Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:42

'İsti havada işi dayandırmaq qalır işəgötürənin insafına'


Bakıda 40 dərəcədən yuxarı istidə işləyənlər danışır
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Bakıda 40 dərəcədən yuxarı istidə işləyənlər danışır (2018)

Azərbaycanda iyunun 22-dən başlayaraq həftəboyu anomal istilər gözlənilir. Bu barədə xəbərdarlıq edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, iyunun 22-23-də Bakıda və Abşeronda gündüz 35-39, 24-25 iyunda isə 40-42 dərəcə isti gözlənilir.

"İş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Turan"a deyilir ki, havanın temperaturu +41 dərəcədən çox olarsa, işəgötürənlər işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlər görməlidirlər: "Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə Selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır".

Nazirlik bildirir ki, göstərilən hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır: "Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir".

Fəhlə: 'Bu istidə işləməyə məcburuq'
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

ƏƏSMN isti hava şəraitində şəxslərin həyatını təhlükəyə atan işəgötürənlərin 1000-2000 manat cərimə ödəməli olduqlarını da vurğulayır: "Əgər hər hansı işçi tərəfindən işəgötürənlə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət xarakterli məlumat daxil olarsa, bu barədə tərəfimizdən araşdırma başladılacaq. Araşdırmanın nəticəsi isə qanunvericiliyə uyğun olaraq dəyərləndiriləcək".

Açıq havada işləməyə məcbur edilən şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 –Çağrı Mərkəzinə şikayətlərini deyə bilərlər.

"Hava 45 dərəcəyə çatır, amma iş davam edir"

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə qeyd olunan hallarda qanunvericiliyin işçilərin hüquqlarını qoruduğunu, amma praktikada buna əməl edilmədiyini bildirir: "Qanunla belədir ki, açıq havada, havanın temperaturunu süni surətdə tənzimləmək mümkün olmayan yerlərdə havanın temperaturu 41 dərəcəni keçdikdə işəgötürən işi dayandırmalıdır. Yox, əgər işi dayandırmaq mümkün deyilsə, bu zaman elə tədbirlər görülməlidir ki, işçilərin sağlamlığına ziyan dəyməsin".

S.Məmmədov
S.Məmmədov

Hüquq müdafiəçisi deyir ki, bu kimi hallarda işə tez-tez fasilələr verilməli, kölgəlik yerlər yaradılmalıdır, çətirlər qoyulmalı, sərinləşdirici içkilər verilməlidir. Amma o əlavə edir ki, praktikada sadalananlar söz olaraq qalır: "Məsələn, asfalt işləri. Hava 45 dərəcəyə çatır, üstəgəl də, asfaltın öz istisi... Amma işlər davam edir. Tikintidə də işlər davam edir".

S.Məmmədovun sözlərinə görə, qanunvericiliyin tələblərinə necə əməl edilməsinə nəzarət edən orqan yoxdur: "Buna Dövlət Əmək Müfəttişliyi Xidməti nəzarət etməlidir. Onların da fəaliyyətinə moratorium qoyulub. Yəni, yoxlama apara bilməzlər. Yoxlama apara bilsələr də, Xidmətin cəmi 250-300 nəfərlik işçi heyəti olduğu halda, on minlərlə iş yerləri var. Hamının yanında bir müfəttiş də qoymaq mümkün deyil axı. Ona görə də bu sahədə vəziyyət yaxşı deyil".

"Fəhlələri anomal istidə işlədirlər"
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

"İşəgötürən işçiyə qul kimi baxmamalıdır"

Təşkilat sədri təkcə anomal istilərdə deyil, başqa pis hava şəraitində də, məsələn, güclü külək əsəndə də işin dayandırılmalı olduğunu diqqətə çatdırır: "Elə iş yerləri var ki, -məsələn, dənizdə, -müəyyən tədbirlər görülür. Amma isti havada iş yerlərində belə bir tədbirin görülməsi nadir hallarda olur. Bu iş qalır işəgötürənin insafına".

Hüquq müdafiəçisi hesab edir ki, işəgötürən işçiyə qul kimi baxmamalıdır, ona tərəfdaş kimi yanaşmalıdır. Ancaq o, bir çox hallarda işəgötürənin işçini daha çox işlətməyə çalışaraq daha artıq gəlir götürdüyünü, işçinin sağlamlığına dəyən ziyana görə cavabdehlik daşımaqdan boyun qaçırdığını deyir.

Ə.Məmmədli
Ə.Məmmədli

"Bu, fövqəladə durumdur"

Hüquqşünas Ələsgər Məmmədli isə bu işlərə nəzarət etməli olan Dövlət Əmək Müfəttişliyi Xidmətinin istənilən şikayəti araşdırılmalı olduğunu vurğulayır: "Nəzarətin iki funksiyası var. Bir var gedib özləri müşahidə edirlər, biri də var şikayət əsasında yoxlama aparırlar. Amma hər iki halda əmək müfəttişliyi bununla məşğul olmaq məcburiyyətindədir".

Onun fikrincə, anomal istilər uzun müddət davam etməyən, spesifik haldır və insan sağlamlığının qorunması ilə bağlı olduğundan monitorinq aparıla bilər: "Necə ki, koronavirus pandemiyası dövründə monitorinqlər aparılır, bu da eyni şeydir. Bu, fövqəladə bir durumdur və fövqəladə durum olduğu üçün monitorinqlərə heç bir məhdudiyyət yoxdur".

Sinoptiklər yalnız həftəsonu havanın nisbətən sərinləyəcəyini proqnozlaşdırırlar. Hələliksə istidən qorunmağı məsləhət görürlər.

XS
SM
MD
LG