Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:44

Həbsdə olan ictimai fəalın hakimlərə etirazı: 'İşimə obyektiv və ədalətli baxılacağına inanmıram'


Afiyəddin Məmmədov
Afiyəddin Məmmədov

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, 6 aydır həbsdə olan Afiyəddin Məmmədov deyir ki, onun küçədə kimisə bıçaqlaması barədə ittiham yalandır. İctimai fəal martın 12-də keçirilən məhkəmədə özünü qətiyyən təqsirli saymadığını bildirib.

Gənc fəalın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmədə A.Məmmədov və onun vəkili bu cinayət işinə baxan hakimlər kollegiyasına yazılı etiraz verib.

Onlar Səbuhi Hüseynov, Eldar İsmayılovCavid Hüseynovdan ibarət kollegiyanın işə obyektiv və ədalətli baxacağına inanmadıqlarını deyirlər. Əsas kimi isə onu göstəriblər ki, bu hakimlər A.Məmmədovun məhkəməsində jurnalistlərin videoçəkiliş aparmasına icazə vermirlər.

“Belə bir fikir yaranıb ki...”

“Sizlər jurnalistlərin bu məhkəmə prosesindən, hətta bir neçə qısa görüntü götürməsinə də icazə vermədiniz. Lakin bu məhkəmə binasında başqa məhkəmə proseslərində icazə verilir. Afiyəddin Məmmədovda belə bir fikir yaranıb ki, məhkəmə onun işinə obyektiv və ədalətli baxmaq niyyətində deyil, ona görə icazə verilmir”, - vəkil Zibeydə Sadıqova etirazı əsaslandırarkən belə deyib.

Ancaq hakimlərə verilmiş etiraz baxılmamış saxlanılıb.

Məhkəmədə prokuror A.Məmmədov haqqında ittiham aktında yazılanları elan edib. Orada iddia edilir ki, A.Məmmədov ötən ilin sentyabrında Xətai rayonundakı Məhəmməd Hadi küçəsiylə gedərkən, Səfər Hüseynov adlı şəxslə toqquşduğundan, aralarında mübahisə yaranıb. Və bu zaman ictimai fəal cibindən bıçaq çıxararaq, S.Hüseynova xəsarət yetirib.

A.Məmmədova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham verilib. Bu maddələrdə 11 ilədək həbs cəzası nəzərdə tutulub.

İctimai fəal ittihama münasibət bildirərkən deyib ki, özünü qətiyyən təqsirli bilmir. Onun sözlərinə görə, Məhəmməd Hadi küçəsində gedərkən onun kiminləsə mübahisə etməsi və nəticədə həmin adamı bıçaqla vurması hadisəsi ümumiyyətlə olmayıb.

A.Məmmədov siyasi sifarişlə həbs olunduğunu söyləyir və bildirir ki, işçilərin, kuryerlərin hüquqlarını qorumaqla məşğul olduğuna, ictimai fəaliyyətinə görə cəzalandırılıb.

O, aprelin 9-da keçiriləcək növbəti məhkəmə iclasında ətraflı ifadə verəcək.

Xatırlatma

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı etiraz aksiyası keçirib.

Bu təşkilatlar kuryerliklə məşğul şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz edib.

Elə həmin gün Konfederasiyanın sədri Afiyəddin Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamıyla 30 sutka inzibati həbs cəzası verilib.

O, inzibati həbsdən buraxılandan az sonra – sentyabrın 20-də yenidən saxlanıb. Bu dəfə onun haqqında cinayət işi başlanıb.

Avqustda A.Məmmədovla yanaşı, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının daha iki üzvü - Elvin Mustafayev Ayxan Mustafayev də aralarında bir neçə gün fərqlə narkotik ittihamıyla həbs edilib.

Adları çəkilən ictimai fəalların heç biri ittihamları qəbul etmir. Onlar işçilərin hüquqlarını müdafiə etdiklərinə, ölkədəki özbaşınalıqlara etirazlarına görə şərləndiklərini deyirlər.

Daxili İşlər Nazirliyi ictimai fəalların şərlənməsi, polis idarələrində təzyiqlərə məruz qalması barədə iddiaları təkzib edir. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, həbs olunanlar konkret faktlar əsasında saxlanılıblar və onların dedikləri özünümüdafiə məqsədi daşıyır.

Hökumət rəsmiləri də ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını iddia edir.

XS
SM
MD
LG