Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:49

'Dovşan Coco' – nasist mövzusunda komediya


Taika Waititi-nin "Jojo Rabbit" filmindən kadr
Taika Waititi-nin "Jojo Rabbit" filmindən kadr

Taika Waititi-nin çəkdiyi hipster komediyasında rejissorun özü Hitlerin məzəli versiyasını oynayır. Narahat olmayın, bu, Hitlerin özü deyil, filmin qəhrəmanının xəyali dostudur. “Jojo Rabbit” filmində təhlükə illüziyası yaradılır, ancaq hər şey nəzarət altındadır.

“Bundan uzun zaman öncə nasist Almaniyasını zarafata çevirmək qadağan idi. Yaxud da elə görünürdü. Əslində, belə bir dövrü təsəvvürə gətirmək də çətindir”, – Variety saytı yazır.

Charlie Chaplin 1940-cı ildə çıxmış “Böyük diktator” filmində Hitleri məsxərəyə qoyub.

1971-ci ildə “Hogan’s Heroes” adlı komik serial TV ekranlarına çıxıb. Serialda müharibə vaxtının alman həbsxanasında saxlanılan dustaqların nasistlərə mane olmaq cəhdlərini görmək olar. Serialın qəhrəmanlarından biri sadist polkovnik Klinkdir.

Komik tərəf qəlyanaltı kimidir

50 il öncə isə Mel Brooks-un qalmaqallı “Prodüserlər” (“The Producers”) adlı müziklində “Hitler üçün yaz” (“Springtime for Hitler”) adlı nömrə olub. O zaman bu nömrə qara komediya nümunəsi sayılıb.

Dövrümüzün insanları isə daha çox Quentin Tarantinonun “Şərəfsiz əclaflar” (“Inglourious Basterds”) filmini tanıyırlar.

Variety yazır ki, “Jojo Rabbit” nasist mövzusunda çəkilmiş ilk hipster komediyasıdır. Yeni Zelandiyada doğulmuş Taika Waititi-nin (“Thor: Ragnarok”) çəkdiyi bu film bir növ Üçüncü Reyx dövrü haqda olan Wes Anderson filmi təsiri bağışlayır. Açılış titrləri roknrolla başlayır.

Filmdə Hitler 10 yaşlı Jojo Betzler-in (Roman Griffin Davis) xəyali dostudur. Bəs, görəsən, bu uşağın Charlie Chaplin-in uşaqlığına oxşaması təsadüfdürmü?

Jojo-nun atası müharibəyə gedib. Uşağa məsləhət lazım olduqca Waititi-nin Hitleri onun köməyinə gəlir. O, bir növ soyqırıma inanan pəri kimidir.

Siz iki dəqiqəyə bu satirik Hitlerə öyrəşirsiniz. Bundan sonra o, həddindən artıq gülməli görünmür. Ancaq bu komediyanın əsas məqsədi sizi güldürmək deyil.

Yazıda deyilir ki, filmin komik tərəfi bir növ iştahaçıcı qəlyanaltı kimidir. Müəllif “Jojo Rabbit”i bu mövsümün “Həyat gözəldir”i (Roberto Benigni-nin La vita e bella” filmi) adlandırıb.

Filmin əvvəlində hipster yanaşmasını auditoriyaya göstərən Waititi dərhal əsas mövzuya keçir. Əsas məsələ isə qumbara üzünü yaralayandan sonra və bir dovşanı yoldaşlarının qarşısında boğmaqdan imtina etdiyi üçün Hitler Jugend-dən (nasist Almaniyasında uşaq təşkilatı) qovulmuş Jojo və anası Rosie-nin gizli otaqda gizlətdiyi yəhudi qızı Elsa Korrun (Thomasin Harcourt McKenzie) dostluğudur.

Bir növ Anne Frank...

Rosie mütərəqqi baxışlı alman vətəndaşıdır. Bu, filmin ağ-qara psixologiyasının bir hissəsidir: burada hər kəs ya pisdir, ya da yaxşı.

Elsa bir növ Anne Frankı (Anna Frank kimi tanınan yəhudi əsilli alman Annelies Marie Frank II Dünya Müharibəsi illərindəki həyatını qələmə aldığı gündəliyi ilə yazıçı kimi ad qazanıb) xatırladır. Onun Jojo ilə münasibətinin öz çətinlikləri var: Jojo yalnız ona öyrədilənləri bilir. Ona yəhudilərin insan olmadığını, şeytan kimi buynuzlarının olduğunu öyrədiblər.

“Jojo Rabbit”də hadisələr II Dünya Müharibəsinin son aylarında cərəyan edir. Müharibə sona yaxınlaşdıqca Jojo yavaş-yavaş da olsa yaşadığı şeylərin yanlış olduğunu anlamağa başlayır. Tamaşaçılar da bunu hiss edir.

“Jojo Rabbit” Christine Leunens-in “Göylər qəfəsdə” (“Caging Skies”) romanı əsasında çəkilib. Romanın tonu komik deyil, tamamilə ciddidir. Ancaq film onun uşaq qəhrəmanının antisemitizmini bir növ hipsterizmə çevirir. Jojo-nun Elsa ilə dialoqunun mərkəzində onun yəhudilərin necə olduğunu öyrənmək istəyi durur. Bu isə iki uşaq aktyor arasındakı adi dialoqun daha güclü versiyasıdır.

Müəllif Jojo-nu oynayan Roman Griffin Davis-i “yüz emociyə dəyən üzü olan möhtəşəm gənc aktyor” adlandırır.

“Jojo Rabbit” bir növ “Anne Frankın nasist oğlanla tanış olub, dostlaşıb onun fikrini dəyişdirdiyi” bir filmdir.

XS
SM
MD
LG