Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:54

Marketdə kassir, xəstəxanada tibb bacısı çatışmırsa..


Səkkiz saatdan çox işlədilməkdən şikayətçisizsə, dövlət qurumları nə reaksiya verir?
Gözlə

No media source currently available

0:00 0:05:03 0:00

Səkkiz saatdan çox işlədilməkdən şikayətçisizsə, dövlət qurumları nə reaksiya verir?

“Bu boyda marketdə cəmi 4 kassa var?”

“Növbədə dayanmaqdan işə gecikirik”.

“Qazandıqları pulun sayı-hesabı yoxdur, kassa artırmağa canları çıxır”.

Bu narazılıqları mağazada kassa növbəsinə dayanan vətəndaşlar dilə gətirir. Özəlliklə də, paytaxt Bakıda insanların evdən işə, işdən evə gəldiyi saatlarda mağazalarda çaxnaşma başlayır. Kassaların önündə növbələr həm insanların vaxtını alır, həm də kassada çalışanların iş yükünü artırır.

Növbətçi apteklərin işi necə tənzimlənməlidir?
Gözlə

No media source currently available

0:00 0:04:51 0:00

Rəhbərlik yeni adamlar cəlb etmir

N.Ş. böyük supermarketlərin birində bir ilə yaxındır ki, kassir işləyir. Aylıq 400 manat əməkhaqqı ilə ailəsini saxladığını deyən N.Ş iş yükündən narazıdır.

“Mağazada məndən başqa 3 kassir var. Mağazaya gündəlik minə yaxın adam gəlir, ticarət mərkəzinin içərisində yerləşdiyi üçün müştəri lap çox olur. Yalnız nahar vaxtında bir az boş qalırıq. Bilirəm ki, əmək müqaviləsində neçə müştəriyə xidmət etmək məsələsi yoxdur, səhər 10-dan axşam 6-yacan işləməlisən. Amma bu o demək deyil ki, bizi istismar eləsinlər. Hər gün ən azı 200 nəfəri kassada yola salıram, kiçik rəqəm səhvi etsək, işdən qovarlar. Zehnimiz də yorulur, fiziki yorğunluq da öz yerində. Bir-iki kassir götürsələr, əlavə kassa açsalar, belə yorğunluq olmazdı, mağaza rəhbərliyinə deyəndə isə yola verir”, – o, AzadlıqRadiosuna deyib.

Xəstəxanalarda da eyni vəziyyətdir

15 ildir dövlət xəstəxanalarında tibb bacısı kimi çalışan T.A. da eyni problemdən əziyyət çəkdiyini söyləyir. O indiyədək işlədiyi xəstəxanalarda tibb bacılarınn ştatlarının artırılmasına ehtiyac olduğunu düşünür.

“İlk dəfə 22 yaşımda dövlət xəstəxanasında işə başlayanda tibb bacısı problemi yox idi, işləməyə həvəs vardı, həmin vaxt üçün maaş da yaxşı idi. Gələn xəstə sayı da az idi. İndi dolanışıq pisləşib, xəstələrin sayı da artıb, amma xəstəxanalar tibb bacısı sayını, ştatını artırmır. Xəstələr bizimlə dalaşır, düşünürlər ki, astagəlik, ya da işimizi yaxşı görmürük. Halbuki, dörd əlimiz yoxdur axı, hamıya eyni vaxtda kömək edək”, – deyə T.A gileylənib.

Xatırladaq ki, tibb bacılarının əməkhaqları sonuncu dəfə 2020-ci ildə artırılıb, daha sonra 2022-ci ildə minimum əmək haqqı həddi müəyyənləşəndə də ona uyğunlaşdırılıb. Hazırda staja görə müəyyən dəyişiklər olsa da, maaş əsasən 300-400 manat arası dəyişir.

Səhər 11-dən axşam 11-ədək...

Bakının mərkəzində restoranların birində çalışan ofisiant da əlavə işçilərin götürülmədiyini deyir və düşünür ki, əmək müqavilələrində iş yükünün miqdarı da öz əksini tapmalıdır.

