Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:20

Ermənistan Azərbaycanın 'istənilən nöqtəsini vura bilən' silah alıb?- [Video]


Ermənistan - "Iskander" parada hazırlıq zamanı, 17 sentyabr, 2016
Ermənistan - "Iskander" parada hazırlıq zamanı, 17 sentyabr, 2016

-

Bu günlərdə Ermənistanın müstəqilliyinin 25-ci il dönümü münasibəti ilə Yerevanda hərbi parada hazırlıq zamanı “İskander" raketləri nümayiş etdirilib.

Bəziləri həmin raket kompleksinin "İskander-M", bəziləri isə "İskander-E" olduğunu bildirir.

Ermənistanın müdafiə nazirliyi hələlik bu barədə rəsmi məlumat verməsə də artıq yerli ekspertlər iddia edirlər ki, Rusiyadan sonra yalnız Ermənistanda bu cür silah var.

Xatırladaq ki, ötən yay Rusiyanın Ermənistana "İskander-M" raketləri satacağı haqda məlumat yayılmışdı.

Buna da bax: Ekspert: "Iskander" Azərbaycana böyük təhlükədir

Ekspert Sergei Minasyan AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində, Ermənistan ordusunda artıq xeyli vaxtdır ki, bu və digər yeni silahlar olmasından xəbərdar olduğunu deyib.

Minasyanın sözlərinə görə, bu Ermənistan kimi bir ölkə üçün strateji silahdır. Çünki bu silah komandanlıq məntəqələrindən tutmuş energetika obyektlərinədək böyük strateji hədəfləri vura bilir.

​Onun sözlərinə görə, bu cür silah hərbi faktordan başqa həm də dayandırıcı faktordur:“Hesab edirəm ki, bu vacib faktordur, hansı kı Azərbaycanın irimiqyaslı hərbi əməliyyatları bərpa etməsinin qarşısını ala bilər”, deyə o vurğulayıb.

Ekspertin fikrincə Rusiya tərəfi bu silahı Ermənistana hərbi balansı saxlamaq üçün verib. Və əgər Rusiya nə vaxtsa Azərbaycana da bu cür silah versə, bu Ermənistan-Rusiya münasibətlərinin pisləşməsi halında baş verə bilər.

“Əgər Rusiya Azərbaycana bu cür silah versə, bu Moskvanın balansı pozması demək olacaq. Qısa siyasi perespektivdə Moskvanın belə bir addım atacağını düşünmürəm” deyə o bildirib.

“Qafqaz İnstitutu”nun direktoru Aleksandr İskandaryanın sözlərinə görə, “İskander-M” o silahdır ki, onun nümayiş etdirilməsi belə artıq çox əhəmiyyətlidir.

“Əgər rəqibə Ermənistanda bu cür silah olması barədə məlumat verilsə, hərbi əməliyyatlar zamanı münasibətlər artıq tamamilə fərqli olacaq".

Amma politoloq Rusiyanın Azərbaycana da belə silah verə bilməsini istisna eləmir.

Eyni zamanda qeyd edib ki, Azərbaycan məğlub ölkədir və orduda başqa prioritetləri var: “ Primitiv anlayışda əgər bizə 10 tank veriblərsə, onlara da 10 tank verilməlidir. Bizə 10 güllə, onlara da 10 güllə. Amma başqa prioritetlər verilib. Onlara başqa, bizə isə başqa silahlar lazımdır. Ümumiyyətlə Azərbaycanda da belə silah ola bilər”.

Qeyd edək ki, artıq Rusiya və Azərbaycan KİV-ləri “İskander-M” raketlərinin Yerevanda nümayiş etdirilməsini şərh ediblər.

“Reqnum” agentliyinin məlumatına görə, Ermənistan Rusiyanın bu cür kompleks satmağa razılaşdığı ilk olkədir.

Agentlik bildirir ki, Rusiya son aylar Ermənistana başqa silahlar da verib və bu texnikaların əksər hissəsi 200 milyon dollarlıq güzəştli kredit çərçivəsində verilib.

İskander kompleksinin təqdimatı ilk dəfə 1999-cu ildə keçirilib. Daha sonra modernləşdirilib.

Bu raketlər - ilk növbədə düşmən ordusunun cəbhənin ön xəttində yox, daha uzaqda yerləşən hərbi obyekt və avadanlıqlarının məhvi üçün nəzərdə tutulub.

Daha dəqiqi, düşmənin raket sistemləri, uzaqvuran artilleriyası, havadan müdafiə sistemləri, raketdən müdafiə qurğuları, aerodromlardakı təyyarə və vertolyotları, qərargahları, mülki infrastrukturuni məhv etmək üçündür.

"İskander" raketlərinin start çəkisi 4 tona yaxındır.

Döyüş başlığının çəkisi 480 kq-dır.

Raketin uzunluğu - 7,2 metr,

Diametri 92 sm-dir.

Vurduğu minimal uzaqlıq - 50 kilometr,

Maksimal uzaqlıq 500 km-ə qədərdir.

Amma eksport variantının vurduğu uzaqlıq 280 kilometrə endirilə bilər.

XS
SM
MD
LG