Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:25

Sayt rəhbərinin qardaşı: 'Məcbur ediblər ki, qardaşımın əleyhinə ifadə versin'


Ərşad İbrahimov
Ərşad İbrahimov

dunyaninsesi.az saytının rəhbəri, Gəncədə fəaliyyət göstərən Ərşad İbrahimov həbs olunub. AzadlıqRadiosuna bu bilgini onun qardaşı Turan İbrahimov verib. O bildirib ki, Ə.İbrahimovu Gəncədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bandotdel) əməkdaşları saxlayaraq Bakıya gətirib.

Ə.İbrahimova Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham verilib. O, Gəncənin Gigiyena və Epidemiologiya Mərkəzinin baş həkimindən pul tələb etməkdə suçlanır.

"Guya 2021-ci ildə qardaşım 200 manat rüşvət alıb..."

Qardaşı bu ittihamın əsassız olduğunu, Ə.İbrahimovun rəhbərlik etdiyi saytda polislərin fəaliyyəti ilə bağlı tənqidi yazılara görə cəzalandırıldığını deyir. Onun sözlərinə görə, zərərçəkmiş qismində tanınan baş həkimin özünü də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakıya aparıblar: "Orada onu məcbur ediblər ki, qardaşımın əleyhinə ifadə versin, ondan pul tələb etdiyini desin. Guya 2021-ci ildə qardaşım 200 manat rüşvət alıb, bununla kifayətlənməyib, yenə tələb edib".

T.İbrahimov bildirib ki, saytda polislər haqqında yazılara görə daha əvvəl də qardaşını Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıb hədələmiş, ondan həmin materialları saytdan silməyi tələb etmişdilər.

Ə.İbrahimov 2014-cü ildə də Kəlbəcər rayon təhsil şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovdan pul tələb etməkdə suçlanaraq həbs olunmuşdu. O, məqalələrində təhsil şöbəsi müdirini korrupsiyada ittiham edirdi. M.Bağırov vəzifəsindən azad olunandan sonra jurnalist haqqında Gəncə şəhər Baş Polis İdarəsinə şikayət etmiş, həmin şikayət əsasında da Ə.İbrahimov həbs olunmuşdu.

Daha sonra M.Bağırovun özü rüşvət almaqda suçlanaraq həbs edilmişdi.

Ə.İbrahimova isə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il həbs cəzası kəsilmiş, sonradan Ali Məhkəmə bu müddəti 5 ilə endirmişdi.

Hazırda Cinayət Məcəlləsinin 182.2.2 maddəsi ilə ona verilən ittihamın sanksiyasında 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.

"Kanal 11"in direktoru da saxlanıb

Dekabrın 11-də "Kanal 11" internet televiziyasının direktoru, reportyor Teymur Kərimovu da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. O da Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə ittiham olunur.

"Kanal 11" internet televiziyasının yaydığı bəyanatda bildirilir ki, T.Kərimov Qarabağ əlillərinə qarşı polis zorakılığı ilə bağlı reportajına görə xeyli vaxtdır hədələnirdi.

XS
SM
MD
LG