“Azərbaycanda əmək qanunvericiliyində o qədər boşluq var ki, istədikləri kimi fırlada bilirlər. Ali təhsilliyəm, başqa iş tapmadım deyə, ofisiant çalışıram. Orada işə girəndə deyildi ki, “30 dəqiqəlik nahar fasiləsini çıxmaqla, səhər 11-dən axşam 11-ə kimi bütün masalara qulluq edəcəksiniz”. Amma bilmirdim ki, cəmi 4 ofisiant olacaq. Bunları demək lazımdır. Heç kim tənzimləmir, arada biz işçilər əldən düşürük”, – o, giley-güzəranı bölüşür.

AzadlıqRadiosunun müsahibləri bu problemin özəlliklə pandemiya qadağaları qaldırılandan sonra daha qabarıq üzə çıxdığını deyirlər. Məsələn, pandemiya məhdudiyyətləri vaxtı daha az işçiylə işləyən bəzi sahibkarlar sonradan bu "qənaət rejimi"ndən çıxmağa həvəs göstərmiblər.

Qanun nə deyir?

Qanunla işçi ştatının sayını işəgötürən müəyyənləşdirir və yuxarıda sadalanan hallarda iş yükü xüsusi olaraq tənzimlənmir. Hüquqşünas Azər Quliyev belə deyir.

“Kassada ya da xəstəxanada növbənin olması o demək deyil ki, sahibkar məcburdu işə işçi qəbul etsin. Qanun da bunu ona məcbur etmir. Ştat sayını rəhbərlik özü təyin edir. Lakin digər işçinin iş saatını qanunsuz artırırsa və işlədirsə, bu qadağandır. Belə halda işçinin razılığı olmalıdır, əmək müqaviləsinı dəyişiklik etməklə və əmək haqqını ödəməklə çalışa bilər”, – hüquqşünas AzadlıqRadiosuna bildirib.

Mövcud əmək qanunvericiliyinə görə, əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulan əməkhaqqının yarısından az olmamaqla əlavə pul ödənilməlidir. Hər bir işçi dalbadal iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından əlavə işlərə cəlb edilə bilməz.

Lakin iş yükünün iş saatı dəyişmədən, yəni, elə iş saatı çərçivəsində artması məsələsi barədə qanunvericilikdə heç bir maddə yoxdur. Hüquqşünas Araz İsmayılov da deyir ki, bu məsələnin qanunla tənzimlənməsi mümkün görünmür.

“Tutaq ki, bir mağaza açılır və 2 kassa qoyulub. 2 nəfər də işçi təyin olunub. İndi bu mağazaya çox adam gəlir deyə, kim ondan tələb edə bilər ki, 3-cü işçini götür. Səhəri gün mağazaya az adam gələndə artıq əməkhaqlarının verilməsi problemi yaşanacaq. Ya da gərək elə bir sistem qurulsun ki, qanun sahibkarın gəlirinə görə hesablasın. Bu da ayrıseçkilik olacaq. Yenə xəstəxana, məktəb kimi müəssisələrdə bunu müəyyən qədər tənzimləmə ehtimalı var. Özəl müəssisələrdə sahibkara öhdəlik qoymaq qeyri-mümkündür. Dövlətdə isə sadəcə, tələbat olduğunu göstərmək olar ki, aidiyyatı üzrə nazirlik problemin həlli kimi ştat artırsın”, – o qeyd edir.

Həmkarlar İttifaqları, monitorinqlər

“İşçi Masası” Həmkarlar İttifaqları Koalisiyasının qurucusu Afiyəddin Məmmədov AzadlıqRadiosuna deyib ki, əlavə işçi götürmək elə sahibkarların öhdəliyinə buraxıldığı üçün bir çox işçinin haqqı tapdalanır.

