Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:50

Liverpool meneceri Bakıya görə UEFA-nı niyə tənqid edir?


Jürgen Klopp
Jürgen Klopp

İngiltərə Premyer Liqasının dörd komandası Çempionlar Liqasının və Avropa Liqasının finallarına vəsiqə qazanandan sonra, finalçılardan biri olanLiverpool futbol klubunun meneceri Jürgen Klopp mayın 10-da verdiyi bəyanatda UEFA-nı “məsuliyyətsiz” adlandırıb. Menecer finalçı komanda azarkeşlərinin qarşılaşdığı böyük xərclərdən narazıdır.

AFP yazır ki, Tottenham və Liverpool Çempionlar Liqasının final matçında iyunun 1-də İspaniya paytaxtı Madriddə qarşılaşacaqlar. Amma Arsenal və Chelsea klublarının azarkeşlərini mayın 29-da Bakıda keçiriləcək Avropa Liqası finalına tamaşa edib geri dönmək üçün üst-üstə 9 min kilometrlik səfər gözləyir.

Kloppun komandası final matçını Londona daha yaxın Madriddə keçirməli olsa da, o daha çox Avropa Liqası finalının Bakıda keçirilməsindən narazıdır. Ola bilsin bu, həm də Liverpool-un ötənilki Çempionlar Liqası finalını Real Madridə başqa bir keçmiş sovet respublikasının paytaxtında - Kiyevdə uduzması ilə bağlıdır.

Liverpool meneceri deyib ki, matçların harda keçiriləcəyi barədə qərar çıxaran UEFA rəsmiləri azarkeşlər barədə qətiyyən düşünmürlər:

"Bakı…Mən heç bilmirəm ora necə getmək olar, ora birbaşa uçuşlar varmı? (AZAL şirkətinin müntəzəm və birbaşa London-Bakı reysləri var – red). Bu qərarları bir az ağılla qəbul etmək lazımdır. Amma bu məsuliyyətsizlik kimi görünür. Mən bilmirəm onlar işlərini necə görürlər?”

AFP yazır ki, Arsenal və Chelsea klublarının 68700 nəfərlik Olimpiya Stadionunda keçiriləcək Bakı qarşılaşmasına tamaşa etmək üçün İngiltərə azarkeşlərinə cəmi 6 min bilet ayrılıb.

Bakının Olimpiya stadionu
Bakının Olimpiya stadionu

Halbuki mart ayında UEFA Avropa Liqasının final matçına azarkeşlər üçün satışa 37 min 500 bilet çıxardığını bildirmişdi.

Arsenal klubunun bəyanatına görə, onun azarkeşləri üçün cəmi 6000 biletin ayrılması o deməkdir ki, bu mövsümdə klubla birlikdə Avropa Liqasına gedən yollarda səfər etmiş minlərlə azarkeş bu yarışın kulminasiyasına baxa bilməyəcək.

Matçın keçiriləcəyi həftə üçün London-Bakı reyslərinə bütün biletlər satılıb.

Arsenal Azarkeşlərinin Təşkilatı Avropa Liqasının final matçına həm yol, həm də bilet xərclərinin bahalığından narazıdır. Təşkilat yaranmış vəziyyəti azarkeşlərə münasibətdə ədalətsiz sayır.

Hazırda Londondan Bakıya gediş-dönüş biletinin qiyməti adambaşına 1300 dollardır.

Heç Madrid də ucuz deyil

AFP yazır ki, Madridin İngiltərəyə məsafəcə daha yaxın olmasına baxmayaraq Liverpool və Tottenham azarkeşləri də vəziyyətdən şikayətçidirlər.

Bu iki klubun azarkeşlər təşkilatlarının birgə bəyanatında təyyarə biletlərinin qiymətlərinə bahalıq limitinin qoyulmasına, biletlərin satışında daha çox şəffaflığa çağırış edilir.

Ümumən hesablananda ola bilsin ki, Madridə gedən azarkeşlərin xərcləri Bakıya gedənlərdən də çox olacaq.

Final ərəfəsində London-Madrid təyyarə biletlərinin qiymətləri 840 faiz artıb, otel nömrəsinin gecəsi 1300 dollara qalxıb.

Azarkeş təşkilatlarının iddiasına görə Madriddə bir çox otellər hətta əvvəlcədən verilmiş sifarişləri ləğv edərək, otaqları yenidən satışa çıxarıblar.

Matçın özünə bir biletin qiyməti 500 funt sterlinq civarındadır.

Bakıdan fərqli olaraq Madridin 68 minlik Wanda Metropolitano stadionunda keçiriləcək final matçına Liverpool və Tottenham Spur klublarının hər birinin azarkeşlərinə 16 min 600 bilet ayrılıb.

Çempionlar Liqasının əsas qazancı Avropa və dünya boyunca teletranslyasiya haqlarının satışından gəlir.

Mövsüm ərzində öz komandaları ilə 12 şəhərə səfər etmiş azarkeşlər bu qənaətdirlər ki, UEFA elə təkcə bu qazanc kanalının hesabına onlar üçün güzəştli şərtlər yarada bilərdi.

XS
SM
MD
LG