunun fars xidməti olan Fərda radiosuna deyib.

Ancaq Fərda-ya danışan iranlıların çoxu İsrailin hərbi cavabından, İsraillə tammiqyaslı müharibə sarıdan qorxduqlarını söyləyiblər.

“Aylardır qorxu və stress içindəyik. İndi gözümüz səmadadır ki, İsrail nə vaxt hücum edəcək”, – Tehran sakini Nağmeh söyləyib.

İsrail İranın 1 oktyabr hücumuna sərt cavab verəcəyini bəyan edib.

Ərzaq və dərman alıb yığırlar

Bu hücum İranın apreldə İsrailə görünməmiş zərbələrindən daha böyük və cəsarətli idi. Onda Tehran əzəli düşməninə qarşı yüzlərlə dron və raket buraxmışdı. İsrail isə buna İranın mərkəzindəki İsfahan şəhərində havadan müdafiə radar sistemini vurmaqla cavab vermişdi.

Ekspertlər bu dəfə İsrailin daha güclü cavab verəcəyini deyirlər. Medianın yazdığına görə, İsrail İranın nüvə obyektlərini, yaxud kritik infrastrukturunu vura bilər. İranlıları qorxudan da bu ehtimaldır.

“Bu dəfə müdafiə ehtimalı daha ciddidir”, – Tehranda jurnalist Parastu Fərda Radio-suna deyib.

Onun dediyinə görə, bir çox iranlı Tehranın hücumundan sonra ərzaq və dərman alıb yığıb. Şəhərin yanacaqdoldurma stansiyalarında uzun növbələr yaranıb.

“Adamlar qorxu içində yaşayırlar”

Oktyabrın 1-də İranın İsrailə atdığı raketləri görmüş Məryəm danışır ki, adi iranlılar “ən böyük bədəli” ödəyəcək.

“Məmurlar və ailələri dinclikdə, xalq isə qorxu içində yaşayır”, – o deyib.

Digər iranlı Alireza Fərda-ya deyib ki, aktivlərini sataraq xaricə getməyi düşünür, çünki “bu dəfə müharibənin yaxınlaşdığı görünür”.

Bəzi gənc iranlılar isə müharibə ehtimalına sakit yanaşırlar. Bu isə 1980-88-ci illərin İran-İraq müharibəsini görmüş iranlıları təəccübləndirir.

“Onlar müharibə və onun fəsadlarını anlamırlar. Görünür, biz bir daha köçkünə çevriləcəyik”, – İraqla müharibə vaxtı ən çox ziyan görmüş Xuzestan vilayətindən Fereşteh deyib.

Ancaq qorxan təkcə iranlılar deyil.

İranın böyük əfqan icmasının üzvlərinin bəziləri Əfqanıstanda Taliban idarəçiliyindən qaçanlardır. Onlar indi islam respublikasından çıxmağa vadar qalacaqlarından qorxurlar.

“Həyatımız sarıdan qorxduğumuz üçün Əfqanıstandan qaçmalı olduq. Ancaq bu gün İranla İsrail arasında artan gərginlik regionun müharibə həddində olduğunu göstərir”, – əfqan qadın hüquqları fəalı Halima Pajvak Azadi Radiosuna (AzadlıqRadiosunun əfqan xidməti) deyib.

“Buradan haraya gedəcəyimizi bilmirik”, – o, sözlərinə əlavə edib.

XS
SM
MD
LG