“Azərbaycanda əmək qanunvericiliyi bir çox hallarda işçilərin xeyrinə qərar verəcək formada hazırlanıb. Lakin təəssüflər olsun ki, icra edilmir. Sahibkarlar əlavə pul ödəməmək üçün bir işçiyə daha çox vəzifə öhdəliyi yükləyir. Qanunda bu tənzimlənmədiyindən işçi çarəsiz qalır. Məhz belə hallara görə Həmkarlar İttifaqı lazımdır. Hər sahə üzrə belə ittifaqlar yaradılarsa, işçilər qarşılaşdığı problemləri deyəcək, ictimai müzakirələr aparılacaq. Müzakirə nəticəsində hər müəssisəyə uyğun qarşılıqlı qərar qəbul ediləcək”, – Məmmədov bildirib.

Bakıda 1 may aksiyası- 'İstismara son'
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

İstehlakçı hüquqlarının müdafiəçisi İlkin Qasımlı isə problemin həllini monitorinqlərin aparılmasında görür. O, Dövlət Əmək Müfəttişliyinin özəl və dövlət müəssisələrində vaxtaşırı monitorinq aparmasını vacib sayır.

“Türkiyədə və bir çox ölkədə işçilər və rəhbərliklə görüşlər keçirilir. Görüşlər əvvəlcə təkbətək olur, anonim şikayətlər dinlənilir. Həmin müəssisələrə istehlakçı kimi gedib, kiçik yoxlamalar aparılır. Əgər orada işçi azlığı müşahidə edilirsə, rəhbərliyin önünə öhdəlik qoyulur. Yaxud da alternativ təklif edilir, məsələn rəqəmsal mühit yaradılır. Ofisiant çatışmazlığı varsa, sifarişin elektron verilə bilməsi üçün qurğu qoyulur. Kassir çatışmazlığı varsa, məhsulun qiymətini özü hesablayan xüsusi qurğu qoyulur, ödəniş isə kart üsulu olduğundan qalıq qaytarmaq kimi dərdləri olmur. İstəyəndə istehlakçıların hüququnu qorumaq olur, görünən odur ki, Azərbaycanda bunu etmək istəmirlər”.

“Vətəndaşlar müraciət etsin”

AzadlıqRadiosu işçi azlığı ilə bağlı səslənən iradlara elə şikayətçilərin çalışdığı restoran, mağaza, eləcə də xəstəxanalardan münasibət almağa çalışıb. İşəgötürənlərin bəziləri işçi seçiminin şəxsi qərarları olduğunu deyib, qanunvericilikdə dəyişiklik edilərsə, bu məsələni nəzərdən keçirə biləcəklərini vurğulayıblar.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə AzadlıqRadiosuna bildirilib ki, vətəndaşlar problemləri haqda quruma müraciət etsinlər, fərdi hallar üzrə uyğun cavab verilsin.

Bu qurumun adı hazırda keçmiş Əmək və Sosial müdafiə naziri Səlim Müslümovun məhkəməsində hallanır. Məhkəmədə ifadə verən Əmək Müfəttişliyinin işçiləri iddia edirlər ki, müəssisələrdə yoxlamalar aparıb əmək qanunvericiliyinə əməl edilib-edilmədiyini yoxlayıblar, qanunun tələbinin pozulmasına görə cərimələr yazıblar. Onların iddiasına görə, sahibkarlardan pul toplayıb gətirib Əmək Müfəttişliyinin rəhbərliyinə veriblər, o da nazirə çatdırıb. Sabiq nazirin haqqındakı cinayət işində bununla bağlı çoxsaylı ifadələr var.

Kassir işləyən N.Ş. isə çıxış yolunu işini dəyişməkdə görür. “Maaşı 15 günə bəs edən, ayın yarısını birtəhər keçinən mənim kimi kasıblar çoxdur. Bizi məzlum bilib çox iş yükləməyə davam etsələr, oradan çıxıb başqa işə gedərik. Sahibkarlar yaxşı işçiləri buraxmaq istəmirsə, qədir-qiymət bilməlidir”, – o söyləyir.

Azərbaycanda rəsmi rəqəmlərə görə, işsizlərin sayı 307 min nəfərdir, yəni, işsizlik səviyyəsi 5.76 faizdir. Ancaq müstəqil iqtisadçılar bu rəqəmlərin daha çox olduğunu istisna etmirlər.

XS
SM
MD
LG