Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:41

İnformasiya alma hüququ tanınırmı?


Hər 10 sorğudan yarısına cavab verilir
Hər 10 sorğudan yarısına cavab verilir

"15 ildir qüvvədədir və bu müddəalar heç vaxt işə düşməyib"

Bir müddət öncə Azərbaycan və Ermənistan sərhədində Qaragöl ətrafında bu iki ölkənin hərbi qulluqçuları arasında gərginlik ilə bağlı məlumatlar yayıldı. Sosial şəbəkələrdə bu barədə məlumatlar və hətta videolar yayılandan yalnız bir gün sonra Azərbaycanın rəsmi qurumları məsələ ilə bağlı açıqlama verdilər. Məlumatı yalnız öz saytlarında yerləşdirən rəsmi qurumların nümayəndələri jurnalistlərin zənglərinə və sorğularına, bir qayda olaraq, cavab vermədilər.

Bəzi ekspertlər deyirlər ki, bir çox hallarda Azərbaycan ictimaiyyəti hər hansı taleyüklü bir hadisə barədə yalnız Prezident İlham Əliyevin çıxışlarından bilgi ala bilirlər. Əks halda, dövlət qurumlarına müraciətlərin heç bir mənası olmur.

"Azərbaycanda informasiyanın əldə olunması azaddır"

Halbuki, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda göstərilir ki, ölkədə informasiyanın əldə olunması azaddır .

Z.Oruc
Z.Oruc

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Turan"a mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, hakimiyyət kommunikasiya deməkdir: "Nə qədər ki, informasiya boşluqları olacaq, mütləq trol orduları, şayiələr, təxribatçı və məqsədyönlü şəkildə sosial-psixoloji mühəndislik etməyə çalışan qüvvələr orada işləyəcəklər".

"Onun modelini inkişaf etdirmək lazımdır"

Z.Oruc deyib ki, Azərbaycan cəmiyyəti 44 günlük dövrdə (Ötən il 44 gün davam edən İkinci Qarabağ müharibəsini nəzərdə tutur ) aktiv formada informasiya siyasətini gördü: "Onun modelini inkişaf etdirmək lazımdır. Ələlxüsus ölkənin birinci şəxsi yalnız hərbi meydanlarda deyil, o cümlədən seçilmiş informasiya nəhəngləri sayılan kanallara verdiyi müsahibələrlə, ən azı, ötən əsrin 90-cı illərində yaşadığımız informasiya blokadasının təkrarlanmasına yol vermədi. Hətta həmin ölkələrin auditoriyası nəzərə alınmışdı və yayım zamanı şərhlərin çoxusu simpatik olduğunu, xeyrimizə işlədiyini gördük".

Siyavuş Novruzov: Şərh yazmaq üçün şəxsiyyət vəsiqəni göstər!
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

"Hakimiyyəti sosial şəbəkələrə vermək olmaz"

O vurğulayıb ki, bundan irəli gələrək bütün hökumət qolları müasir dövr idarəçiliyinin ayrılmaz hissəsi olan bu məlumatlandırmaya gündəlik işləri kimi baxmalıdırlar: "Biz başa düşməliyik ki, bu gün bütün media strukturlarının və yaxud da hakimiyyət çevrəsində olan qurumların sosial şəbəkə hesabları aktiv şəkildə işləməlidir. Müasir dövrdə internet əhalini məlumatlandırma funksiyasını öz üzərinə götürdü, amma sosial şəbəkələrin yaranması idarəçiliyinin mahiyyətini dəyişdirdi. Biz bilməliyik ki, hakimiyyəti sosial şəbəkələrə vermək olmaz".

Deputatın fikrincə, informasiya üzərində dominantlıq hər zaman dövlət xəttinə bağlı siyasətdə olmalıdır: "Əgər rəsmi mövqelər olmasa, bu və ya digər formada alternativ ictimai rəy liderləri informasiya məkanını zəbt edirlər. Bu da o deməkdir ki, informasiya silahdan təhlükəli olur. Hakimiyyət məhz informasiya üzərində qurulur".

X.Ağalıyev
X.Ağalıyev

"Açıqlıq göstəricisi 50-60 faizdir"

Media məsələləri üzrə ekspert, hüquqşünas Xalid Ağalıyev isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan qanunvericiliyi ictimai informasiyaların açıqlanmasının bir neçə yolunu müəyyən edir: "Bunlardan biri informasiyanın onlayn açıqlanmasıdır. "İnformasiya əldə etmək haqqında" Qanunda onlayn qaydada açıqlanmalı olan informasiyaların siyahısı göstərilib".

Ekspert deyir ki, ictimai informasiya sahibi olan qurumların açıqlıq göstəricisi təxminən 50-60 faizdir: "Elə qurumlar var ki, onlarda informasiya açıqlığı 80 faizdir, elə qurumlar da var ki, onlarda bu göstərici 20 faiz civarındadır".

"Onun 2-3 faizinə cavab ala bilərsiniz"

X.Ağalıyev qeyd edib ki, digər informasiyaların açıqlanması yolu sorğulardır: "Bu, şifahi və yazılı sorğular ola bilər. Sorğuların icra durumuna baxdıqda hər 10 sorğudan təxminən yarısına cavab verilir. Bu da istənilən informasiyadan daha çox asılıdır. Məsələn, dövlət qurumuna 100 sorğu verib büdcə xərcləməsi ilə bağlı detallı məlumat istəyə bilərsiniz və onun 2-3 faizinə cavab ala bilərsiniz, amma elə məsələlər ola bilər ki, 10 sorğudan 7-nə cavab verilir".

Hökumətin komputer serverləri niyə tez-tez çökür?
Gözlə

No media source currently available

0:00 0:04:47 0:00

"Köhnə sovet mətbuat xidmətləri formatında..."

Ekspertin sözlərinə görə, informasiyanın açıqlanmamasının səbəbinə baxdıqda qurumun fəaliyyətində olan nöqsanları gizlətməkdən əlavə, texniki məsələlər da üzə çıxır: ""İnformasiya əldə etmək haqqında" Qanun qəbul olunanda nəzərdə tutulurdu ki, bütün ictimai informasiya sahəsində olan dövlət qurumları özündə müvafiq struktur bölmələri yaratmalıdır. Amma bu formada struktur bölmələri Azərbaycandakı qurumların əksəriyyətində yaradılmadı və köhnə sovet mətbuat xidmətləri formatında işə davam ediblər. Bu da keyfiyyətli xidmət göstərilməsi üçün yetərli deyil".

Onun vurğulamasına görə, informasiya əldə etmək hüququ sahəsində problemlərdən biri də odur ki, həmin hüququn pozulmasına görə heç kəs cəzalandırılmır: "Hər hansı vəzifəli şəxs onda olan ictimai informasiyanı jurnalistə vermirsə, o, inzibati qaydada məsuliyyətə cəlb oluna bilər. Bu qanunvericilik 15 ildir qüvvədədir və bu müddəalar heç vaxt işə düşməyib. Məhkəmələrdə informasiya sorğuları ilə bağlı iddiaların təmin olunma faizi çox aşağıdır və 10 belə iddiadan ən yaxşı halda biri, ikisi təmin oluna bilər".

XS
SM
MD
LG